Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan hakimiyyətinin payız üçün planları

Azərbaycan hakimiyyətinin payız üçün planları


2-09-2020, 20:24.
title}
Azərbaycan hakimiyyətinin payız üçün planları


Karantin rejimi niyə uzadıla bilər?

COVİD 19-un tüğyan etdiyi ölkələr artıq normal həyata dönməyə başlayıb. Bir neçə ay əvvəl kütləvi ölüm təhlükəsi ilə üz-üzə qalan İtaliya, Fransa kimi ölkələr yenidən turistlərə qucaq açıb. Koronavirusun mənbəyi sayılan Çində belə məktəblər işə başlayır, iş rejimi bərpa olunur. Azərbaycan isə karantin rejimini daha bir ay uzatdı.

CivilAzerbaijan.com
bildirir ki, adının açıqlanmasını istəməyən hakimiyyət təmsilçilərindən biri Meydan TV-yə deyib ki, bu prosesin noyabra qədər uzadılması nəzərdə tutulur və dövlət qurumlarına bununla bağlı xəbərdarlıq edilib. Mənbənin dediklərini iki telekanalın rəhbərliyində təmsil olunan şəxslər də Meydan TV-yə təsdiqləyib.

Mötəbər mənbənin sözlərinə görə, karantin rejiminin noyabra qədər uzadılmasının səbəbi heç də ölkədə virusun yayılma təhlükəsi ilə bağlı deyil.

Ölkədə siyasi dəyişikliklər gözlənilir?

"Payızda ölkədə siyasi dəyişikliklər gözlənilir. Hakimiyyət daxilindəki qüvvələr də aktivləşib. Yəqin Milli Şuranın qapalı iclasında Gültəkin Hacıbəylinin sentyabrda dəyişiklik gözlənilir fikrini xatırlayırsız. Bu fikir boşuna deyilməyib, həqiqətən də belə bir siqnal var. Ona görə də Ramiz Mehdiyevlə bağlı kampaniya başladıldı. Ona yaxın qüvvələrin müxalifətlə əlaqəsi haqqında da söz-söhbət var. Bunu əsas götürüb akademikin tərəfdarlarını bu yolla zərərsizləşdirməyə, digərlərinin tərəfini müəyyənləşdirməyə çalışdılar“, - mənbə deyib.

Hakimiyyət təmsilçisi bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin birinci şəxsinə çevrilməsi istiqamətində işlər gedir:

"Yeni Azərbaycan Partiyası cəmiyyətdə nüfuzunu itirib. Ona görə də yeni partiyanın yaradılacağı ilə bağlı söhbətlər var. Və o partiya da Mehriban Əliyevanı dəstəkləyəcək. Təbii ki, planların reallaşması üçün ölkədə sabitliyin olması vacibdir. Karantin rejimi bu baxımdan əlverişlidir. Ancaq cəmiyyətin bu qadağalara dözümü olmadığından müəyyən açılımlara getdilər və rəqəmlərlə oynamağa başlanıldı. Məsələn, çimərliklərin açılmasına icazə veriləndə ilk günlər virusa yoluxanların sayı 100-dən aşağı oldu. Sonra yenidən artırdılar. Yəni, baxın, açılım yoluxma riskini yaradır. Eyni proses noyabrın sonlarına qədər davam edəcək, rəqəmlərdə artım müşahidə olunacaq və karantin rejimi qalacaq. Həmin müddətdə isə ölkədə və xaricdə olan cəmiyyətə yaxın, nüfuzlu şəxslər ya tərəfini bəlli edəcək, ya həbs olunaraq sıradan çıxarılacaq. Necə ki, Eldar Həsənova qarşı bunu etdilər“.

Mənbə hakimiyyət daxilindəki „köhnə qvardiya“nın tezliklə sıradan çıxarılacağını istisna etmir, amma bunun elə də asan olmadığını deyir:

"Nəzərə alın ki, köhnə komandanı birləşdirən ideoloji bağdır. Paşayevlərin komandasında isə əsasən menecerlər təmsil olunur, yəni pulunu alıb işini görən adamlar. Belə adamların yönünü dəyişmək çətin məsələ deyil. Həm də bu baxımdan köhnə komandanın tamamilə gücsüzləşməsinə nail olmaq istəyirlər“.

"Karantin rejiminin uzadılmasında siyasi çalarlar var“

Mənbənin dedikləri ilə rəsmi rəqəmlər üst-üstə düşür. Belə ki, Azərbaycanda avqustun 29-da xüsusi karantin rejimi 1 ay da uzadılıb. Ondan əvvəl, avqustun 5-də isə çimərliklərin açılmasına icazə verilib. Azərbaycanda COVİD-19 infeksiyasına ən az yoluxma avqustun 10-da qeydə alınıb - 79 adam. Amma həmin gündən sonra infeksiyaya yoluxmada artma müşahidə olunub, nəticədə avqustun 16-da yoluxma sayı 100-ü keçib, bir gün sonra 124 nəfər yoluxub, 19 avqustda isə 146 nəfər. Beləliklə, yeni koronavirusa yoluxmada artma tempi güclənib.

