Əsas Səhifə > Azərbaycan / İntervü / Manşet / Üst manşet > AŞPA-nın siyasi məhbus qətnaməsi -
AŞPA-nın siyasi məhbus qətnaməsi -9-02-2020, 17:13. |
Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb. Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları qətnamənin əleyhinə səs veriblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli və AİHM qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevral ayında keçiriləcək parlament seçkilərinə “müdaxilədə”, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib. Öz növbəsində Evarsdottir bildirib ki, siyasi məhbus probleminin həll olunmaması ölkənin Avropa Şurasına üzvlüyünü risk altına alır. Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib. Qətnamədə Azərbaycanda "sistemli xarakter" daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Qətnamədə "siyasi məhbuslar problemini birdəfəlik həll etmək" təklif edilir”. Qətnamənin qəbulundan sonra Azərbaycanı nə gözləyir? AŞPA-nın sessiyasında iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov ASTNA-nın suallarını cavablayır. CivilAzerbaijan.com həmin müsahibəni təqdim edir. - Rəsul bəy, Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamənin müzakirəsi necə keçdi? Qətnamənin qəbul olunması üçün hansısa çətinliklər oldumu? - Müzakirələr ümumən normal keçdi. Qətnamənin qəbul olunması üçün zəruri olan səs sayına baxsaq gğrərik ki, səsvermə zamanı iştirak edənlərin üçdə ikisi qətnamənin leyhinə səs verdi. Ötən ilin dekabrında AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsində yekdilliklə qəbul edilmişdi. Yeri gəlmişkən, hətta Azərbaycan nümayəndə heyətinin həmin komitədə təmsilçisi Səməd Seyidov da bu qətnamənin leyhinə səs vermişdi. Yanvarın 30-da olan səsvermədə də böyük əksəriyyət qətnamənin vacibliyini qeyd etdi. Qətnamənin Azərbaycan əleyhinə deyil, əksinə, leyhinə olan bir sənəd olduğunu, oradakı problemlərin həll edilməli olduğunu bildirdilər. Məruzəçinin çıxışında da bu özünü göstərdi. Konkret cümlələr var idi ki, bizim heç birimiz Azərbaycanın AŞ-dan, AŞPA-dan uzaqlaşmasını istəmirik. Əksinə, əməkdaşlığın daha da güclənməsini istəyirik. Amma bu əməkdaşlıq boş bir əməkdaşlıq olmamalıdır, müəyyən nəticələr gətirən bir əməkdaşlıq olmalıdır. Bu qətnamə də hansı nəticələr gətirməlidir sualına çox aydın bir cavab verir. Bu kontekstdə qətnamənin qəbul edilməsi elə də bir ciddi maneə ilə üzləşmədi. Onsuz da gözlənti belə idi ki, qətnamə çox asanlıqla qəbul olunacaq. Xüsusən də 2013-cü ildə qəbul edilməyən qətnamədən sonra baş verən hadisələr kontekstində bu gözlənti yaranmışdı. Rusiya və Türkiyə nümayəndə heyətləri əsas etibarı ilə qətnamənin əleyhinə səs verdilər. Əleyhinə səsverənlərin sayı 20 nəfərdən yuxarı olsa da, onların səsi qətnamənin qəbuluna təsir edə bilmədi. AŞPA-da hamı bilir ki, həmin qətnaməni nə Rusiya, nə də Türkiyə nümayəndə heyətinin üzvləri oxumuşdular. Sadəcə olaraq ümumi siyasi münasibətlər bunu tələb etdiyi üçün qətnamənin əleyhinə səs vermişdilər. Bu qədər sadə. Türkiyə və Rusiya nümyəndə heyətlərindən əlavə iki Polşa və bir Italya nümayəndə heyətinin üzvü qətnamənin əleyhinə səs vermişdilər. Yeri gəlmişkən, iki və ya üç İtaliya nümayəndə heyətinin üzvü də bitərəf qalmışdı. 