Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Human Rights Watchın "Azərbaycan: 2020"

Human Rights Watchın "Azərbaycan: 2020"


14-01-2021, 13:51.
title}
Human Rights Watchın "Azərbaycan: 2020"


"Human Rights Watch" insan hüquqları təşkilatı Azərbaycanla bağlı 2020-ci il hesabatını yayımlayıb.

CivilAzerbaijan.com
hesabatın mətnini "Toplum TV"-yə istinadla təqdim edir:

"Dağlıq Qarabağ münaqişəsinin sentyabr ayının sonunda yenidən alovlanması 2020-ci ilin sonuna qədər Azərbaycanda baş verən hadisələrə hakim oldu. Müharibə dövründə münaqişə tərəfləri beynəlxalq humanitar hüquq pozuntularına yol verdilər. Azərbaycan hərbçiləri qadağan edilmiş kaset bombalardan istifadə edərək hücumlar həyata keçirdilər.

Müharibə dövründə ölkədə əldə olunan milli həmrəylik iqtidarla siyasi müxalifət arasında kəskinləşmiş qarşıdurmanı dayandırmağa xidmət etdi. Buna baxmayaraq, il ərzində hökumət ümumilikdə fərqli fikirlərə qarşı dözümsüzlüyünü davam etdirdi. Hakimiyyət, Covid-19-un yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi məhdudiyyətlərdən sui-istifadə edərək tənqidçiləri, xüsusilə müxalif Azərbaycan Xalq Cəbhəsini üzvlərini hədəfə aldı.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2020-ci ildə beş fərdi işlə bağlı verdiyi qərarında bildirdi ki, 2014-2016-cı illər arasında Azərbaycan hökuməti onu tənqid edən fəallardan qisas almaq məqsədilə onları haqsız yerə həbs edib.

Tətbiq edilən məhdudlaşdırıcı qanun və qaydalar qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyət göstərməsinə il boyunca ciddi əngəllər yaratmaqda davam etdi. Ölkədə işgəncə və pis rəftarla bağlı ciddi hüquq pozuntuları hallarının davam etməsi haqda məlumatlar il ərzində geniş yayıldı.

Fevral ayında keçirilmiş növbədənkənar parlament seçkiləri, seçki dövründə pozuntuların baş verməsi ilə bağlı etibarlı iddialarla müşaiyət olundu. Bu seçkilərin nəticəsində hakim partiya parlamentdə çoxluğu əldə etdi.

Aprel ayında Ali Məhkəmə iki keçmiş siyasi məhbusa, siyasətçi İlqar Məmmədov və insan haqları müdafiəçisi Rəsul Cəfərova AİHM-nin bir neçə il əvvəl onların xeyrinə çıxardığı hökmlər əsasında bəraət verdi.

Dağlıq Qarabağ münaqişəsi

27 sentyabrda Azərbaycan hərbi hücumlara başlaması ilə Azərbaycanla Ermənistan və Dağlıq Qarabağdakı de-fakto hakimiyyət orqanları arasında düşmənçilik artdı. On minlərlə insan müharibə nəticəsində Dağlıq Qarabağı tərk etdi. Rusiyanın vasitəçiliyi ilə 10 Noyabrda imzalanan atəşkəs razılaşması altı həftəlik döyüşlərə son verdi. Razılaşmaya görə Ermənistanın işğal etdiyi bir neçə əraziyə nəzarəti Azərbaycana geri qaytarılsa da Dağlıq Qarabağın siyasi statusu təyin edilməmiş qaldı. Rusiya atəşkəsə nəzarət etmək üçün öz sülhməramlı qüvvələrini bölgəyə yerləşdirdi.

Müharibə edən tərəflər mülki insanlara qanunsuz zərər verən beynəlxalq humanitar hüquq pozuntularına (Ermənistan qüvvələri tərəfindən törədilən pozuntular üçün Ermənistan bölməsinə baxın) yol verdilər.

