Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > 200 məhkum azadlığa buraxılıb

200 məhkum azadlığa buraxılıb


26-03-2020, 19:50.
title}
200 məhkum azadlığa buraxılıb


200 məhkum azadlığa buraxılıb.

CivilAzerbaijan.com
AzadlıqRadiosuna istinadla bildirir ki, bunu Ədliyyə Nazirliyindən bildiriblər.

Qurumdan yayılan yazılı açıqlamada vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi zəruri qabaqlayıcı tədbirləri, o cümlədən dezinfeksiya işlərini davam etdirir. Nazirlikdən habelə qeyd ediblər ki, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşlər, sovqatların ötürülməsi məhdudlaşdırılıb: «Bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib».

Açıqlamada habelə yazılıb ki, nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, videokonfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib: «Özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.... Növbətçi hakimlər tərəfindən həmin işlərə təxirə salınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb».

Prezident Administrasiyasına iki məktub

Bu məlumatı «Turan» agentliyinə hüquq müdafiəçisi Novella Cəfəroğlu da təsdiqləyib. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrup iki məktubla Prezident Administrasiyasına müraciət edib: «Bir məktubda biz cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılması ilə bağlı müraciət etmişik və bu proses artıq başlanıb. Bu, hələlik, cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək».

N.Cəfəroğlu həmçinin bildirib ki, digər məktub siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır.

Amma siyasi məhbus sayılan şəxslərlə bağlı müraciətə rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı yerli hüquq müdafiəçilərinin vahid siyahısı yoxdur. Bəzi hüquq müdafiəçiləri ölkədə 100-dən çox, bəziləri isə bundan az siyasi məhbusun olduğunu deyirlər.

Azərbaycan rəsmiləri isə, ümumiyyətlə, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların deməsinə görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Son həftələr dünyada yeni koronavirusun yayılması ilə bağlı bir sıra ölkələr cəmiyyət üçün daha az təhlükəli məhbusların azadlığa buraxılmasına başlayıblar.
Geri qayıt