Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Cəmil Həsənlidən Nikol Paşinyanın iddiasına

Cəmil Həsənlidən Nikol Paşinyanın iddiasına


20-10-2020, 13:08.
title}
Cəmil Həsənlidən Nikol Paşinyanın iddiasına


Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi, hərbi əməliyyatlarda üstünlükləri ələ alması və 30 ilə yaxın erməni tapdağında olan ərazilərin bir hissəsinin azad edilməsi erməni cəmiyyətində “sülh” axtarışlarının müxtəlif variantlarını doğurmuşdur. Variantlar müxtəlif olsa da nəticə eynidir. Bütün variantlarda işğalçı tərəfin “sülhpərvərləri” Dağlıq Qarabağın statusu haqqında tarixdə və beynəlxalq hüquqda olmayan şeylər uydururlar. Uzun illər öz işğalçılıq hərəkətlərinə bəraət qazandırmaq üçün Ermənistanın qarabağlı prezidentləri (Koçaryan və Sarqsyan) belə bir əfsanələr uydururdular ki, guya Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb.

Son vaxtlar “sülh” arzuları altında status axtarışlarına Ermənistanın keçmiş xarici işlər naziri (2008-2018) Edvard Nalbandyan da “töhfə” verir. O, bu günlərdə Ermənistan mətbuatında dərc edilən geniş təhlil yazısında bütün dəlillərini millətlərin öz müqəddəratını təyin etmək hüququ üzərində qurub və 10 il məhz, bunun uğrunda mübarizə apardığın izah etməyə çalışıb.

Ermənistan və ondan kənarda çoxlu erməni siyasətçiləri, politoloqları, beynəlxalq hüquq uzmanları və onların yandaşları məhz, Azərbaycan ordusunun işğal altında olan öz torpaqlarını azad etmək əzminə malik olduğunu görüb canfəşanlıqla Dağlıq Qarabağ üçün “status” axtarışları müzakirəsinə başlayıblar. Məsələn, hətta uzaq Honq-Konqdan olan beynəlxalq münasibəətlər üzrə “mütəxəssis” Vaaqn Vardanyan Dağlıq Qarabağın statusunun tənzimləmə “məntiqini” özünəməxsus formada yozur və beynəlxalq münasibətlər üzrə bu “tanınmış mütəxəsis” belə hesab edir ki, ermənilərin “əks hücumlar zamanı əldə etdikləri ərazilər işğal olunmuş ərazilər hesab edilə bilməz”. Göründüyü kimi status məsələsində Vardanyanın bütün “məntiqi” məhz bu işğalçılığa bəraət qazandırmaq üzərində qurulub.

Son vaxtlar daha çox Paşinyan tərəfindən üçüncü bir “uzaqgedən” tezis ortaya atılıb: “xilas naminə ayrılmaq”. Bu cəfəng fikir şübhəsiz ki, son ümid yeri kimi dövriyyəyə buraxılıb və suda boğulanın saman çöpündən yapışması kimi manipulyasiya xarakteri daşıyır. Bütün bu əllaməlikləri birləşdirən bir ümumi cəhət var: hətta Ermənistanın özü tərəfindən tanınmayan oyuncaq Dağlıq Qarabağ “respublikası”nı xilas etmək, ərazi, torpaq tələblərini milli-etnik demaqogiya ilə pərdələmək, millətlərin öz müqəddəratını təyin etmək hüququndan yeni ərazilər ələ keçirilməsi vasitəsi kimi istifadə etmək.

Son 30 ilin Ermənistan hakimiyyətlərinin və erməni ictimaiyyətinin müxtəlif aranjımanlarda əldə bayraq etdikləri bu tezislər nə dərəcədə həyati və nə qədər əsaslıdır? İlk növbədə keçmiş prezident Robert Koçaryanın müxtəlif beynəlxalq tribunalarda səsləndirdiyi “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb” iddiasına gəlin baxaq. Uzaq bir dəlil axtarmağa ehtiyac yoxdur. Koçaryanın iki il əvvəl nəşr olunmuş xatirələri (Роберт Кочарян. Жизнь и свобода. Автобиография экс-президента Армении и Карабаха.- М.: Интеллектуальная Литература, 2018) Dağlıq Qarabağın məhz Azərbaycanın tərkib hissəsi olduğunu, Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin təcavüzü və beynəlxalq erməni “könüllülərinin” bilavasitə iştirakı nəticəsində Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal edildiyin təsdiq edir. Əslində, bu yeni bir şey deyil, belə yanaşma vaxtı ilə uydurulmuş Dağlıq Qarabağı “Stalin Ermənistandan alıb Azərbaycana verdi” köhnə saxta tezisinin işğala haqq qazandıran müasir versiyasıdır. Ermənlərin “qanadlandırdığı” bu yalan zaman-zaman ərazi iddiaları məsələsində əsas spekulyasiya subyekti olub və hətta üzərindən 100 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq amerikalı Maykl Rubin (Michael Rubin) heç bir tarixi araşdırma aparmadan “The National Interest” kimi nüfuzlu bir nəşrdə bu yalanı təkrarlayır.

