Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Cəmil Həsənli: İlham Əliyev bizi həbs və təqiblə qorxutmasın

Cəmil Həsənli: İlham Əliyev bizi həbs və təqiblə qorxutmasın


20-03-2020, 15:50.
title}
Cəmil Həsənli: İlham Əliyev bizi həbs və təqiblə qorxutmasın


“Tarixən Novruz barış bayramı kimi milli yaddaşda oturuşsa da ölkə başçısı bölücülük, təhdid, ayrıseçkilik dolu nifrət püskürüb,” deyə Milli Şura sədri Cəmil Həsənli Prezident İlham Əliyevin bayram müraciətində müxalifəti hədələməsinə reaksiya verib. “Qlobal virus təhlükəsi qarşısında aciz qalan bir rejim Azərbaycan xalqını deyil, cəmiyyəti qorxu altında saxlamaqla öz ailə hakimiyyətini xilas etməyin kontrlarını ortaya qoyub.”

CivilAzerbaijan.com
AmerikanınSəsi-nə istinadla bildirir ki, Prezident İlham Əliyev xalqa Novruz müraciətində müxalifətin ünvanına ittihamlar səsləndirərək adlarını çəkmədiyi insanları koronavirus pandemiyasından sui-istifadə etməkdə günahlandıraraq onları “satqın”, “beşinci kolon” və “düşmən” adlandırıb.

“Yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq,” Əliyev bəyan edib. “Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir.”

İlham Əliyevin dediklərini sovet diktatoru İosif Stalinin 1937-ci ildəki ritorikası ilə müqayisə edən Cəmil Həsənli prezidentin koronavirus pandemiyasına müxalifəti əzmək üçün fürsət kimi baxdığını bəyan edib.

Milli Şura sədri habelə pandemiyaya qarşı mübarizədə vacib olan sahələrdə mövcud çatışmazlıqlara görə prezidenti günahlandırıb.

“İlham Əliyevin 17 illik idarəçiliyi dövründə $200 milyard dollardan çox neft pulları gəlib ölkəyə və bu gün global virus təhlükəsinin qarşısında ölkə vətəndaşları tibbi sığortasız qalıb,” deyə Həsənli ölkəyə axan neft pullarının mənimsənilməsinə, sosial rifaha yönəldilmədiyinə diqqət çəkib.

“Koronavirusla yanaşı Azərbaycanda ikinci qlobal təhlükə korrupsiyadır və onun da başında İlham Əliyev və onun ailə üzvləri dayanır. Ölkənin ağır sarsıntılar içərisinə girməsi onun korrupsiya şəbəkəsini, ailə 'biznesini', ailə üzvlərinə məxsus ofşor heasablarını təhlükə altına qoyur,” o əlavə edib.

Əksər demokratiyalarda təbii fəlakət zamanı siyasi qüvvələrin həmrəylik nümayiş etdirdiyinə diqqət çəkən Milli Şura sədri İlham Əliyevi bu çıxışla “öz xalqına qarşı müharibə elan etməkdə” ittiham edib.

Novruz bayramı münasibətilə xalqa ünvanladığı təbirk mesajında koronavirusa qarşı mübarizəyə toxunan İlham Əliyev deyib: “Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.”

“Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür,” o, əlavə edib. "Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.”

Ölkədə siyasi islahatlar aparıldığını qeyd edən İlham Əliyev 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrini alqışlayıb.

“Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçirlən növbədənkənar parlament seçkilərini birgə müşahidə missiyasının bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

Aparıcı Qərb demokratiyaları, o cümlədən Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq Azərbaycandakı parlament seçkilərinin demokratik standartlara cavab vermədiyini bəyan edib.
Geri qayıt