Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Bərdə rayonunda
Bərdə rayonunda16-05-2020, 21:59. |
Bərdə rayonu Qaradırnaq kəndinin sakinləri mayın 16-da etiraz aksiyası keçiriblər. CivilAzerbaijan.com bildirir ki, yerli sakinlərin Azadlıq Radiosuna demələrinə görə, onlar kəndlilərə ayrılan torpağın bir hissəsinin bəzi vəzifəli şəxslərə verilməsindən narazı olduğunu bildirən üç nəfərin saxlanmasına etirazlarını ifadə ediblər. Sakinlərin sözlərinə görə, dövlətin ayrdığı 104 hektar örüş sahənin 40 hektarı qanunsuz olaraq onlardan alınıb. "Biz dünən bununla bağlı mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət etmişik. Bundan sonra şikayət edənlərin üç nəfərini polisə aparıblar. Biz də ona görə yığışıb etiraz edirik. Biz sadəcə haqqımızı tələb edirik. Cənab Prezidentdən xahiş edirik, bizə yardım etsin, örüş torpaqlarını qaytarsınlar özümüzə. Bu boyda camaatı əziyyətə salıblar. Niyə 104 hektarlıq sahə 64 hektar olub? Biz üsyana qalxmırıq, sadəcə torpağımızı istəyirik", deyə sakinlərdən biri vurğulayıb, CivilAzerbaijan.com-un məlumatında qeyd olunur. Sakinlərin bildirməsinə görə, hadisə yerinə gələn polis əməkdaşları toplaşan şəxslərdən aksiyanı dayandırmağı tələb ediblər. Sakinlərin sözlərinə görə, aksiyanın bir neçə iştirakçısı saxlanıb. Rəsmilər nə deyir? Bərdə rayon İcra Hakimiyyətindən “Turan” agentliyinə sözü gedən kəndin bəzi sakinlərinin şikayətlərinin əsassız olduğunu bildiriblər. Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətindən isə agentliyə deyilib ki, Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar: "Bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər.Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınib, ictimai asayiş tam bərpa edilib". DİN-dən həmçinin bildirilib ki, polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. "Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", deyə qurumdan vurğulanıb. Geri qayıt |