Halbuki, tarixi faktlar və sənədlər heç vaxt Azərbaycandan kənar Qarabağın olmadığın göstərir. Qarabağ öz dağı və aranı ilə vahid coğrafi bir məkandır, onu dağı aranından, aranı dağından ayrı deyildir. Hətta, 1923-cü ildə Qarabağın dağlıq ərazilərində vilayət yaradılanda belə o “Dağlıq Qarabağ” adı ilə yaranmamışdı, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 1923-cü il iyulun 4-də keçirdiyi iclasın qərarında göstərilirdi: “Qarabağın dağlıq hissəsində mərkəzi Xankəndi olmaqla, muxtar Qarabağ vilayəti yaradılsın”. İyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanın tərkibində vilayətin yaranması haqqında dekretində bu termin “Muxtar Qarabağ Dağlıq Vilayəti” kimi keçirdi.

Bu vilayət hüququndan isə ötən əsrin 80-ci illərinin sonunda “miatsum” hərəkatı başlayanda Qarabağın dağlıq hissəsinin erməni əhalisi məhz özləri imtina etdilər. Hələ SSRİ vaxtında 1989-cu ilin avqust ayının 16-da Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri Stepanakertdə qurultay çağıraraq Azərbaycanın tərkibində muxtar vilayət hüququndan imtina ediblər və həmin ilin dekabrın 1-də Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistan Sovet Sosialist Respublikasına qoşulması haqqında qərar qəbul edib. Eyni zamanda 1990-ci il yanvarın 9-da Dağlıq Qarabağ Ermənistan SSR-nin dövlət büdcəsinə daxil edilib. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağla bağlı Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixlərində qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qətnamə çıxarsa da, nə onda, nə də sonra Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi haqqında qərarlardan bu günə qədər imtina edilməyib.

Məsələnin ikinci maraqlı tərəfi odur ki, niyə ermənilər beynəlxalq aləmdə “Dağlıq Qarabağ”, “Nagorniy Karabakh” kimi tanınan terminlərdən imtina edib “Artsax” ifadəsindən yapışdılar? Terminologiyada belə bir dönüş Qarabağın Dağlıq hissəsinin nə tarixi, nə coğrafi, nə də inzibati baxımdan heç vaxt onlara məxsus olmaması ilə bağlı idi. Şübhəsiz ki, “Artsax” ifadəsinin uydurması ideoloji məqsəd daşıyırdı və işğal nəticəsində yaratdıqları qondarma rejimi son illər “Artsax respublikası” adlandırmaları regionu öz tarixi keçmişindən ayırmaq və problemi Qarabağ müstəvisindən çıxarmaq niyyətinə xidmət edir. Belə yeni tarix “konsepsiyası” ilə onlar daha rahat manevr edib ideoloji baxımdan Qarabağı yeni aranjemanda “özəlləşdirə” bilir və istər beynəlxalq aləm, istərsə də daxildə daha cəlbedici görünən yeni tarix hekayəsi uydura bilirlər.

Erməni ideoloqlarının spekulyativ məqsədlərlə istifadə etdikləri “öz müqəddəratını təyinetmə” hüququnun ümumiyyətlə məsələ ilə heç bir bağlılığı yoxdur. Doğrudur, BMT Nizamnaməsində belə bir hüquq var. Lakin bu hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyi hüququndan üstün hüquq deyil, onlardan sonra gələn hüquqdur. İkincisi, bu hüquqa əsasən erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib və Cənubi Qafqazda erməni dövləti yaradıb. Bu o anlama gəlmir ki, onlar kompakt şəkildə harada yaşayırlarsa (məsələn, Krasnodarda, Los-Angelesde, Marseldə), orada BMT nizamnaməsinin məlum bəndinə əsasən öz müqəddəratlarını təyin etməlidirlər. Kim təyin olunmuş müqəddərat istəyirsə, buyursun getsin müqəddəratını artıq təyin edildiyi yerə. Əks təqdirdə, bu ad altında bütün oyunbazlıqlar Ermənistanın ərazi genişlənməsi üçün bir bəhanədir.

