Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Yeni ildə Azərbaycanda devalvasiya olacaq?

Yeni ildə Azərbaycanda devalvasiya olacaq?


22-12-2020, 17:55.
title}
Yeni ildə Azərbaycanda devalvasiya olacaq?


2021-ci ilin dövlət büdcəsi layihəsi devalvasiya ilə bağlı müzakirələri artırıb.

CivilAzerbaijan.com
bildirir ki, büdcə gəlirlərinin və xərclərinin cari ilə nisbətdə artması, eləcə də büdcə kəsrinin həcmi və ödəniləcək xarici borcun məbləği devalvasiya riski yaradır. Çünki pandemiya fonunda azalan iqtisadi fəallıq gələn ilin baş maliyyə planını yerinə yetirmək imkanlarını məhdudlaşdırır.

Maliyyə Nazirliyinin açıqladığı "Azərbaycan Respublikasının 2021-ci il dovlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahat” adlı sənəddə "Məzənnə riski” adlı xüsusi bölmədə deyilir:

"... Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

Pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur. Lakin halhazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib cıxarır. Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur”.

Sənəddən göründüyü kimi iqtisadi şərtlər hakimiyyəti devalvasiyaya getməyə məcbur edə bilər. Yəni, gələn il üçün devalvasiya ehtimalı yüksəkdir.

İqtisadçı Toğrul Vəliyev Qaynarinfoya devalvasiya riskini şərh edərkən bildirib ki, bu baş verəcəksə, ölkədə çətin vəziyyət yaranacaq:

"Devalvasiya olsa, büdcəmizə ciddi zərbə vuracaq, çünki dövlət borc öhdəliklərinin artması planlaşdırılıb. Onların planlaşdırılmasında isə 1 dollar 1,7 manat kimi götürülüb. Normalda indiki şəraitdə tələb artmalı idi və əlavə manat kütləsi də istehlak olunacaqdı. Amma əhalinin tələbatı azalıb (bəllidir: gəlir azalanda, tələbat da azalır). Bunun nəticəsində isə boş manat kütləsi də çoxalıb. Manatın məzənnəsi də onun dollarda ifadə olunan qiymətidir. Bildiyimiz kimi hansısa məhsulun bazarda tələbatdan çox olması qiymətinin aşağı düşməsinə səbəb olur. İndiki vəziyyət də məhz belədir. Maliyyə Nazirliyi və Mərkəzi Bank bu izafi (yəni artıq) kütləni neytrallaşdırmaq üçün müxtəlif qiymətli kağızların buraxılmasına çalışır. Yəni müxtəlif istiqrazlar və s. alətlər hesabına artıq kütləni azaltmaq və sabitləşdirməyə çalışırlar.

Bəs bu uzunmüddətli olacaqmı? Əlbəttə ki, yox. Məsələ ondan ibarətdir ki, bu alətlər qısamüddətlidir. Onlar bir müddətlik nəyisə təmin edir. Amma əhali gəlirlərinin azalması, idxaldan yüksək asılılıq və müvafiq olaraq sahibkarlarda problem valyutaya tələbatı artırır. Artıq iqtisadi subyektlər iqtisadi vəziyyətin qənaətbəxş olmamasını nəzərə alaraq yeni aktivlər axtarırlar. Ölkəmizdə isə yeganə aktiv valyutadır. Nəticədə tələbat artır və valyuta bahalaşır. Bunun qarşısını almaq üçün Maliyyə Nazirliyi istiqrazlardan, Mərkəzi Bank digər alətlərdən istifadə edəcək. Amma normal iqtisadi fəaliyyət bərpa olunmayınca (Azərbaycanda isə əhalinin böyük hissəsi karantin vaxtı çalışmaq imkanından məhrumdur) bu risk yüksək olaraq qalacaq"
Geri qayıt