Professor Adil Qeybulla da istisna etmir ki, karantin rejiminin uzadılmasında siyasi çalarlar var. Ancaq real vəziyyət ictimaiyyətə bəlli deyil:

“Məsələ ondadır ki, operativ qərargahın elan etdiyi rəqəmlər yalnız qeydiyyata düşən xəstələrdir. Nəzərə alın ki, xeyli adam həkim taparaq ev şəraitində müalicə olunur və onlar qeydə düşmür. İkinci, azalma tendensiyası var və bu, müraciətlərin az olmasını da göstərir. Ona görə təmsil olunduğum Azərbaycan Həkimləri İctimai Birliyi istəyir ki, rayonlara gediş-gəliş qadağası ləğv olunsun, sosial həyat fəallaşsın, yəni karantin davranışları sərt olsun, amma cəmiyyət qapalı mühitdən çıxsın. Digər tərəfdən, virusun mutasiya olaraq zəifləməsi amili də var, virus uzun müddət qala bilməz, məntiqlə ilin sonunda yoxa çıxmalıdır. Bu mənada sosial həyatın yumşaldılması çox vacib idi. Amma hökumət ehtiyatla addım atır, bu da narahatlıq doğurur”.

Adil Qeybulla sentyabrdan sonra karantin rejiminin uzadılmasının elan edilən rəqəmlərdən asılı olacağını düşünür.

"Manipulyasiya varsa, bunun arxasındakı səbəbləri axtarmaq lazımdır“

Siyasi icmalçı Ərəstun Oruclu də hökumətin koronavirus statistikası ilə bağlı manipulyasiya etdiyi barədə fikirləri bölüşür. O hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydıqları statistikanın arxasında tapşırıqlar dayanır:

“TƏBİB və Operativ qərargaha yuxarıdan tapşırıqlar verilir, bu, yalnız manipulyasiyanın nəticəsidir. Manipulyasiya varsa, bunun arxasındakı səbəbləri axtarmaq lazımdır. Mən başlıca olaraq siyasi səbəb görürəm. Açıq-aydın görünür ki, manipulyasiyanı həyata keçirənlər elementar epidemiologiya, virusologiya qaydalarını, mikrobiologiya qanunauyğunluqlarını ya bilmirlər, ya da inkar edirlər. Sadə bir misal, Ermənistanın Tovuz təxribatından sonra 14 və 15 iyulda xüsusən paytaxtda çox ciddi canlanma oldu, insanlar karantin qaydalarına məhəl qoymadan küçələrə çıxdılar. Yürüş və mitinq aksiyalarından görünürdü ki, sosial məsafə qaydalarına riayət olunmur, insanların çox az hissəsi maskalardan istifadə edirdi. Bu, yoluxmanın artması üçün tamamilə obyektiv və münbit şərait idi. COVİD-19 infeksiyasının xarakterini nəzərə alsaq, onun inkubasiya dövrü təxminən iki həftədir. Deməli, avqustun əvvəllərində yoluxma sayı əvvəlindən azı 2 dəfə çox olmalıydı. Amma biz əksini gördük və avqustun 5-də karantinin yumşalması qərarı verildi. Birinci səbəb o idi ki, hakimiyyət 14-15 iyulda cəmiyyətdə böyük bir qəzəbin, potensial enerjinin toplandığını gördü. Həmin qəzəb hakimiyyətə siyasi mesaj oldu ki, cəmiyyət narazıdır, gərgindir və bu etiraz çox pis şəkildə özünü büruzə verər. Hakimiyyət bu enerjinin çıxarılmasını karantini yumşaltmaqla yönəltdi çimərliklərə. Ardınca nə baş verdi? Guya ki, yoluxma artdı və sentyabrın 30-na qədər karantin rejimini uzatdı, Bakı, Sumqayıt ərazisində sərtləşdirilmiş rejim bərpa olundu. Hazırda metronun fəaliyyəti dayandırılıb, ictimai nəqliyyat isə şənbə-bazar günləri işləmir. Məsələ ondadır ki, pandemiya 3-4 aya bitən deyil, buna uyğunlaşmaq üçün müasir davranış qaydaları tətbiq olunmalıdır. Amma hakimiyyət bizim təklifləri kənara qoyaraq qeyri-rasional, və savadsız addımlar atır. İlk baxımdan adamda belə təəssürat yaranır ki, hökumətin nəinki təbabət, ümumi qaydalar haqqında orta səviyyədə biliyi yoxdur. Əslində isə bütün şərtlər və rəqəmlər hakimiyyət tərəfindən diktə olunur”.

