Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İlham Əliyev kimlə, hansı dialoqa girib?

İlham Əliyev kimlə, hansı dialoqa girib?


18-04-2020, 20:23.
title}
İlham Əliyev kimlə, hansı dialoqa girib?


Müxalifətdən prezidentin dialoq haqda dediklərinə reaksiya

Prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə iqtidar və müxalifət dialoqu barədə fikirlər səsləndirib.

"Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi”, - dövlət başçısı bildirib.

CivilAzerbaijan.com bildirir ki, o, dialoq təklifinə imtina cavabı verənlərin "xarici amil”ə güvəndiklərini əlavə edib.

İ.Əliyev çıxışında ənənəvi olaraq yenə AXC-Müsavat hakimiyyəti dövrünə qayıdaraq onları səriştəsizlikdə, mədəniyyətsizlikdə suçlayıb.

Bundan başqa, 2005-ci il parlament seçkiləri zamanı narıncı inqilabdan, 2011-ci ildə "ərəb baharı”ndan ruhlandıqlarını, bu gün koronavirusdan ölümlərin artmasına sevindiklərini iddia edib.

Toplum TV bəzi müxalifət nümayəndələrinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Seymur Həzi: "Kimlə, hansı dialoq olub ki?”

İlham Əliyev kimlə, hansı dialoqa girib?


Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Seymur Həzi deyir ki, dialoq haqqında danışan prezidentin "müsbət mənzərə” deyərkən nəyi nəzərdə tutduğu önəmlidir: "İlham Əliyev düz deyir ki, bu günə qədər müxalifət liderinin internetini, telefonunu kəsməmişdilər, köməkçilərini həbs etməmişdilər. Bu günə qədər belə bir mənzərə Azərbaycanda yox idi. Koronavirusa görə bütün dünyada insanları həbsdən azad etdikləri halda, Azərbaycanda siyasi fəalları həbsə salırlar”.

Seymur Həzinin sözlərinə görə, ölkədə siyasi dialoq yoxdur: "İlham Əliyev kimlə, hansı dialoqa girib hələ o da Azərbaycan cəmiyyətinə bəlli deyil. Kimlə, hansı dialoq olub ki?”

AXCP sədrinin müavini hesab edir ki, siyasi partiyanın funksioneri ilə Prezident Administrasiyasının vəzifəli şəxsinin tanış olub söhbət etməsi siyasi dialoq deyil. Onun fikrincə, bu, sadəcə cəmiyyətin başını qatmaqdır. Seymur Həzinin qənaətincə, siyasi dialoqun siyasi nəticələri olmalıdır, "belə bir danışıqlar isə hələ ki, görülmür”.

AXCP sədrinin müavini hər zaman taleyüklü məsələlərlə bağlı dialoq təklifinə hazır olduqlarını vurğulayır: "Xalqın problemlərinin ehtiva edən mövzular üzrə nəinki Azərbaycan höküməti ilə, hətta belə problemləri həll etmək iqtidarında olan siyasi qüvvələrlə də dialoqa hazırıq. Biz təklif etmişik ki, Azərbaycanın əsas problemlərini müzakirə etməliyik. Siyasi azadlıqları, siyasi məhbusları, sərbəst toplaşmaq azadlığını, seçki islahatlarını, Qarabağ probleminin həllinə dair milli və vətəndaş birliyini, beynəlxalq aləmlə necə işləməklə bağlı məsələləri müzakirə etməliyik”.

İsa Qəmbər: "İlham Əliyev hər zaman məntiqsiz və aqressiv danışır”

İlham Əliyev kimlə, hansı dialoqa girib?


Milli Strateji Düşüncə Mərkəzinin (MSDM ) rəhbəri İsa Qəmbər İlham Əliyevin hər zaman "belə məntiqsiz və aqressiv” danışdığını iddia edir.

Onun sözlərinə görə, indi sadəcə "bu məntiqsizlik və aqresivliyin artması” müşahidə edilir.

"Bu da, yəqin, hakimiyyətin özünü çox ağır vəziyyətdə hiss etməsindən irəli gəlir”, - İsa Qəmbər əlavə edir.

MSDM rəhbəri 2020-ci ildə hadisələrin gərginliklə inkişaf etməsinin də buna təsir etdiyini bildirir: "Doğrudur, hakimiyyət parlament seçkilərinin istədiyi kimi saxtalaşdırsa da, ölkə və beynəlxalq ictimaiyyətdə bunun doğurduğu əks effekt də gözdən qaçmamalıdır. Sadəcə koronavirus bəlasının dünyanı sarması və Azərbaycana da ciddi təsir etməsi nəticəsində parlament seçkisindən sonrakı əhval-ruhiyyə arxa plana keçdi. Amma bu o demək deyil ki, həmin hadisələr artıq bitmiş bir prosesdir”.