Digər tərəfdən necə olur ki, Dağlıq Qarabağın 140 min erməni əhalisi üçün “öz müqəddəratını təyinetmə hüququ” bütün variantlarda keçərli olur, amma say etibarı ilə onlardan iki dəfə çox olub Ermənistanda kompakt halda yaşamış azərbaycanlılara münasibətdə həmin hüquq gözardı edilir? Yeri gəlmişkən bu iddianı irəli sürənlər tez-tez tarixi-etnik iddialara istinad edirlər. Bəşəriyyətin və o cümlədən Cənubi Qafqazın hazırkı geosiyasi mənzərəsinin kontrları XIX əsrin əvvəllərindən cızılmağa başlayıb. Bu baxımdan Qafqazdakı Rusiya canişinliyi elə həmin əsrdə bəzi həqiqətləri etiraf edirdi. 1900-cü ilin iyun ayının 14-də Qafqazın Baş Komandanı (Qafqaz canişini) knyaz Qolitsın Çar II Nikolayın yanındakı qapalı toplantıdakı məruzəsində açıqca deyirdi ki, biz Cənubi Qafqazı fəth edəndə orada toplam 45 min erməni əhalisi var idi. İndi onların sayı bir milyon yarımı keçib (Çar II Nikolayın yanında keçirilən Xüsusi Müşavirənin sənədləri. 14 iyun 1900-cü il, Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2000, siyahı 1, iş 6593, vərəq 14). XIX əsr ərzində həmin o 1,5 milyonluq “artımın” bəlli bir hissəsi Qarabağın payına düşür.

Son günlərin “yeni” konsepsiyası kimi ortaya atılan “Xilas naminə ayrılmaq” iddiası gülüncdür, gülünc olduğu qədər də cəfəngdir. Ermənistan ordusunun işğal etdiyi ərazilərdə ağır məğlubiyyəti bu “xilas konsepsiyasını” zəruri etmişdir və Paşinyan da son ümid yeri kimi bundan yapışmışdır. Az əvvəl o, vəziyyətdən çıxış yolunu oyuncaq Dağlıq Qarabağ “respublikasının” beynəlxalq tanınmasında görür və bu məqsədlə beynəlxalq aləmə müraciət edirdi. Bütün bunlar iflasa uğradıqdan sonra “Xilas naminə ayrılmaq” sərsəm iddiası ortaya atılıb. Dağlıq Qarabağda işğalçı rejim var, müstəəqillik deyilən bir şey yoxdur. Orada nə varsa hamısı Ermənistana məxsusdur: idarəçilik də, “özünümüdafiə qüvvələri” kimi qələmə verilən ordu da, hərbi istehkamlar da, infrastruktur da, iqtisadiyyat və hətta pul vahidi də.

Ermənisayağı “sülhpərvərlik” əvvəl Azərbaycan torpaqlarını işğal edib, orada hərbi istehkamlar qurub, oyuncaq “Artsaxa” İranla süni sərhədlər yaradıb sülhə çağırışdan keçir. Qarabağ ətrafında işğal edilən 7 rayondan yalnız ikisinin - Kəlbəcərin (3050 kv.km) və Laçının ərazisi (1883 kv.km) birlikdə Dağlıq Qarabağın ərazisindən böyükdür. Tez-tez Madrid prinsipləri, baza prinsipləri, mərhələli həll, Kazan razılaşması və sair fikirlər irəli sürülür. Bunlar hamısı ermənilərin maraqların əks etdirən diplomatik priyomlar idi. Minsk Qrupunun Ermənistanın güc mövqeyindən məsələlərə yanaşmasını diplomatik yolla ifadə etməsi idi. Yəni əvvəl 5 rayon, sonra iki rayon azad edilməli və növbəti proseduralar həyata keçirilməlidir. BMT qətnamələrində mərhələli həll deyilən bir şey yoxdur. Məlum 4 qətnamədə işğal qoşunlarının işğal etdiyi əraziləri danışıqsız dərhal tərk etməsi tələb edilir. Indi nə status-kvo var, nə də təmas xətti. Azərbaycan ordusu da dinc erməni əhalisinə qarşı müharibə aparmır, öz ölkəsini xarici işğalçı ordulardan təmizləyir. Bir anlığa bir necə gün əvvəl Hadrutun azad edilməsi ilə vaxtı ilə Cəbrayılın, Füzulinin, Ağdamın işğal edilməsindəki dağıntı fərqinə baxın. Azərbaycan şəhər və kəndlərinin dağıdılmasının, yaşayış və ictimai tikililərin viran edilməsinin, işğal nəticəsində ölkəyə dəymiş maddi ziyanın əvəzini kim ödəyəcək?

Son günlər daha bir modda olan məsələ müharibə bölgəsinə sülhməramlı və ya müşahidəçilərin yerləşməsi məsələsidir. Burada da qeyd edilir ki, belə bir “missiya” üçün guya hər iki tərəf razılıq verməlidir. Azərbaycanı başa düşdük, xarici işğalçılara qarşı hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində gedir. Bəs Ermənistan? Niyə Ermənistanın razılığı ilə Azərbaycan ərazilərində sülhməramlı qüvvələr yerləşdirilsin? Bu necə ola bilər? Guya deyirlər ki, mərhələli həldə bu sonuncu yerdə gəlir. Sonda və ya əvvəldə gəlməsindən asılı olmayaraq belə yanaşma kökündən səhvdir. Problemin həlli Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərini tərk etməsindən keçir. İndiyə qədər aparılan danışıqlar Azərbaycanı işğal rejiminə adaptasiya etmək xarakteri daşıyırdı. O dövr arxada qaldı. (Turan)
Geri qayıt