Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP sədrinin müavini Gözəl Bayramlı vəfat edib
AXCP sədrinin müavini Gözəl Bayramlı vəfat edib7-10-2020, 21:10. |
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı bu gün, oktyabrın 7-də Bakıda vəfat edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə AXCP-dən məlumat verilib. Məlumata görə, G.Bayramlı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi və Almaniyada müalicə almışdı. AXCP-dən habelə bildirilib ki, G.Bayramlı həbsdə olan müddətdə onun səhhətində ciddi problemlər yaranmışdı, azad ediləndən sonra onda onkoloji xəstəlik olduğu təsbit edilmişdi. G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin (CM) 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdı. Rəsmi açıqlamada iddia olunurdu ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. 2018-ci il noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaltmışdı. G.Bayramlı ittihamı qəbul etmirdi. Məhkəməsində də demişdi ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son 2 ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirmişdi. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus sayırdılar. Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. 2019-cu il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə G.Bayramlı azadlığa çıxmışdı. Geri qayıt |