Əsas Səhifə > Azərbaycan / Melange / Üst manşet > Azərbaycan Ordusu şəhid verdi
Azərbaycan Ordusu şəhid verdi21-09-2020, 12:17. |
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. CivilAzerbaijan.com bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. *** Müdafiə Nazirliyinin digər məlumatında isə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Rəsmi məlumata əsasən, hadisə sentyabrın 20-i saat 23.13 radələrində baş verib. "Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır", - rəsmi məlumatda bildirilir. Geri qayıt |