İsa Qəmbərin fikrincə, koronavirus problemi, neftin qiymətinin çox sürətli şəkildə aşağı enməsi hakimiyyəti çox ağır vəziyyətə salıb.

"Bunun yaratdığı gərginlik vəziyyətində də İlham Əliyev dövlət başçısına yaraşmayan tərzdə çıxışlarını davam etdirir. Bu yolverilməzdir və buna son qoyulmalıdır. Dövlət başçısı öz məsuliyyətini dərk etməlidir”, - MSDM rəhbəri deyir.

Natiq Cəfərli: "İqtidar özü də belə zərurətin yaranmasını anlayır”

İlham Əliyev kimlə, hansı dialoqa girib?


ReAL partiyasının katibi Natiq Cəfərli isə istənilən ölkədə iqtidarla müxalifət arasında dialoqu müsbət hal adlandırır: "İqtidar və müxalifət düşmən deyil. Bir çox ölkələrin, qonşu ölkələrin də təcrübəsində görürük ki, iqtidarla müxalifət ümummilli və ciddi məsələlərin müzakirəsində ortaq məxrəcə gəlməyi bacarırlar. Azərbaycanda da belə bir ənənənin yaranmasına ehtiyac var. Düşmənçilikdən daha çox rəqiblik, dialoq ortamına ehtiyac var. Bu, imitasiya deyilsə və səmimi şəkildə müxalifətlə dialoqun qurulmasına, ölkədə yeni bir situasiyanın yaranmasına səbəb olacaqsa, təbii ki, bu pozitiv qarşılanmalıdır”.

Ancaq N. Cəfərli bunun sözdə yox, əməldə olmasının vacibliyinə diqqət çəkir.

Onun fikrincə, müxalifətlə iqtidar arasında dialoq predmetli olmalıdır: "Görüş xatirinə görüş yox, Azərbaycanın qarşısında duran ciddi problemləri həll etmək üçün birgə iş planının qurulmasına, birgə detallı müzakirə və addımlara ehtiyac var. Hətta birgə yeni Konstitusiyanın yazılması, sistem dəyişikliyinə səbəb ola biləcək qərarların müzakirəsi də mümkündür”.

ReAL təmsilçisinin qəanətincə, iqtidar özü də belə bir zərurətin yarandığını anlayır, məsuliyyət və səlahiyyətlərin bölgüsü, oyun qaydalarının dəyişməsi ilə bağlı addımların atılmasının fərqində olduğunu düşünür.

Natiq Cəfərlinin fikrincə, ölkə iqtisadiyyatında bunun üçün ciddi çağırışlar var, eyni zamnda dünyada gedən proseslər də yaxın gələcəkdə Azərbaycanın iqtisadi və sosial həyatında ciddi maneə və problemlərin olması ehtimalını yüksəldir: "Bu problemlərdən birgə çıxış yollarının axtarılması üçün dialoqun və ümumi formulların tapılması artıq bir zərurətdir. Bu mərhələdə iqtidardan çox şey asılıdır. ReAL ölkədə düşmənçilikdən daha çox rəqabət mühitinin yaradılmasına çalışan siyasi təşkilatdır. Dövlət qarşısında duran problemlərin həlli yolunda qarşılıqlı addımların atılması labüddürsə, o addımlar atılmalıdır. Həm ölkə, həm də xalq üçün yaranmış problemləri tez və effektiv şəkildə həll edə bilmək üçün yeni bir situasiyanın yaranması vacibdir”.

Bu ilin martında Prezident Administreasiyasının şöbə müdiri Ədalət Vəliyev bir neçə müxalifət partiyasının liderini ayrı-ayrılıqda qəbul edib, qısamüddətli görüşlər keçirib.

Hakmiyyət bunu siyasi dialoq adlandırıb. Bəzi müxalifət liderləri isə "real dialoq” tərəfdarı olduqlarını bəyan edərək görüşə qatılmaqdan imtina ediblər.

Bundan az sonra Ə. Vəliyev Novruz bayramında görüşdə iştirak edən partiya sədrlərinə prezidentin təbriklərini çatdırıb.

REAL sədri İlqar Məmmədovun PA-da şöbə müdiri ilə tanışlıq xarakterli görüşündən bəhs edən N.Cəfərli bunun "predmetli, detallı və funksional mərhələsinin” gələcəkdə ola biləcəyini düşünür.
Geri qayıt