2013-cü ildən fərqli olaraq bu hal kütləvi xarakterli deyildi. Ona görə birbaşa ittiham söyləmək olmur ki, burada hansısa bir sistemli planlama olub. İlkin olaraq şübhələr yarana bilər. Amma bu 2013-cü ildən fərqli olaraq sistemli və davamlı olmadığına görə düşünmürəm ki, hansısa bir ciddi araşdırmaya gətirib çıxaracaq. Buna tələb olmasa həmin məsələni ciddi araşdırmaq mümkün deyil. Indi biz çalışırıq ki, İtaliyada və Polşada olan insan haqları təşkilatları vasitəsi ilə həmin nümayəndə heyətinin üzvləri ilə bir əlaqə yaradaq və ümumən maraqlanaq ki, qətnamənin əleyhinə səvermələrinin səbəbi nə olub. Ola bilər ki, hansısa məsələ onlara aydın olmayıb. Ola bilər ki, səsləndirilən arqumentlərin əsasını görə bilməyiblər. Bəlkə onlara hesabatlar göndərməliyik. əlavə məlumatlar verməliyik. Həmin səsvermə zamanı çıxış edən deputat Asim Mollazadə yalan olaraq dedi ki, həmin siyahıda Eurovision ərəfəsində terror törətmək istəyən şəxslərin adı var. Tamamilə yalan məlumatdır. Faktiki o qrupla bağlı olan şəxslərin heç biri siyasi məhbus siyahısında deyil. Bəlkə qətnamənin əleyhinə səs verənlər bu çıxışa inanıblar? Bu səbəblər ola bilər deyə biz çalışacağıq ki, bu məsələni həmin ölkələrdə olan partnyor təşkilatlarımızla aydınlaşdıraq. - Yeri gəlmişkən, yanvarin 30-da Bundestaq Meklenburq-Ön Pomeraniyadan Xristian Demokratik İttifaqının deputatı Karin Strenzi deputat toxunulmazlığından məhrum edib. Ötən il parlament onu 20 min avro cərimə etmişdi. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın maraqlarını lobbiləşdirmək üçün ən azı 22 min avro rüşvət almaqda ittiham olunur. Sizcə, bu məlumatların əsası varmı? Yoxsa Azərbaycanın hakimiyyət üzvlərinin dediyi kimi bütün bunlar Azərbaycanı qaralama kampaniyasının bir hissəsidir? - Bu qaralama kampaniyası iddiası o qədər əsassızdır ki, demək olar ki, bunu eşitməkdən hamı yorulub. Amma təəssüf ki, qarşı tərəf bunu hər dəfə təkrarlamaqdan yorulmur. AŞ-da çoxsaylı böyük və kiçik siyasi qruplar var. 47 ölkəni təmsil edən nümayəndə heyəti var. müxtəlif siyasi mövqeyi olan fərqli insanlar var. Ola bilməz ki, bütün bunların hamısı, bütün siyasi qruplar, bütün ölkələri təmsil edən deputatlar belə bir qarayaxma kampaniyası varsa, bunda iştirak etsin. Bu mümkün deyil. Sual olunur. Bu siyasi məhbusları həmin ölkələr həbs edib? Və yaxud həmin iddia edilən qarayaxma kampaniyasını təşkil edən şəxslər Azərbaycanda siyasi məhbus problemini yaradıblar? Məsələnin kökü hər bir halda gedib çıxır siyasi məhbus probleminin olmasına. Siyasi məhbusun olması artıq inkaredilməz faktdır. Çünki ortada Avropa Məhkəməsinin qərarları var. Hansı ki, sübut edir ki, Azərbaycanda siyasi motivlə məhkəmə qərarları çıxarılıb, istintaqda saxta və əsassız sübut və dəlillərlə gələn işlərə kor-koranə hüquqi qiymət verilib. Barəsində həbs qəti imkan tədbirləri çıxarılan şəxslər uzunmüddətə azadlıqdan məhrum edilib. Bunlar Avropa Məhkəməsi səviyyəsində öz təsdiqini tapmış faktdır və məsələnin də kökü burdadır. Qətnamədə də əsas fokus 16, 17, 19-cu paraqraflarda məhz bu barədədir ki, Avropa Məhkəməsinin qərarları olduğu üçün heç bir şübhə yeri yoxdur ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Ona