Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İnsan Hüquqları Günü ilə bağlı hökumətə təkliflər verildi
İnsan Hüquqları Günü ilə bağlı hökumətə təkliflər verildi10-12-2020, 13:17. |
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci il tarixində İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni qəbul edib. Məhz bu əlamətdar və vacib sənədin qəbul edilməsinə görə 10 dekabr həmin tarixdən etibarən İnsan Hüquqları Günü kimi qeyd edilir. CivilAzerbaijan.com bildirir ki, Bakı İnsan Hüquqları Klubu beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının daha yaxşı qorunmasına böyük ehtiyac var: "Belə ki, bir sıra hüquqların təmin edilməsində ciddi problemlər mövcuddur. Bu problemlər dinc şəkildə sərbəst toplaşmaq azadlığından tutmuş mülkiyyət hüququna kimi müxtəlif azadlıqları əhatə edir. Nəticə etibarilə ümumi demokratik tərəqqi istiqamətində də təxirəsalınmadan həll edilməli olan problemlər ortaya çıxıb". "Bakı İnsan Hüquqları Klubu olaraq Azərbaycanda yaşayan bütün şəxsləri İnsan Hüquqları Günü münasibətilə təbrik edirik. Ölkəmizdə insan hüquq və azadlıqlarının daha yaxşı qorunması məqəsdinə nail olmaq üçün müxtəlif istiqamətlərdə fəaliyyətimizi davam etdirməkdəyik. Hesab edirik ki, Qarabağda barış və reinteqrasiya məsələlərindən başlayaraq sosial hüquqların təmin edilməsinə qədər bir sıra çağırışlar mövcuddur və biz bu çağırışların həllinə töhfə verməyə hazır olduğumuzu bəyan edirik", - açıqlamada deyilir. Təşkilat hesab edir ki, hökumət indiki mərhələdə aşağıdakı addımları atmaqla Azərbaycanda İnsan Hüquqları Gününün ruhuna uyğun olaraq ölkədə hüquq və azadlıqların təmin olunmasında üzərinə düşən vəzifəni daha yaxşı yerinə yetirmiş olardı. Bakı İnsan Hüquqları Klubu bununla bağlı hökmətə təkliflər də verib: 1. Siyasi motivli və sübuta yetirilməyən ittihamlar əsasında həbs olunmuş və azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa buraxılması üçün mövcud hüquqi mexanizmlər (əfv, amnistiya, vaxtından əvvəl azad etmə və s.) tətbiq edilsin; 2. Qeyri-hökumət təşkilatlarının (QHT-lər) yaradılmasını və fəaliyyətini tənzimləyən qanunvericilik aktları təkmilləşdirilsin, xüsusilə QHT-lərin qeydiyyatı və onlar tərəfindən maliyyə imkanlarına, o cümlədən qrantlara çıxış imkanları əsaslı şəkildə sadələşdirilsin; 3. Təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılaraq onun tam mülki məsuliyyətlə əvəz edilməsi üçün "Diffamasiya haqqında” Qanun qəbul edilsin; 4. Mülkiyyət hüququnun qorunması istiqamətində addımlar atılsın, məhkəmə qərarı və bazar qiymətlərinə uyğun ədalətli kompensasiya olmadan söküntülərə yol verilməsin; 5. Proporsional seçki sisteminin bərpa edilməsi, siyasi partiyaların ictimai yayımçılara çıxışının təmin olunması və ümumi siyasi plüralizm mühitinin formalaşması istiqamətində addımlar atılsın. "Qeyd edilən təkliflər ən vacib hesab etdiyimiz istiqamətləri əhatə edir, bu və digər istiqamətlər üzrə ətraflı məlumatları bölüşməyə, mövcud problemlərin həlli üçün müvafiq dövlət qurumları və rəsmi şəxslərlə dialoq aparmağa hazır olduğumuzu da bir daha bəyan edirik", - deyə təşkilat bəyan edib. Geri qayıt |