Əsas Səhifə > Azərbaycan / Melange / Video / Manşet / Üst manşet > Polis Yasamalda əməliyyat keçirib: saxlanılanlar var -
Polis Yasamalda əməliyyat keçirib: saxlanılanlar var -8-06-2020, 12:06. |
Bu gün, iyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar var. CivilAzerbaijan.com xəbər verir ki, bina sakinlərindən birinin AzadlıqRadiosuna bildirməsinə görə, əməliyyat səhər saat 6 radələrində başlayıb, bir xeyli sakinin saxlanması ilə müşahidə edilib. Həmin şəxsin vurğulamasına görə, saxlananlardan biri yarıçılpaq vəziyyətdə olub. Adının çəkilməsini istəməyən sakin əlavə edib ki, iyunun 7-si axşam binadan bəzi şəxslər həftəsonu sərt karantin qaydalarını pozaraq küçəyə çıxıblar və bu hal polisin müdaxiləsi ilə nəticələnib. Onun sözlərinə görə, küçəyə çıxmaq yasağını pozan sakinlərin saxlanması zamanı binanın balkonlarından birindən polisə əşya atılıb. "Konkret olaraq nə qədər sakinin saxlandığını bilmirik. Amma binanın girişində çoxsaylı polis qüvvələri və maşınlar cəmlənmişdi. Həmin şəxslərin hara aparılmaları barədə də məlumata malik deyilik", - sakin vurğulayıb. Həmin şəxsin bildirməsinə görə, sözügedən bina ilə üzbəüz binalardan birinin də bir sakini saxlanıb. "Turan" informasiya agentliyi olayla bağlı Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, DİN yaxın saatlarda bu hadisə ilə bağlı açıqlama yayacaq. Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi. Geri qayıt |