görə bu qarayaxma iddiası insanları çaşdırmaq üçün bir arqumentdir. Almaniyada baş verənlər də qarayaxma kampaniyası ola bilməz. Almaniya hökumətinin, hüquq- mühafizə orqanlarının işi- gücü bitməyib ki, Azərbaycanla bağlı qarayaxma kampaniyası hazırlasınlar. Bu ağlasığmaz iddiadır. Həmin ittihamda adı şəkilən şəxslərin adları yeni deyil. AŞ-da iki il bundan əvvəl yaranmış müstəqil bir qurumun hesabatı açıqlananda həmin şəxslərin adlarına rast gəlinirdi. Həmin şəxslər birmənalı olaraq korrupsiyada ittiham edilirdilər. Fərq ondan ibarətdir ki, AŞ hüquq-mühafizə orqanı deyil. Onun işi hesabat yaymaqdır. Prosedur qaydalara uyğun olaraq adı korrupsiyada hallanan üzvləri özündən kənarlaşdırdı. Bundan sonra məsələ Avropa ölkələrinin hüquq-mühafizə orqanlarının fəaliyyətinə bağlıdır. Almaniya hüquq-mühafizə orqanları da bu məsələyə ciddi yanaşaraq araşdırmaya başladılar. Mən inanıram ki, bu araşdırma nəticəsində digər Avropa ölkələrində rüşvət alaraq öz siyasi nüfuzunu satan, qanunsuz əməllər edən digər deputatlar da məlum olacaq. Əslində hesabatda onların bir çoxunun adı keçir. Sadəcə olaraq hüquqi qiymət verilməsi prosesi olmalıdır. Ümid edirik ki, həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən zəruri olan hüquqi qiymət veriləcək. Rəsul Cəfərov - Ştrasserin qətnaməsi qəbul olmadıqdan sonra Azərbaycanda siyasi həbslər daha da artdı. Amma bu dəfə qətnamə qəbul olundu. Sizcə, bundan sonra nə baş verəcək? - 2013-cü ildə həmin qətnamə qəbul edilmədikdən sonra hökumət tərəfindən çox ciddi repressiv addımlar atıldı. 2014-cü ilin sonuna qdər bu addımlar davam etdi. Təəssüf ki, həmin o qətnamənin qəbul edilməməsi burdakı proseslərə çox mənfi təsir göstərdi. Indi nəsə söyləmək çətindir. Bizim gözləntimiz odur ki, bu qətnamədəki məsələlər mərhələli şəkildə olsa da öz həllini tapmağa başlayacaq. Orada da iki addım istənilir. Birinci siyasi məhbuslar azadlığa buraxılsın, ikincisi elə hüquq sistemi yaradılsın ki və yaxud siyasi iradə nümayiş etdirilsin ki, Azərbaycanda bir də siyasi məhbus olmasın. Bu da yeni bir şey deyil. Yerli və beynəlxalq təşkilatlar öz mövqelərində bu çağırışları uzun illərdir ki, edirlər. Biz ümid edirik ki, yanvarın 30-da qəbul edilmiş qətnamə bu çağırışlara əlavə bir töhfə, dəstək olacaq. Pozitiv hal baş verəcək. Mərhələli də olsa siyasi məhbus problem birdəfəlik həll olunacaq. - Qətnamənin tələbləri yerinə yetirilməzsə, Azərbaycanı nə gözləyir? Hansısa sanksiyalar nəzərdə tutulubmu? AŞPA-dan başqa daha hansı beynəlxalq təşkilatların Azərbaycanla bağlı sanksiyaları, tələbləri ola bilər? - Qətnamə qəbul edildiyi üçün siyasi məhbus üzrə məruzəçinin mandatı bir il uzadıldı. Bu bir il ərzində onun səlahiyyəti var ki, elə AŞPA-nın özü tərəfindən səlahiyyətləndirilib ki, siyasi məhbus məsələsi ilə bağlı məsələləri izləsin, araşdırsın və müvafiq addımların atılması üçün müraciətlər etsin. Birbaşa sanksiya nəzərdə tutulmayıb. Sırf qətnamə icra edilmir deyə belə bir sanksiya mexanizmi yoxdur. Amma qətnamədə olan məsələlərin icra edilməməsi başqa xətlərlə sanksiyalara gətirib çıxara bilər. Məsələn, Avropa Məhkəməsinin qərarlarının tam şəkildə icra edilməməsi AŞ Nazirlər Komitəsi