Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan və Ermənistan atəşkəs elan etdi -
Azərbaycan və Ermənistan atəşkəs elan etdi -10-10-2020, 09:04. |
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub. CivilAzerbaijan.com-un məlumatına görə bəyanatda deyilir ki, tərəflər bu razılığa Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın razılaşmasına əsasən gəliblər: Razılığın şərtləri bunlardır: 1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamasalmanın baza prinsipləri əsasında tezliklə sülh yolu ilə nizamasalmaya nail olmaq üçün substantiv danışıqlara başlayırlar; 4.Tərəflər danışıqlar prosesinin dəyişməz olduğunu təsdiq edirlər. Razılıq Rusiyadan əlavə ATƏT Minsk Qrupu həmsədr ölkələri olan ABŞ və Fransanın, BMT və Avropa İttifaqı rəhbərliyiinin israrlı çağırışlarından sonraya təsadüf edir. Azərbaycan prezidenti İlham Əliyev cümə günü söylədiyi nitqində torpaqların geri alınacağını bəyan etmiş, eyni zamanda Ermənistan rəhbərliyinə "sonuncu dəfə şans" verildiyini qeyd etmişdi. Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərlə müşayiət olunan döyüşlərdə Azərbaycan qüvvələrinin cəbhənin bir sıra istiqamətlərində irəlilədiyi bildirilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb, AmerikanınSəsi-nin məlumatında qeyd olunur. Geri qayıt |