Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Milli Şura: Azərbaycan hökuməti pandemiyadan istifadə edərək repressiv rejimi gücləndirir

Milli Şura: Azərbaycan hökuməti pandemiyadan istifadə edərək repressiv rejimi gücləndirir


5-04-2020, 15:03.
title}
Milli Şura: Azərbaycan hökuməti pandemiyadan istifadə edərək repressiv rejimi gücləndirir


Dünyadakı hökumətlərin və cəmiyyətlərin diqqəti koronavirus pandemiyasına qarşı mübarizəyə yönəlsə də Azərbaycanda siyasi müxalifətə və hökumətin digər tənqidçilərinə qarşı repressiyalar davam edir. Bu mənada Azərbaycan siyasi əleyhdarlarını cəzalandırmaq üçün pandemiyadan istifadə edən 2-3 çirkin rejimin sırasındadır.

CivilAzerbaijan.com
AmerikanınSəsi-nə istinadla bildirir ki, bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Sənəddə xatırladılır ki, martın 19-da Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində müxalifəti “düşmənlər” elan edib və bildirib ki, koronavirusla mübarizə üçün fövqəladə vəziyyət tətbiq etməklə hakimiyyətin əleyhdarlarını cəmiyyətdən təcrid edə bilər.

Hüquq-mühafizə orqanları dərhal hərəkətə keçmək üçün Əliyevin bəyanatını əldə rəhbər tutub.

Dövlət başçısının çıxışından üç gün sonra, martın 22-də Azərbaycan müxalifətinin görkəmli xadimi, DQMŞ Koordinasiya Mərkəzinin üzvü, keçmiş vicdan məhbusu Tofiq Yaqublu uydurma xuliqanlıq ittihamı ilə həbs edilib. Onu 7 ilədək həbs təhlükəsi gözləyir.

Martın 30-da hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd uydurma oğurluq ittihamı ilə həbs olunub.

Həbs edilməzdən bir müddət əvvəl Elçin Məmməd Azərbaycanda insan haqlarının pis vəziyyəti barədə hesabat hazırlayaraq yaymışdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Məlikov və Müsəlman Birliyi Hərəkatının üzvü Anar Babayev saxta ittihamlarla müvafiq olaraq 10 və 30 sutka inzibati həbsə məruz qalıblar.

Demokratik ictimaiyyət onları “koronavirus məhbusları” adlandırıb.

Anar Məlikov karantin zonalarında pis vəziyyət haqda yazdıqdan sonra həbs olunub, Anar Babayev isə infeksiyadan qorunmaq üçün əhaliyə pulsuz maskalar paylayıb.

Digər bir vətəndaş İntiqam Bayramov ölkə rəhbərliyini tənqid etdiyinə görə 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

AXCP fəalı, üç uşaq atası, satış məqsədilə plastik və karton əşyaları toplayan Aqil Hümbətov rejimi tənqid etdiyinə görə psixiatrik xəstəxanaya yerləşdirilib.

Üç gündən sonra sərbəst buraxılıb. Lakin o, yenidən hakimiyyəti tənqid edib və psixiatrik xəstəxanasında pasiyentlərin saxlanma şəraitinin dəhşətli olmasından danışıb. Bundan sonra o, yenidən psixiatrik xəstəxanaya yerləşdirilib.

Hökümətin tənqidi səsləri həbslərlə susdurmaq cəhdləri Əliyevin çıxışından əvvəl də mart ayı boyunca davam edib.

Martın birinci yarısında Müsəlman Birliyi Hərəkatının üzvü, şair Elvin Muradov bu təşkilatın mühakimə olunmuş liderlərini və fəallarını vəsf etdiyinə görə qanunsuz silah alveri ittihamı ilə həbs edilib.

Şirvan şəhərində Qarabağ müharibəsi veteranı Araz Quliyev ölkə rəhbərliyini tənqid etdikdən və hakim Yeni Azərbaycan Partiyasının üzvlük biletini cırdıqdan sonra inzibati qaydada 30 sutka həbs edilib.

AXCP fəalları Təzəxan Mirələmli və Əlizamin Salayevə qarşı uydurma ittihamlarla cinayət işləri açılıb.

“Yuxarıda deyilənlər göstərir ki, Azərbaycan hökuməti qlobal pandemiya ilə əlaqədar vəziyyətdən yararlanaraq ölkədə avtoritar və repressiv rejimi gücləndirmək, müxalifəti və tənqidçiləri tamamilə susdurmaq istəyir. Göründüyü kimi, hökumət əmindir ki, demokratik dünya birliyi hazırkı qlobal böhran dövründə Azərbaycandakı bu mürtəce prosesə diqqət ayıra bilməyəcək və karantin rejim şəratində ictimai narazılıq açıq etirazlara çevrilməyəcək,” bəyanatda deyilir.

DQMŞ “hakimiyyətin bu cür qeyri-insani və antixalq davranışını” qəti şəkildə pisləyir və dərhal bu siyasətdən əl çəkməsini, həbs olunanların azad edilməsini və ümumiyyətlə, rejim tənqidçilərinə qarşı təqib və təhdidlərə son qoyulmasını tələb edir.

DQMŞ İlham Əliyev hökumətini məsuliyyət hissini itirməməyə və xalqın ona qarşı nifrət və qəzəbinin artmasının nəticələrini anlamağa çağırır.

Öz növbəsində, hökumət rəsmiləri tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəhbərləri ölkədə insanların baxışlarına, fikirlərinə görə təqib edilmədiyni, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.

Bununla yanaşı, hüquq müdafiəçiləri Azərbaycanda yüzdən çox insanı siyasi məhbus kimi tanıyır. Amnesty İnterantional (Beynəlxalq Əfv) təşkilatı ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Geri qayıt