tərəfindən sanksiyalara gətirib çıxara bilər. AŞ-da iki cür sanksiya mövcuddur. Nümayəndə heyətinin səsvermə hüququnun və digər hüquqlarının dondurulması və ölkənin ümumiyyətlə təşkilatdan çıxarılması. Sonuncunu heç kim arzu etmir. Heç Azərbaycan tərəfi də bunda maraqlı deyil. Ona görə çalışmaq lazımdır ki, bu məsələlər öz həllini tapsın və problemlər həll edilsin. Eyni zamanda AŞPA, Nazirlər Komitəsi və Baş katib birgə bir prosedur mexanizmi hazırlayıblar ki, orada üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsini nəzərdə tutan bir prosedurdur. Bu da qətnamənin tələbləri yerinə yerinə yetirilmədiyinə görə öhədliklərin icra edilməməsi kimi qiymətləndirilə bilər. Eyni zamanda AŞPA-nın özünün ayrı-ayrı üzvlərinin nümayəndə heyətinə etibarnamələrinin təsdiqindən imtina ilə bağlı müraciət etmək hüququ var. Və qətnamədəki məsələlər öz həllini tapmasa, AŞPA-nın özü, yəni Nazirlər Komitəsi olmadan bu addımı ata bilər. Yəni səsvermə hüququnun və digər hüquqların dondurulmasından söhbət gedir. Bunu Nazirlər Komitəsi də edə bilər, əgər Avropa Məhkəməsinin qərarlarındakı tələblər yerinə yetirməzsə. Biz ümid edirik ki, bu mexanizmlərin işə salınmasına ehtiyac qalmayacaq və bu məsələlər öz həllini tapacaq. AŞ-da təmsil olunan ölkələrdən 27-i həm də Avropa Birliyinin üzvüdür. Bu həm də o anlama gəlir ki, AB-də təmsil olunan ölkələr də ən azından Avropa Məhkəməsinin qərarlarının icrasına çağırış kontekstində eyni mövqedən çıxış edəcəklər və Azərbaycanda siyasi məhbusların olmasını qəbul edirlər. - Sizcə, Azərbaycan hakimiyyəti bundan sonra hansı addımlar atmalıdır? Azərbaycanın imizini yaxşılaşdırmaq üçün nə etməlidir? - Azərbaycan hakimiyyəti mütləq şəkildə imicini yaxşılaşdırmalıdır. Xüsusən də Avropa Şurasında. Siyasi məhbus məsələsində iki addım atılmalıdır. Birincisi, siyasi məhbus olması şübhə doğurmayan şəxslər dərhal azadlığa buraxılmalıdır. Ikinicisi, istintaq və məhkəmə strukturlarında kompleks tədbirlər həyata keçirilməlidir ki, əvvəllər yol verilən sistematik pozuntular aradan qalxsın. Sistematik şəkildə müxalif fikirli, müxalifətdə olan fərqli, alternativ fəaliyyətlə məşğul olan şəxslərə qarşı cinayət hüququ istifadə edilərək, saxta və siyasi motivlə məsuliyyətə cəlb edilməsinlər. Bunun üçün istintaqdan başlamaq lazımdır. Istintaq vahid bir qurumda birləşdirilməlidir. Ayrı-ayrı nazirlərin və qurumların adından istintaq səlahiyyətləri alınmalıdır. Həmin vahid istintaq qurumuna tamamilə yenidən ixtisaslaşma imtahanı kimi prosedurlardan keçən şəxslər buraxılmalıdır. Həmin imtahanlara ictimai şəkildə ciddi nəzarət olmalıdır. Adları Avropa Məhkəməsinin qərarları ilə siyasi motivli olduğu sübut edilmiş işlərdə keçmiş müstəntiq və hakimlər öz fəaliyyətlərindən uzaqlaşdırılmalıdır. Istintaqda işgəncə və qeyri-insani rəftarla bağlı çoxsaylı şikayətlər gəlir. Həmin şikayətlər obyektiv və hərtərəfli araşdırılmalıdır və müvafiq hüquqi qiymət verilməlidir. Paralel olaraq məhkəmə hüquq sistemində kosmetik, üzdən yox, fundamental dəyişikliklər aparılmalıdır və hakimlərə tam müstəqillik verilməlidir ki, onlar işlərə baxarkən sərbəst olsunlar və əsassız ittihamlarla heç kimi azadlıqdan məhrum etməsinlər. Geri qayıt |