Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Vəkil: İkinci gündür Tofiq Yaqublu ilə görüşə buraxmırlar

Vəkil: İkinci gündür Tofiq Yaqublu ilə görüşə buraxmırlar


23-03-2020, 12:59.
title}
Vəkil: İkinci gündür Tofiq Yaqublu ilə görüşə buraxmırlar


«Martın 22-si axşam da gəldim buraxmadılar, indi də bir saatdan çoxdur ki, Nizami Rayon Polis İdarəsinin önündəyəm, hələ də məni Tofiq Yaqublu ilə görüşə buraxmırlar».

CivilAzerbaijan.com
AzadlıqRadiosu-na istinadla bildirir ki, bunu bu gün, martın 23-də T.Yaqublunun vəkili Elçin Sadıqov bildirib: «Deyirlər ki, istintaq idarəsinin rəisi və müstəntiq yerində yoxdur...».

Onun sözlərinə görə, T.Yaqublu Nizami Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tutulur.

«Bu, müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Hələ ki, idarənin qarşısında gözləyirəm», - deyə vəkil əlavə edib.

Tofiq Yaqublunun müdafiə komitəsi yaradılıb

Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının müdafiə komitəsi yaradıb.

Bu barədə bu gün-martın 23-də Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb. «Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamın tam uydurma olduğunu bildirərək onun dərhal azadlığa buraxılmasını tələb edirik», - partiyadan vurğulayıblar.

Verilən məlumata görə, Komitəyə başqan müavini Fərəc Kərimli rəhbərlik edəcək. Komitəyə partiyanın rəhbər şəxsləri, o cümlədən hüquqşünas vəkillər daxil olub.

DİN: 'Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən...'

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun saxlanmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov vurğulayıb ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində T.Yaqublunun idarə etdiyi «Toyota Corolla» markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillə toqquşub.

«Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər», - E.Zahidov iddia edib.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Verilən məlumata görə, «VAZ-2107» markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər. Həmin maddə üzrə şəxs 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Geri qayıt