Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Jurnalistlər Elmar Hüseynovun qətlinin yenidən istintaqını tələb ediblər -
Jurnalistlər Elmar Hüseynovun qətlinin yenidən istintaqını tələb ediblər -2-03-2020, 23:05. |
Martın 2-də jurnalistlər, ictimai və siyasi xadimlər “Monitor” jurnalının redaktoru, 15 il əvvəl evinin girəcəyində qətlə yetirilmiş Elmar Hüseynovu anım aksiyası keçiriblər. Tədbirə toplaşanlar Elmarın məzarına qırmızı qərənfillər qoyaraq bu qətllə ölkənin müstəqil jurnalistikasına zərbə vurulduğunu qeyd ediblər. CivilAzerbaijan.com Turan-a istinadla xəbər verir ki, Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib ki, Elmarın qətli təkcə jurnalistikaya yox, bütün cəmiyyətə qarşı məqsədyönlü zərbə oldu. Ancaq cəmiyyəti qorxutmağa çalışanların niyyəti baş tutmadı - mübarizə davam edir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, hakimiyyət bu cinayətin üstünü aça bilmir, həm də açmaq istəmir, çünki onda birbaşa iştirakı var. AXCP sədrinin müavini, jurnalist Seymur Həzi əmin olduğunu bildirib ki, Elmarın qətlinin sifarişçiləri cəmiyyəti qorxutmaq və susdurmaq məqsədinə çatmadılar. Bunun əksi baş verdi: Elmar Hüseynovu heç zaman görməyən gənclər belə bu gün onun işini davam etdirirlər. Elmarın vaxtilə qaldırdığı mövzular və problemləri bu gün Elmarın materiallarından öyrənən yeni nəsil davam etdirir, - S.Həzi deyib. Bloqer Mehman Hüseynov Elmarın yaradıcılığına marağın artacağına inandığını bildirib. O, hakimiyyəti özgəfikirliləri təqib etmək siyasətindən əl çəkməyə və ölkədə real islahatlara başlamağa çağırıb. “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu hakimiyyətin E.Hüseynovun qətlinin araşdırılmasına formal yanaşmasını tənqid edib. Onun sözlərinə görə, hakimiyyət ictimaiyyətin və Elmarın həmkarlarının istintaqa kömək etmək üçün verdiyi bütün təkliflərə məhəl qoymayıb. Bununla da cinayətin üstünü açmaq istəyinin olmaması nümayiş etdirilib. O bildirib ki, bu gün istintaqın yenidən başlanmasına heç nə mane olmur. Turan agentliyinin direktoru Mehman Əliyev hakimiyyəti Elmar Hüseynovun qətli ilə bağlı yeni istintaq aparmağa çağırıb və qeyd edib ki, ictimaiyyət istintaqın rəsmi nəticələrini tanımır. “İctimaiyyət rəsmi versiyanı tanımır və qəbul etmir. Biz yeni, hərtərəfli araşdırma aparılmasını, sifarişçilərin və icraçıların adlarının açıqlanmasını tələb edirik”, - o deyib. *Elmar Hüseynov yaşadığı evin pilləkənlərində yeddi tapança ilə öldürülüb. İstintaqa cəlb olunmuş türkiyəli müstəntiqlər qətlin üstünün açıldığını bildiriblər. Lakin onlar ölkədən çıxarılıblar. Hakimiyyət bildirib ki, qətli Gürcüstandan olan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev törədiblər. Azərbaycan hakimiyyəti bildirir ki, həmin şəxslər İnterpol tərəfindən axtarışa verilib, lakin Gürcüstan hakimiyyəti bunu təkzib edib. Əslində iş dayandırılıb və heç kim həmin şəxsləri axtarmayıb. O vaxtlar cinayətkar qrupa rəhbərlik etmiş DİN polkovniki Hacı Məmmədovun qətldə əli olmasına dair versiya var. O, çoxsaylı qətl və adam oğurluğuna görə həbs olunub və həbsxanada vəfat edib. Geri qayıt |