Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Qarabağdakı Rusiya hərbçilərinin nəzarət zonasında dəyişikliklər olub
Qarabağdakı Rusiya hərbçilərinin nəzarət zonasında dəyişikliklər olub14-12-2020, 00:01. |
Qarabağda yerləşən Rusiya sülhməramlılaının nəzarət etdiyi ərazilərin xəritəsində yenidən dəyişiklik olub. Xəritədə ərazinin miqyası artıb. CivilAzerbaijan.com bildirir ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 13-də yenilənmiş xəritəni dərc edib. Genişlənən əraziyə Xocavənd rayonunun iki kəndi- Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə gedən yollar daxildir. AzadlıqRadiosunun erməni xidmətinin verdiyi məlumata görə, dekabrın 12-də Ermənistan baş nazirinin sözçüsü özünün facebook səhifəsində adı çəkilən kəndlərdə Azərbaycan və Ermənistan əsgərləri arasında toqquşmaların olduğu barədə məlumat paylaşıb. Radionun məlumatına görə, dekabrın 13-ü səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin artıq adı çəkilən kəndlərə daxil olduğunu bildirib. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da dekabrın 11-də adı çəkilən kəndlər ətrafında atəşkəsin pozulduğunu deyib. O, hazırda həmin ərazilərdə vəziyyətin normallaşdığını deyib. Azərbaycanın Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti də elə həmin gün, dekabrın 13-də birgə məlumat yayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəliklərdə “bəzi erməni hərbi birləşmələrinin qaldığını, onların Azərbaycan hərbçilərinə və ərazidə işləyən mülki şəxsələrə qarşı terror-təxribat əməlləri törədildiyini” bildirib. Amma birgə məlumatda Ermənistan mənbələrində qeyd olunan kəndlərin deyil, Xocavənd rayonu Sur kəndinin adı çəkilir. “2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.” Hələki, Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərin xəritəsindəki dəyişikliklərə Azərbaycanın rəsmi qurumları münasibət bildirməyiblər. N. Paşinyan: “Rusiya sülhməramlıları əraziyə böyük qüvvələrlə girdi” Dekabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında da adı çəkilən kəndlərlə bağlı məsələlərdən danışıb. O bildirb ki, artıq həmin ərazilər Rusiya sülhməramlılarının nəzarətindədir. “Bu gün səhərdən etibarən Rusiya sülhməramlıları əraziyə böyük qüvvələrlə girdi. Hazırda vəziyyət nisbətən stabildir, heç olmasa, orada sülhməramlıların olması daha da gərginləşmənin qarşısını almaq ehtimalının yüksək olduğuna inam yaradır", - deyə baş nazir bildirib. Noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Qarabağda hərbi əməliyyatların dayandırlması il bağlı 10 bənddən ibarət birgə bəyanat imzalayıblar. Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, həmin bəyanatda yer alan bəndə uyğun olaraq 2000-ə yaxın Rusiya hərbçisi Qarabağa daxil olub və ərazidə 23 müşahidə məntəqəsi yaradılıb. Bundan başqa, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə gələn Laçın dəhlizi də Rusiya hərbçilərinin nəzarətinə keçib. Geri qayıt |