Əsas Səhifə > Azərbaycan / İntervü / Manşet / Üst manşet > Qarabağ münaqişəsi necə həll oluna bilər? -
Qarabağ münaqişəsi necə həll oluna bilər? -27-07-2020, 13:46. |
Son günlər ABŞ-da, Rusiyada, eləcə də Avropanın bir çox ölkələrində erməni-azərbaycanlıların qarşıdurması ilə bağlı ard-arda xəbərlər gəlir. Azərbaycan-Ermənistan sərhəddində baş verən son insident hər iki ölkə daxilində olduğu kimi, xaricdə də hər iki millətin nümayəndələrində bir-birinə qarşı nifrət qığılcımını yenidən alovlandırıb. Ermənilərin Los-Angelesdə, Belçikada azərbaycanlılara hücumu, eyni zamanda Rusiyada yaşayan iş adamlarının erməniləri və onların məhsullarını boykot etməsi və bu ölkədə iki millətin nümayəndələrinin küçə qarşıdurmaları bu münaqişənin artıq iki ölkə sərhədlərindən kənara çıxmasından və təhlükəli vəziyyət almasından xəbər verir. Bütün bunlar nə deməkdir? Bunun nəticələri nə ola bilər? Baş verənlərdə üçünçü əl varmı? Politoloq Leyla Əliyeva baş verənləri ASTNA-ya şərh edir. CivilAzerbaijan.com həmin müsahibəni təqdim edir: - Leyla xanım, son günlər ABŞ-da, Belçikada ermənilərin azərbaycanlılara, Rusiyada isə azərbaycanlıların ermənilərə cavab hücumları barədə xəbərləri izləyirik. Nə baş verir? Ermənistan Azərbaycan qarşıdurmasının iki ölkə sərhədlərindən, cəbhə və təmas xəttindən kənarda baş verməsi nələrdən xəbər verir? - Birinci səbəb ondan ibarətdir ki, münaqişə artıq 30 ildir davam edir və həll olunmur. Yəni, həllini nə mövcud olan danışıqlar çərçivəsində, nə də hərbi yolla tapa bilir. Buna görə artıq bu münaqişə müxtəlif formalarda sərhədləri aşır. Bu vaxta qədər erməni diasporu fəaliyyət göstərirdi. Amma artıq 30 ildir ki, yavaş-yavaş azərbaycanlıların diasporu da meydana gəlib. İndi xaricdə ancaq erməni diasporunun fikirləri yayılmır, bu fikirlər həm də azərbaycanlıların diasporunun fəaliyyəti nəticəsində müqavimətlə üzləşir. Bu məsələdə əlbəttə ki, bizim səfirliklərimizin də rolu var. Bir çox ekspertlər də bu məsələdə davamlı, ardıcıl addımların olmamasına, hazırlanan çıxışlar, nümayişlər üçün şəraitin yaradılmadığına diqqət çəkirlər. Bəziləri polisi bu məsələyə laqeyd yanaşmaqda günahlandırırlar. Bu məsələdə indi yeni məsələlər gündəmə gələcək. Bu münaqişənin regional sərhədləri aşması çox narahatedici bir haldır. Bunun müxtəlif nəticələri ola bilər. Azərbaycanlıların mühacir kimi, miqrant kimi və ya başqa bir formada xaricə getməsi çətinləşəcək, həmin insanların nüfuzuna problem yaranacaq və s. -Artıq Rusiya rəsmiləri iki ölkə xalqını sakitləşməyə çağırıblar. Eyni zamanda ABŞ-da və Belçikada hadisədə əli olanlara qarşı cinayət işinin başlandığı bildirilir. Amma ard-arda bu hadisələrin baş verməsi iki ölkə sərhədlərinin xaricində yeni tendensiyanın əsasını qoydu. Bundan sonra azərbaycanlıları və erməniləri nə gözləyə bilər? - Dediyim kimi, azərbaycanlıların və ermənilərin xaricə getməsində çətinliklər yaranacaq. Nüfuz baxımından bu, onlara müsbət imic yaratmayacaq. Azərbaycan ziyalıları öz çıxışlarında vacib bir mesaj göndərirdilər ki, biz xaricdə təxribata getməməliyik. Çünki orada informasiya baxımından və ümumiyyətlə, siyasi təsir baxımından erməni diasporu