Əsas Səhifə > Azərbaycan / Economics / Manşet / Üst manşet > ABŞ səfirliyinin Azərbaycan haqqında

ABŞ səfirliyinin Azərbaycan haqqında


10-09-2020, 13:26.
title}
ABŞ səfirliyinin Azərbaycan haqqında


"Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmağa davam edir, baxmayaraq ki, ciddi problemlər qalmaqdadır. Son bir neçə il ərzində Azərbaycan hökuməti xarici investisiyalar cəlb etməyə, iqtisadiyyatının şaxələndirilməsi üçün islahatlar aparmağa və özəl sektora söykənən inkişafa təkan verməyə çalışıb".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkədə investisiya mühiti haqqında hesabatında deyilir.

Hesabatın xülasəsində deyilir ki, Azərbaycan iqtisadiyyatı əvvəlki kimi neft və qaz hasilatından çox asılıdır, ixrac gəlirlərinin təqribən 90%-i və dövlət büdcəsinin yarısından çoxu bu sahənin payına düşür.

2019-cu ildə əsasən təbii qaz ixracının artması hesabına real ÜDM 2,2% artıb. Neft-qaz sektoru tarixən ən böyük həcmdə xarici investisiyalar cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat.

Son illər işgüzar mühitin yaxşılaşdırılması üçün görülən tədbirlər və bütünlükdə iqtisadiyyatda islahatlar biznes həyata keçirilməsi üçün artıq lisenziya kateqoriyalarının aradan qaldırılmasını, ASAN dövlət xidmət mərkəzlərinə lisenziya vermək səlahiyyətinin verilməsini, gömrük prosedurlarının sadələşdirilməsini, müəyyən biznes yoxlamalarının dayandırılmasını və vergi rejimində islahatları ehtiva edir.

Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən dərc edilən “Doing Business 2020” reytinqində 190 ölkə arasında 25-ci yerdən 34-cü yerə geriləyib. Oktyabrın 24-də dərc edilmiş hesabata əsasən, 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər Azərbaycanda dörd uğurlu islahat həyata keçirilib və bununla da beş məqsəddən dördünə nail olunub. Bu islahatlar mülkiyyətin qeydiyyatı, kredit alınması, minoritar investorların müdafiəsi və müqavilələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı idi. Bu göstəricilər üzrə Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Amma şaxələnmiş və rəqabətədavamlı özəl sektorun yaradılması üçün zəruri olan struktur islahatlarının keçirilməsində irəliləyiş yavaşdır, korrupsiya isə Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır.

Dövlətlə əlaqəsi olan holdinq şirkətlərindən ibarət kiçik qrup iqtisadiyyatda üstünlüyə malikdir, əqli mülkiyyət hüquqları kifayət qədər qorunmur, məhkəmə şəffaflığı yoxdur.

Azərbaycan qanunvericiliyinə əsasən, xarici investisiyalar tam və qeyd-şərtsiz hüquqi müdafiə altındadır və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz. Ayrı-ayrı şəxslər sərbəst şəkildə kommersiya müəssisələri yarada, onların paylarını əldə edə və bu payları idarə edə bilər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarə götürə bilərlər, amma ona sahib ola bilməzlər.

Azərbaycan hökuməti qanunsuz ekspropriasiya vasitəsilə ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı ayrı-seçkilik nümayiş etdirməyib. ABŞ və Azərbaycan arasında İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) ABŞ investorlarına investisiya mübahisələrini Beynəlxalq İnvestisiya Mübahisələrinin Nizamlanması Mərkəzinin (ICSID) köməyi ilə nizamlamaq imkanı verir, deyə Hesabatın xülasəsində qeyd edilir. Hesabat yaxın günlərdə ABŞ Dövlət Departamentində təqdim ediləcək, Turan-ın məlumatında qeyd olunur.
Geri qayıt