Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Aksiya təşkilatçıları saxlanılıb

Aksiya təşkilatçıları saxlanılıb


16-02-2020, 13:51.
title}
Aksiya təşkilatçıları saxlanılıb


“D18” Hərəkatının sədri Ruslan İzzətli fevralın 16-da saat 12.20-da saxlanılıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Meydan TV-yə “D18” Hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayeva məlumat verib. Samira Ağayeva deyib ki, Ruslan İzzətlinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsində olduğu deyilsə də, bölmədən bunu təkzib ediblər.

Samira Ağayeva Ruslan İzzətlinin hərəkatın ofisinə çatanda mülki geyimli şəxslər tərəfindən saxlanıldığını bildirib.

Eyni zamanda, "Hərəkət" Seçki Blokundan namizədlər Ülvi Həsənli və Mehman Hüseynovun da saxlanıldığı qeyd olunub.

Müsavat Partiyasının üzvləri Əlikram Xuşudov, Bakıxan Qəribli və Bayraməli Abdullayevin də Nərimanov Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Məlumatı Müsavat Partiyası yayıb.

“Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəylinin yaydığı məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılının evi polis əməkdaşları tərəfindən “mühasirə”yə alınıb.

ReAL Partiyasının sədri İlqar Məmmədovun da saxlanıldığı bildirilir. Məlumatı ictimai fəal Mehriban Rəhimli yayıb. Onun sözlərinə görə, İlqar Məmmədov “90AP973” nömrə nişanlı avtomobillə aparılıb.

Saxlanılanlardan Ruslan İzzətli və Müsavat Partiyasının üzvləri deputatlığa namizəddirlər.

Fevralın 11-də Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiyalar 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 15:00-dan 17:00-dək metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətində olduqlarını bildirmişdilər. Ancaq BŞİH müraciət edən partiyalara və namizədlərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərmişdi.

Partiyalar 2 günlük müzakirələrdən sonra aksiyanı MSK-nın qarşısında keçirmək haqda qərar qəbul ediblər.

Bu barədə ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 14-də açıqlama yayıb. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq hüquqlarını son bir neçə gündə kobudcasına pozub:

“Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-sı saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçirəcəyik”.
Geri qayıt