azərbaycanlıların diasporundan güclüdür. Və bu təxribatları bizim əleyhimizə çevirə bilərlər. Ona görə ehtiyatlı olmaq lazımdır. Mən bu fikirlərlə tamamilə razıyam. Yaddan çıxarmaq olmaz ki, müharibə başqa ölkələrin küçələrində qazanılmır. Müharibə cəbhədə olmalıdır. İkinci tərəfdən isə çox güclü dövlət qurmaq lazımdır. Azad, demokratik ölkə olaraq daha güclü mövqedən Ermənistanla danışıqlar aparmaq lazımdır. Baş verən hadisələri SSRİ-nin son illərində baş verənlərə bənzədənlər var. Həmin illərdə də neftin qiyməti kəskin aşağı enmişdi. SSRİ-nın bəzi vilayətlərində aksiyalar başlamışdı. Məsələn, 1987-ci ildən başlayaraq erməni-azərbaycanlı münaqişəsi qızışmağa başlamışdı. Bu gün Rusiyanın Xabarovsk kimi vilayətlərində çoxminlik kütləvi aksiyalar baş verir. Postsovet məkanı çalxalanır. İndi baş verən hadisələr postsovet məkənında hansı proseslərin inkişafından xəbər verir? Postsovet məkanı, xüsusilə neftlə zəngin ölkələr pandemiya və neftin qiymətinin aşağı enməsi nəticəsində böhran vəziyyətindədir. Ona görə də həmin ölkələrdə müxtəlif sosial partlayışların baş verməsi mümkündür. 1980-ci illərlə müqayisə aparsaq, deyə bilərik ki, hazırda neft faktoru cəmiyyəti bölüb. Yəni, 1980-ci illərdə çox böyük birlik var idi. Amma indi müşahidə edirik ki, həm Azərbaycan, həm də Rusiya cəmiyyətlərində müxtəlif təbəqələr, maraq qrupları, ideologiyalar yaranıb. Bunları birləşdirmək üçün hansısa çox ciddi və ümumi bir faktor, amil lazımdır. Bizdə həmin amil yenə də Qarabağ məsələsidir. Amma hələ ki Qarabağ şüarının altında birləşən cəmiyyət hakimiyyətin nəzarətindədir. Və bunun dəyişməsindən danışmaq hələ ki tezdir. Amma hər şey ola bilər. Bunu istisna etmək olmaz. Politoloq Leyla Əliyeva - Bu gün SSRİ-nin dağılması zamanı olduğu kimi, Moskva münaqişəni idarə etməyə, hər iki ölkəyə təsir göstərməyə çalışır ki, onları öz təsir dairəsində saxlasın. Bu siyasət təhlükəli deyilmi? - Moskvanın Qarabağ münaqişəsindən siyasi alət kimi istifadə etməsi təhlükəlidir. O baxımdan ki, Moskva nə vaxt istəsə münaqişəni qızışdıra, müharibəni başlada bilər. Amma hətta Avropada bir çoxları düşünürlər ki, Moskva bu məsələdə stabilləşmə faktorudur. Çünki Moskva üçün orada müharibə sərfəli deyil. Əslində isə münaqişə həm Türkiyə, həm də digər ölkələr kimi regional qüvvələri özünə cəlb edə bilər, həm də indi olduğu kimi başqa ölkələrdə iki icma arasında toqquşmalara gətirib çıxara bilər. Bu da qeyri-stabilliyə gətirib çıxaracaq. Ona görə də bu məsələdə Mosvanın rolu çox mənfidir. Birincisi, elə Azərbaycan üçün sərfəi deyil. Vaxtilə cəbhə hakimiyyəti dövründə Elçibəyin vizyonu elə idi ki, Azərbaycan nə qədər tez Rusiyadan azad olsa, münaqişənin həlli üçün o qədər yaxşı olacaq. Ona görə biz həm beynəlxalq təhlükəsizlik təşkilatlarına yaxın olmalıyıq, tezliklə NATO-ya inteqrasiya etməliyik, strateji müttəfiq kimi Türkiyə ilə daha yaxın münasibətlər qurmalıyıq. Rusiyadan isə uzaqlaşmalıyıq. Bu münaqişədə Rusiyanın adı hallanmır. Baxmayaraq ki, Rusiya olmasaydı biz belə vəziyyətə gəlib çıxmayacaqdıq. - İyulun 23-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla münasibətlərin normallaşdırılması üçün yeddi şərt sadaladı. O