Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > 2020-ci il model Azərbaycan ordusu necədir?

2020-ci il model Azərbaycan ordusu necədir?


2-10-2020, 13:57.
title}
2020-ci il model Azərbaycan ordusu necədir?


Qarabağda hərbi münaqişə qızışmağa başladığı andan, yəni sentyabrın 27-dən etibarən Ermənistan təbliğatı beynəlxalq ictimaiyyəti Azərbaycanın tərəfində Türkiyəli mütəxəssislərin, habelə digər ölkələrdən olan muzdluların döyüşdüyünə inandırmağa çalışır. Hətta Ermənistan KİV-lərində “Azərbaycanın türk komandanlığı” termini ortaya çıxıb. Məlumatsız oxucu (o cümlədən erməni) bu ardıcıl məlumatlardan belə bir nəticəyə gələ bilər ki, Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı (Ermənistan tərəfi Qarabağda bütün səviyyələrdə nümayişkaranə iştirakı ilə bunu gizlətmir) türk ordusu və ya ən azından hansısa türk hərbi kontingenti müharibə aparır.

Azərbaycan ordusunda Türkiyə istehsalı olan silahların mövcudluğu, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq, Türkiyənin Azərbaycana açıq şəkildə siyasi-diplomatik dəstək verməsi və nəhayət, Türkiyə və Azərbaycanda tez-tez səslənən “Bir millət – iki dövlət” şüarı belə nəticəyə gəlmək üçün səbəb ola bilər.

Əslində bütün bunlar doğrudur və iki dövlət və bir millətin bu və digər strateji münasibətlərini, məsələn, energetika və nəqliyyat sahəsindəki münasibətlərini inkar etmək mənasız olardı.

Azərbaycan ordusunun ərazilərin işğaldan azad edilməsindəki uğurlarının həlledici amili kimi Türkiyənin iştirakı tirajlayan şəxslərin və ya qurumların gəldiyi nəticənin yanlışlığı Türkiyə hərbi müşavirlərinin mövcudluğuna əsaslanır. Azərbaycan müstəqillik əldə etdiyi andan etibarən bu mütəxəssislər olub və hazırda da var və onların cüzi iştirakı yüksək səviyyəli strateji tərəfdaşlıq çərçivəsində dövlətlərarası hərbi sazişlərdə əksini tapıb.

Amma məsələ “Türkiyə iştirakı”nın müəlliflərinin nəzərə almadığı başqa bir məqamdadır. Məsələ ondadır ki, Türkiyə Azərbaycanın peşəkar zabit kadrlarının NATO üsulu ilə hazırlanması üzrə böyük iş görüb. Bu iş iki istiqamətdə gedib: Türkiyənin müxtəlif səviyyəli ali hərbi məktəblərində və Azərbaycanın özündə hazırlıq. Hər iki istiqamət tamamilə leqaldır və heç vaxt ictimaiyyət üçün sirr olmayıb, qaldı ki, xüsusi qurumlar üçün.

Birinci istiqamət. 1992-ci ildə SSRİ-nin dağılmasından dərhal sonra prezident Ayaz Mütəllibov Türkiyəyə rəsmi səfəri zamanı prezident Turqut Özalla iki ölkə arasında hərbi əməkdaşlıq, o cümlədən Türkiyənin hərbi müəssisələrində milli hərbi kadrların hazırlanması haqqında saziş imzalayıb. İlk abituriyentlər prezident Elçibəyin dövründə 1992-ci ilin yayında Türkiyəyə təhsil almağa gediblər, bu ilin iyulunda Tovuz döyüşləri zamanı həlak olmuş general Polad Həşimov və polkovnik İlqar Mirzəyev də onlar arasında idi. Türkiyə ali məktəblərinin neçə yüksək dərəcəli Azərbaycanlı zabit hazırladığını dəqiq bilmirik, amma təxmin etmək olar ki, söhbət yüzlərlə zabitdən gedir. Məsələn, Qazaxıstana və Özbəkistana illik 30 yer ayrılır.

Azərbaycan-Türkiyə İkitərəfli Əməkdaşlıq Planına əsasən, Azərbaycan hərbiçiləri Ali Hərbi-Dəniz Məktəbində (İstanbul), Ali Hərbi Quru Qoşunları Məktəbində (Ankara), Gülhane Hərbi Tibb Akademiyasında (Ankara), Ali Hərbi Aviasiya Məktəbində (Ankara), Hərbi Dəniz Liseyində (İstanbul), İşıqlar Hava Liseyində (İstanbul) təhsil alırlar.

İmzalanmış hökumətlərarası sazişlər əsasında Türkiyə silahlı qüvvələrinin akademiyalarında və SQ növlərinin akademiyalarında müttəfiq və dost dövlətlərin nümayəndələri, o cümlədən, ABŞ, AFR, Böyük Britaniya, Fransa, Əfqanıstan, Albaniya, Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Koreya Respublikası, İran, Qırğızıstan, Liviya, Makedoniya, Misir, Özbəkistan, Pakistan, Türkmənistan və Şimali Kipr (ŞKTR) nümayəndələri təhsil alırlar.

