Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Sərdar Cəlaloğlu Ramiz Mehdiyev haqqında yazanda uşaq idi? -
Sərdar Cəlaloğlu Ramiz Mehdiyev haqqında yazanda uşaq idi? -26-09-2020, 13:17. |
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli "AzerFreedom" kanalında çıxış edən ADP sədri Sərdar Cəlaloğluna cavab verib. O özünün feysbuk səhifəsində Cəlaloğlunun "Əli Kərimli Ramiz Mehdiyevə vəkillik edir" fikirinə geniş yazı ilə cavab verib. CivilAzerbaijan.com həmin yazını təqdim edir: Dünyanın qəribə işləri var. Dünənə qədər Ramiz Mehdiyevə məddahlıq edən, onu məqaləsi haqqında məqalənin özündən böyük tərifli məqalə yazan, Mehdiyevin elmi "dühasına" vəkillik edən Sərdar Cəlaloğlu bu günlərdə "AzerFreedom" kanalında "Əli Kərimli Ramiz Mehdiyevə vəkillik edir" adlı proqram aparır və Ramiz Mehdiyevin cinayətkar əməllərindən danışır. Deməli, bu gün Ramiz Mehdiyə qarşı savaşın ön səngərinə girən Sərdar Cəlaloğlu baxın görün lap bu yaxınlarda Ramiz Mehdiyevin "Şah İsmayıl" məqaləsi haqqında necə "uzaqgedən" fikirlər irəli sürür. Bizlər Ramiz Mehdiyev vəzifədə olanda onu ən kəskin şəkildə ittiham edəndə görün Sərdar Cəlaloğlu Mehdiyev haqqında hansı qanadlı ifadələr işlədir, onu necə mədh edirdi. Məgər bu məqaləni yazanda Cəlaloğlu uşaq idi və Ramiz Mehdiyevin Rusiyanın adamı olduğun bilmirdi ki, indi ayılıb? Və proqramın bir yerində də deyir ki, mən Ramiz Mehdiyevin məqalələrin oxuyanam? Axı Sərdar Cəlaloğlu nəinki Ramiz Mehdiyevin məqalələrin oxuyub, hətta Mehdiyevin boş-boş, özünə aid olmayan fikirləri haqqında yekə bir məqalə də yazıb. Bilmirəm, bəlkə məqaləni kimsə onun adından yazıb çap etdirib, xəbəri yoxdur. Görün adam lap bu yaxınlarda, Ramiz Mehdiyev hələ vəzifədəykən nə yazırdı: "Bəri başdan deyim ki Şah İsmayıla həsr olunmuş məqalədə Ramiz Mehdiyev milli tarixçiliyimizə dartışılması belə mümkün olmayan, çox aydın və dəqiq yeni elmi metodologiya təqdim etmişdir. Yalnız bu metodoloji yanaşma ilə biz, Azərbaycan türkləri, öz tariximizi düzgün anlaya bilərik. Bu metodun novatorluğu və orijinallığı nədən ibarətdir? Bizim tariximizə iki baxış-şimalda rus baxışı, cənubda fars baxışı mövcuddur... Adətən, bizim alimlər bir məqalədə yalnız fars müəlliflərinin əleyhinə yazanda özləri istəmədən də Azərbaycan tarixinə rus baxışını, əksinə rus-sovet alimlərinin əleyhinə çıxanda fars baxışının tərəfdarı vəziyyətinə düşürlər. Ramiz Mehdiyev bundan fərqli olaraq eyni zamanda, paralel olaraq fars və rus məktəblərinin yetirmələrinə cavab verməklə əslində tariximizə milli baxışın klassik nümunəsini ortaya qoyur". Amma nədənsə Ramiz Mehdiyev vəzifədən gedəndən sonra yuxarıdakı fikrin müəllifi Sərdar Cəlaloğlu bəyan etdi ki, "hələ vəzifədə olanda "Vətənə xəyanət" edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib” Bu gün Əli Kərimlini Ramiz Mehdiyevə vəkillik etməkdə ittiham edən, Milli Şuranı Rusiya "bağlılıqda" günahlandıran Sərdar Cəlaloğlu Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin "Şah İsmayıl" məqaləsi haqqında görün nə yazırdı: "Ramiz Mehdiyev bu məqaləsində məhz elə yazarlarla diskussiyaya girir ki, heç bir mövqeyi olmayan bəzi "alimlər" bunu özlərinə yaraşdırmazlar. Ramiz Mehdiyev bəlkə də düşünülmüş şəkildə bir tərəfdən rus şovinizminin yetişdirməsi olan elmlər doktoru F.Əlkbərli adlı yazara, digər tərəfdən fars şovinizmin yetişdirməsi olan Gəncalp adlı yazarla diskusiya aparır elə bu diskussiyada hər iki müəllifi eyni metodla çavablandırmaqla özü "vahid azərbaycançılıq" mövqeyini ortaya qoyur. Mən, səmimi şəkildə bu metodu böyük ustalıq, elmi tapıntı kimi dəyərləndirirəm." Ramiz Mehdiyevin bu "ustalığı" və "elmi tapıntısı" nə tez çıxıb Sərdar Cəlaloğlunun yadından. Daha sonra Sərdar Cəlaloğlu yazır: "Əslində Şah İsmayılın kimliyi onun tarixi rolu haqqında yazdığı məqalədə Ramiz Mehdiyev heç bir rəsmi vəzifəsi olmayan alimlərin qorxudan danışmadığı və hətta bir çox müxalif liderlərin "siyasi uzaqgörənlik edərək" danışmadığı bir çox milli və dövlətçilik məsələlərinə Şah İsmayılın nümunəsində çox dəqiq, aydın və birmənalı şərh etmişdir. Ramiz Mehdiyev məqaləsində Şah İsmayılla milli kod kimi yanaşır və bu kodun müəyyənləşməsinə əsas verən keyfiyyətləri çox dəqiq ifadə edir...Ramiz Mehdiyev bu məqaləsində çox açiq şəkildə Azərbaycan türklərinin birliyi məsələsini bir daha gündəmə gətirir və bu ideyanın reallaşmasında Şah İsmayılı təqdir edir." Yaxşı, bəs Sərdar Cəlaloğlunun təbirincə Mehdiyev bu qədər "vətənpərvər" olubsa, milli kodlaşdırmanın "banisidirsə"onun Rusiyanın adamı olması məsələsi harda qaldı? Hələ bu harasıdır? O, bu gün ittiham etdiyi Ramiz Mehdiyev haqqında yazırdı ki, "Ramiz Mehdiyev bəzilərinin dövlətçilik tariximizin H.Əliyevdən, Elçibəydən, Rəsulzadədən başlanması ilə bağlı fikirlərini alt üst edərək Azərbaycan türkünün milli dövlətçilik tarixinin məhz Şah İsmayıldan başlandığını elmi şəkildə ortalığa qoyur... Haqlı sözə nə deyəsən. Bu, təkcə alim mövqeyi deyil, hər şeydən öncə, bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyidir". Sərdar Cəlaloğlu etiraf edir ki, o, "ilk dəfə Ramiz Mehdiyevin məqaləsində Şah İsmayılla şair Xətainin vəhdətini görüb. Və haqlı olaraq şair Xətainin Şah İsmayıla xidmət etdiyi fikrini ilk dəfə ondan eşitdib." Bir - iki il bundan öncə çıxan bu tərifnamədə Sərdar Cəlaloğlunun Ramiz Mehdyevin "elmi dühasını", "vətənpərvərliyini", "milli kodlaşdırmanın banisi olmasını" vəsf edən əsl adminstrasiya rəhbərinə yaraşan "təkrarsız" ifadələri çoxdur. Yazının linkini şərh bölümünə qoyuram özünüz oxuyun. Sərdar Cəlaloğlu Şah İsmayılla şair Xətainin vəhdətini ilk dəfə Ramiz Mehdiyevin məqaləsindən öyrənəndə, elə həmin vaxt Cəmil Həsənli həmin mənasız məqalə haqqında bunları yazırdı: "Sadəcə olaraq bu yazıları oxuyan yoxdur. Oxusalar, görərlər ki, burada hansı cəfəngiyatdan söhbət gedir. İstər Şah İsmayılla, istər Azərbaycan tarix elminin metodoloji məsələləri ilə bağlı olsun, onun ciddi elmə heç bir aidiyyəti yoxdur. Müəllif yazır ki, "tarixin dərk edilməsi tarixçinin öyrənilən tarixi dövr haqqında mötəbər biliklər əldə edilməsinə yönəlmiş yaradıcı fəaliyyətidir”. Tamamilə doğrudur. Şah İsmayılla bağlı yetərli söz demək üçün geniş tarixi biliklərə malik olmaq, dövrün ərəb və fars dilində tərtib edilmiş mənbələri ilə işləmək bacarığı olmalıdır. Bildiyimiz qədər Ramiz Mehdiyevin nə orta əsr mənbələri ilə işləmək üçün zəruri olan peşə hazırlığı var, nə də dediyimiz mənbələrlə tanış olmaq üçün dil hazırlığı var. Bütün bunlar ona gətirib çıxardı ki, vaxtilə bədii əsərdə yazıçının Şah İsmayıl üçün tərtib etdiyi vəsiyyətnamə tarixi sənəd kimi təqdim edildi. Bunu ancaq Səfəvi xanədanının tarixindən xəbərsiz adam edə bilərdi. Digər tərəfdən, "cəmiyyəti yerindən oynatmış” birinci məqalədə Şah İsmayılın azərbaycançılığı əsasən türk dili üzərində qurulub. Lakin nədənsə XVI əsrdə Səfəvi dövlətinin məhz türkdilli dövlət olduğunu "ortaya qoyan” bu yazı XXI əsrdə Azərbaycan dövlətinin siyasətini müəyyən edən bir adam tərəfindən rus dilində yazılır və "Bakinskiy raboçiy” qəzetində dərc edilir. Bu da tarixin son dərəcə nadir bir istehzasıdır." Bax belə! İndi biz oluruq Mehdiyevçi, Sərdar Cəlaloğlu olur anti-Ramiz. Birincisi, Sərdar Cəlaloğlu Ramiz Mehdiyev haqqında mirzəlik edəndə və bu məqaləni yazanda, hələ ondan da əvvəl biz həm mətbuatda, həm sosial şəbəkələrdə, həm internet tv-lərdə açıq şəkildə qeyd edirdik ki, Şah İsmayıl hara, Ramiz Mehduyev hara? Bildirirdik ki, Şah İsmayıl, Nadir Şah kimi tarixi şəxsiyyətlər haqqında onun adından nəşr olunmuş kitab və məqalələrin Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. İndi Sərdar Cəlaloğlu elə danışır ki, sankı Ramiz Mehdiyev haqqında yaxın keçmişdə yuxarıda qeyd edilən "qanadlı ifadələri" o, yox, Əli Kərimli və mən işlətmişəm. Məəttəl qalmalı işdir Vallah: adamın ya yaddaşı xarab olub, ya da...!" Geri qayıt |