Ərəstun Oruclu yalnız Bakı və Sumqayıtda sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması məsələsinə də diqqət çəkib:

“Azərbaycan tipli ölkələrdə siyasi proseslər hər zaman hakimiyyətə təhlükəni paytaxtda yaradır. Ona görə də insanları nəzarətdə, qapalı şəraitdə saxlamaq lazımdır, maksimal dərəcədə hərəkət məhdudlaşmalıdır”.

Onun sözlərinə görə, Azərbaycandakı karantin dünya ölkələri arasında yalnız Səudiyyə Ərəbistanındadır, orda da səbəb sırf siyasidir:

“Səudiyyə Ərəbistanının hazırkı kralı ölkənin krallıq qaydalarını pozaraq hakimiyyəti oğluna ötürmək istəyir. Saray elitasında buna ciddi etiraz olduğundan vəziyyət arzuolunmaz şəkil ala bilər. Azərbaycanda da eyni sxemdir ”.

Ərəstun Oruclu “analogiya baxımdan Azərbaycanda da payızda hakimiyyətin ötürülməsi planının gerçəkləşməsi mümkündürmü” sualına “əlbəttə” deyə cavab verərək əlavə edib ki, hakimiyyət faktiki olaraq daxili rekonstruksiyaya getmək niyyətindədir:

“Söhbət ondan gedir ki, Əliyev ailəsi hakimiyyəti tam mənimsəmək üçün bir neçə variant üzərində işləyir. Birinci varinatda konstitusiya islahatına gedib parlament idarəçiliyinə keçər, bundan sonra parlament seçkiləri keçirib, MSK-nin dəstəyilə YAP-ın qanunverici orqanda çoxluğunu əldə edib, hökuməti formalaşdırar. Nəticədə İlham Əliyev Baş nazir olur, sonra parlament Mehriban Əliyevanı prezident seçir. Amma bu model risklidir, çünki seçki prosesi var. Xüsusilə bu gün “köhnə qvardiya”nın müqaviməti var və daxili çəkişmələr açıq müstəviyə keçir. İkinci variantda hakimiyyət prezidentdən Birinci vitse-prezidentə ötürülür. Amma ikinci variant legitimlik baxımından daha az etibarlıdır. Həm də bu halda İlham Əliyevin özü oyundankənar qalır. Ona görə birinci varinatda hazırlaşmaq üçün cəmiyyəti basqıda saxlamaq lazımdır, məhdudiyyətlər tətbiq edib karantin şəraitində seçki, yaxud referendum keçirə bilərlər. Avqust ayında Rusiyada keçirilən karikatur referendumu buna misal göstərmək olar. Azərbaycan hakimiyyəti Kremlin siyasi və cəmiyyətə münasibət modelinin zəif parodiyasıdır. Bu mənada karantini siyasi məqsəd üçün uzadırlar. Görünür, hakim ailə cəsarətli addım ata bilmir, xüsusilə də 3 səbəbdən, Ankara ilə Moskvanın arasında qalmaları, daxildə ziddiyyətlərin artması və sosial-iqtisadi vəziyyətin ağırlığı. Düşünsək ki, sadaladığım problemlər tədricən aradan qalxacaq, bu bəndlərdən hansısa birində müsbət dinamika olacaq, bu, artıq siyasi korəfəhmlikdən başqa bir şey deyil. Çünki Azərbaycan hakimiyyətinin bu yöndə sadə adi bir planı da olmayıb, nəinki strategiyası. Bunlar hər şeyə “bəxtə Şah Abbas” deyib gediblər”.

Mehriban Əliyevanın yardımsevər imici

Meydan TV-yə danışan mötəbər mənbə onu da vurğulayıb ki, bu gün əsas iş Mehriban Əliyevanın imici üzərində gedir. Artıq bir çox idarə və müəssisələrdə prezidentlə yanaşı onun da şəkilləri yer alır. Görülən işlərdə onun adı xüsusi vurğulanır, cəmiyyətə daha çox yardımsevər, humanist obrazı təlqin edilir. Mənbənin fikirlərini Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu da təsdiq edir. Mərkəz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ilin aprel-iyun aylarını əhatə edən fəaliyyətinə dair sosial sorğular keçirib.

Mərkəzin təqdim etdiyi nəticələrə əsasən, əhalinin 68.5 faizi Mehriban Əliyevaya tam etibar etdiyini, 24.2 faizi əsasən etibar etdiyini bildirib.
Geri qayıt