cümlədən Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi, həmçinin Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət verilməsi daxildir. Bu ultimativ ton nəyə gətirib çıxara bilər? - Nikol Paşinyan əslində daxili ictimai rəydən çox asılıdır. Bundan başqa Moskva onun əleyhinə Qarabağ məsələsindən alət kimi istifadə edir. Və Qarabağ klanını onun əleyhinə yönəldir. Ona görə Paşinyan bilir ki, bu məsələdə bir az yumşaq olsa hakimiyyətdən gedəcək. Yəni, Rusiya və Qarabağ klanı ona bu məsələdə güzəşt etməyəcəklər. Qarabağ klanından Rusiyanın aləti kimi istifadə olunur. Paşinyan həmişə bu müxalifətin təzyiqinin altındadır. Ona görə o bu məsələdə belə radikal mövqe sərgiləyir. Hansısa oliqarx qrupların dəstəyi ilə hakimiyyətə gəlsəydi, bəlkə də daha yumşaq olardı. Amma xalq onu seçdiyi üçün xalqın həssas məsələlərini müdafiə etməlidir. Daxildən gələn meyllər isə onu belə radikal, populist çıxışlar etməyə vadar edir. Bu isə onun vəziyyətini daha da ağırlaşdırır. Buna qapalı dairə deyirlər. Yəni, o qorxur ki, müxalifət daha güclü olacaq, Rusiya onu devirəcək, ona görə kəskin çıxışlar edir. Amma adətən bunun nəticəsi pis olur. Çünki, o öz vəziyyətini daha da mürəkkəbləşdirir. Ona görə bu məsələdə Azərbaycanın çox ciddi və ağıllı strategiyası olmalıdır. - Sizcə, azərbaycanlı- erməni qarşıdurmasını və Qarabağ münaqişəsinin bundan sonra uzun illər davam etməməsi üçün hansı addımlar atılmalıdır? - Bu münaqişənin uzun sürməsi iki tərəfə sərfəlidir. Həm Ermənistana, həm də Rusiyaya. Azərbaycan üçün isə bu, sərfəli deyil. Azərbaycan ciddi təşəbbüslər irəli sürməli və ciddi dəyişikliklər etməlidir. Bəziləri deyir ki, münaqişə hərbi yolla həll olunmamalıdır. Səbəb kimi onu göstərirlər ki, Moskva buna icazə verməyəcək. İkinci amil isə odur ki, hərbi yol daha böyük təhlükələr yarada bilər. Yəni, başqa qüvvələr də bura cəlb oluna bilər və münaqişə nəzarətdən çıxa bilər. Onların fikrincə, status-kvo savaşdan daha yaxşıdır, sülhə aparan yoldur, və s. Azərbaycan bu məsələni təcili həll etməli idi. Çünki Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü vardı. Həmin bir milyon insan əsas hüquqlarından məhrum olub. Onlar etnik təmizləmə subyektinə çevriliblər. Buna humanitar fövqəladə vəziyyət deyirlər. Hər şey etmək lazım idi ki, onların problemləri həll olunsun. İndi əsas rəqabət və qələbə cəmiyyətin daha sivil, demokratik, azad, güclü qurulmasından keçir. Ermənistandan fərqli olaraq Azərbaycan öz ölkəsində daha azad, sivil, müstəqil, iqtisadi baxımdan güclü, sosial baxımdan ədalətli bir cəmiyyət qursa, onun qələbə qazanmağa daha çox şansı olar. Və əlbəttə ki, cəmiyyətlər arasında münaqişənin həlli yolları tapılmalıdır. Ziyalılar, QHT-lər, siyasətçilər intensiv şəkildə danışıqlar aparmalı və ümumi dil tapmalıdırlar. Çünki belə davam edə bilməz. Bu münaqişə getdikcə daha da kəskinləşəcək. Azərbaycanı çox ciddi iqtisadi böhran gözləyir. Bu münaqişə isə böhranı daha da dərinləşdirə bilər. Buna görə bu məsələni tezliklə həll etmək lazımdır. Azərbaycan üçün bu format sərfəli deyilsə, başqa yollar tapmaq lazımdır. Çünki münaqişənin təzyiqi indi daha ciddi hiss olunur. Geri qayıt |