Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İlqar Məmmədovla eyni iş üzrə ittiham olunan Tofiq Yaqublu bəraət ala bilərmi?

İlqar Məmmədovla eyni iş üzrə ittiham olunan Tofiq Yaqublu bəraət ala bilərmi?


27-04-2020, 15:15.
title}
İlqar Məmmədovla eyni iş üzrə ittiham olunan Tofiq Yaqublu bəraət ala bilərmi?


Azərbaycan Ali Məhkəməsinin Plenumunun aprelin 23-də ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verməsi bir sıra müzakirələr yaratdı. Xüsusilə eyni maddələrlə 2013-c ildə həbs olunan Tofiq Yaqublu haqqında niyə belə qərar qəbul edilmir?

Məsələ ondadır ki, Tofiq Yaqublu da İlqar Məmmədov kimi İsmayıllı rayonunda baş verən hadisələrə görə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaş) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunuraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Hər iki şəxs haqqında Avropa İnsan Hüquqları Məhkəməsi qərar çıxarıb.

CivilAzerbaijan.com bildirir ki, Meydan TV-nin bu barədə suallarına aydınlıq gətirən Tofiq Yaqublunun vəkili Nemət Kərimov təəssüflənir ki, bu məsələdə bəzi adamlar subyektiv yanaşma sərgiləyir:

“Onlar məni keyfiyyətsiz iş hazırlamaqda suçlayırlar. Avropa İnsan Hüquqları Konvensiyasına görə Avropa Məhkəməsinin qərarları şəksiz yerinə yetirməlidir və buna Nazirlər Kabineti nəzarət edir. Yəni qərarın qəbulundan 3 ay sonra Ali Məhkəmə Plenumu buna baxmalıdır. Təəssüf ki, haqqında qərar çıxan bir çox şəxslər kompensasiyanı alsalar da, qərarın gerçəkləşməsi tərəfinə xüsusi önəm vermədilər ki, işə baxılsın və yenidən qərar qəbul edilsin”.

Vəkil deyir ki, Azərbaycan məhkəmə tarixində yalnız jurnalist Eynulla Fətullayev və sonuncu 23 apreldə İlqar Məmmədov, Rəsul Cəfərov haqqında qərarlar istisna olmaqla plenumun başqa şəxslər barədə belə qərarları olmayıb. Hətta Plenum 2003-cü il oktyabr hadisələrində həbs olunan liderlərin işinə 2014-cü ildə baxıb göndərdi apelyasiyaya və iş orda qaldı.

“Amma Nazirlər Kabineti tələbində qalır. Çünki onlar kompensasiyadan çox qərarın tam icra olunmasını tələb edilər. Ali Məhkəmənin Plenumunda 2 ReAL Partiyasının üzvü və 6 NİDA-çının işi vardı, bunlar birləşdirilmişdi və hamısında 18-ci maddəsi tanınıb”, - vəkil deyib.

O xatırladıb ki, 17 yanvar 2001-ci ildə Avropa Şurasi Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməklə, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasının təsiri altına düşüb.

Vəkil qeyd edib ki, bunu qəbul edən ölkələr “İnsan Hüquqları və Əsas azadlıqları Haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları qorumalıdır və hər kəs də bu hüquqlarının pozulmasına görə Avropa Məhkəməsinə müraciət edə bilər.

“Məhkəmə bu pozuntunun tanınması ilə bağlı qərar qəbul edə bilər. Həmin Konvensiyanın 46-cı maddəsinə əsasən “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir”.

O bildirib ki, bu maddənin icrası ilə əlaqədar 11 iyin 2004-cü ildə AR Cinayət Prosessual Məcəlləsinə “Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat” adlı LIII fəsil, Mülki Prosessual Məcəlləsinə isə həmin adla XLIV-1 fəsil əlavə edildi, həmin əlavələrə görə Avropa Məhkəməsinin qərarı Ali Məhkəmyə daxil olduqdan sonra 3 aydan gec olmamaq şərtilə Ali Məhkəmənin Plenumunda yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxılır. Plenum işə xitam verə bilər və ya baxılmaq üçün kassasiya və ya apelyasiya instansiyasına göndərə bilər. Əgər bəraətverici əsaslarla işə xitam verilərsə AR Konstitusiyasının 68-ci, Cinayət Prosessual Məcəlləsinin 36, 55, 56-ci maddələrinə görə bəraət almış şəxslərin vurulmuş ziyanı-kompensasiya tələb etmək hüququ əmələ gəlir.

“Azərbaycanda bir qayda olaraq hər kəs Avropa Məhkəməsinin qərarına əsasən kompensasiyanı aldıqdan sonra işə yenidən baxılmasın tələb etmir, hakimiyyət də bunu etmirdi. Məhz sadalanan hüquq normalarına əsasən iki iş üzrə Ali Məhkəmənin Plenumu müsbət qərar qəbul edib”, - Nemət Kərimov deyib.
Geri qayıt