Qeyd etmək lazımdır ki, ümumilikdə 1992-ci ildən etibarən Türkiyənin “Böyük tələbə layihəsi” təqaüd proqramı çərçivəsində Türkiyənin qeyri-hərbi məktəblərində 125 min azərbaycanlı təhsil alıb, bu gün onlar vətəndə nazir, nazir müavini, baş həkim, deputat, banklarda direktorlar şurasının sədri, ali məktəb rektoru vəzifələrini tuturlar.

İkinci istiqamət. Bu istiqamət Azərbaycanın ali hərbi məktəbində hərbi kadrların yetişdirilməsindən ibarət idi. 1994-cü ildə Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramını imzalamasından dərhal sonra başlayıb. Beləliklə, Türkiyənin hərbi müəllimlərinin köməyi ilə Azərbaycan zabitlərinin NATO standartları üzrə təlimi başlayıb. Türkiyə tədrisi 2002-ci ilə qədər davam edib və bu müddət ərzində hərbə və anda sadiq olan 3 mindən çox zabit yetişdirilib. Bu, o qədər güclü idi ki, 2002-ci ilin sentyabrında məktəbə sovet nizam-intizamını qaytarmaq istədikdə türk müəllimlərin qayıtmasını tələb edən kursantlar qiyam ediblər.

Beləliklə, qeyd edə bilərik ki, bu gün Azərbaycan ordusunda Türkiyədə və ya Azərbaycanda Türkiyə mütəxəssislərinin komandanlığı altında təhsil almış üç minə yaxın zabit var.

Avropada ABŞ ordusunun komandanı, general-leytenant Mark Hertlinqin 2012-ci ilin avqustunda Foregin Policy jurnalında dərc etdiyi məruzəsinə diqqət yetirək. Amerika generalının Türkiyə və Qafqaza səfərinin yekunlarına görə dərc etdiyi məruzədə hazırki gənc nəsil və sovet dövründə təhsil alanlar arasında fərq olduğu deyilir.

Məruzədə qeyd edilir ki, Sovet sistemi üzrə son buraxılış 1991-ci ildə olub. Araşdırmalara əsasən, orduda hazırki zabit heyətinin 70-75 faizi postsovet dövründə formalaşmış kadrlardır. Yəni bu, yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə ali məktəblərində və ya Azərbaycanda Türkiyə (NATO) proqramı üzrə hazırlanmış kadrlardır. Bu, 2012-ci ilə olan məlumatdır. Bu gün qeyd etmək olar ki, sovet formasiyalı zabit və generallar tək-tük qalıb, orta və yüksək zabit heyəti isə tamamilə NATO proqramının kadrlarıdır. Bu proqramın bələdçisi Türkiyə olub və hazırda da Türkiyədir.

Təsadüfi deyil ki, NATO-nun hərbi əməliyyatları çərçivəsində Azərbaycanın sülhməramlı kontingentləri Türkiyə kontingenti ilə birgə fəaliyyət göstərir, məsələn, erməni kontingenti ilə yunan kontingenti kimi.

Bu kənardan yaxşı görünür, ya pis, bilmirəm. Amma bir şey dəqiqdir ki, Azərbaycanda Türkiyənin təhsilinə, xüsusən də hərbi təhsilinə hörmət edirlər.

Düşünürəm ki, son 25 ildə Azərbaycan ordusunun real hərbi qüvvəyə çevrilməsinin və onun döyüşmək qabiliyyətinin səbəbini muzdlularda deyil, məhz bunda axtarmaq lazımdır. Muzdlular məsələsi və onlara istinad etmək problemi həddindən artıq bəsitləşdirir və həm Ermənistan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti yanıldır. Erməni strateqlər yalnış olaraq hesab edirlər ki, Azərbaycan ordusu türk mütəxəssislərin və Suriyalı muzdluların arxasına gizlənir və onlar olmasa, problem olmayacaq. Problem isə qalmaqdadır, belə ki, bu “Bir millət – iki dövlət” konsepsiyası ordusudur. Və artıq bunu etiraf etməmək qeyri-mümkün və səmərəsizdir.

İndi isə muzdlular haqqında. Suriya və Liviyadan gətirilən muzdlular, onlara aylıq 2 min dollar ödənilməsi haqqında məlumat fəal şəkildə yayılır. Bu, inandırıcı görünmür, çünki ən yaxşı xarici məktəblərdə və ən yaxşı təlimatçılar tərəfindən hazırlanmış Azərbaycan mütəxəssisləri belə bu qədər pul almır. Hansısa əcnəbilərin həmrəylik məqsədilə Ermənistan və ya Azərbaycan tərəfdə döyüşmək istəməsi istisna deyil. Bəlkə də, döyüşürlər. Azərbaycan tərəfi də, Ermənistan tərəfi də bunu inkar edir, baxmayaraq ki, məsələn, Rusiya təsdiq edir.

Amma bütün bunlara baxmayaraq, bu, Qarabağ hərbi teatrına təsir etmir, burada, etiraf etmək lazımdır ki, Ermənistan və Azərbaycanın müntəzəm orduları, bir də Qarabağın dağlıq hissəsinin ermənilərdən ibarət yığma qoşunu müharibə edir. (Mənbə: Turan)
Geri qayıt