Döyüşlər zamanı Azərbaycan hərbi qüvvələri havadan atılan böyük partlayıcılar və dəqiqliklə hədəfləmə qabiliyyəti olmayan raketləri mülki əhalinin olduğu bölgələrə atdı. Elektrik stansiyaları kimi ikili təyinatlı infrastruktura edilən hücumlar mülki əhaliyə həddindən artıq zərər verdiyi ehtimalı vardır. Hərbi hədəfləri vurulmasından əlavə, bəzi belə hücumlar nəticəsində məktəblərə, mülki evlərə və müəssisələrə və xəstəxanalara ziyan vurulub və elektrik, qaz və su kimi xidmətlərin mülki əhaliyə müntəzəm verilməsində kəsintilər baş vermişdir.

Azərbaycan hərbi qüvvələri əhalinin yaşadığı ərazilərdə mülki insan tələfatı ilə nəticələnən qadağan olunmuş kaset bombalarından istifadə edibdir. Kasetli sursatların geniş yayılan təsiri və mülki əhali üçün uzunmüddətli təhlükəsinə görə onlar beynəlxalq müqavilə ilə qadağan edilib.

Humanitar qanunları ciddi şəkildə pozaraq, Azərbaycan əsgərləri erməni hərbi əsirlərini fiziki istismara və alçaldıcı hərəkətlərə məruz qoydular. Bu hallar videoya çəkilib internetdə geniş yayılmışdır.

İfadə azadlığı. Media azadlığı

Fevral ayında AİHM-in verdiyi qərarda qeyd olundu ki, hökumət araşdırmaçı jurnalist Xədicə İsmayılovanı susdurmaq və cəzalandırmaq üçün onu 2014-2016-cı illərdə haqsız yerə həbs etmişdi.

Mart ayında Bakı məhkəməsi gözlənilmədən araşdırmaçı jurnalist Əfqan Muxtarlının vaxtından əvvəl sərbəst buraxılmasına qərar verərək, onu ölkə xaricində yaşayan ailəsinə qoşulmasına icazə verdi. Saxta ittihamlar əsasında Muxtarlı altı illik həbs cəzasının yarısını çəkmişdi. Avqust ayında AXCP-nin aparıcı fəallarından olanç bloqqer Fuad Əhmədli siyasi motivli ittihamlarla dörd illik həbs cəzasını çəkdikdən sonra sərbəst buraxıldı.

Hakimiyyəti tənqid edən ən azı üç jurnalist və bloqqer hələ də siyasi motivli ittihamlarla həbsdədir. 2020-ci ilin noyabrında journalist Polad Aslanov vətənə xəyanət ittihamı ilə 16 il həbs cəzasına məhkum edildi. Jurnalist Araz Quliyev və Elçin İsmayıllı həbs cəzalarını çəkməyə davam etdilər. Xədicə İsmayılova və Şahvələd Çobanoğlu da daxil olmaqla digər jurnalistlər hökumətin tətbiq etdiyi səyahət qadağaları ilə üzləşməyə davam etdi.

Sentyabr ayında Baş Prokurorluq, tanınmış bloqqerlər Tural Sadıqlı və Orduxan Bəbirlinin daxil olduğu ölkə hakimiyyətini tənqid edən bir qrup siyasi mühaciri beynəlxalq axtarışa verdi.

Parlamentin Covid-19 pandemiyasına əlaqədar olaraq mart ayında İnformasiya Qanununa etdiyi dəyişikliklərə əsasən, internet informasiya resursları sahibləri yalan hesab etdikləri və cəmiyyətin təhlükəsizliyi və ya sağlamlığı üçün təhlükə hesab ediləcək məlumatların onlayn yayımlanmasının qarşısını ala bilmədikləri təqdirdə üç ilə qədər həbs cəzası ilə üzləşə bilərlər. Human Rights Watch ən azı 10 belə hadisədən xəbərdardır ki, vebsayt sahiblərini, bloggerləri və Facebook istifadəçilərini hökumət məcbur etmişdir ki, hökumətin pandemiyaya ilə bağlı siyasətini tənqid edən onlayn yazılarını silsinlər.

Covid-19

Covid-19 pandemiyasının yaratdığı çətinliklər barədə televiziyadakı əsas çıxışında Prezident İlham Əliyev kornonavirusun yayılmasına qarşı tətbiq olunacaq tədbirlərdən siyasi rəqiblərə qarşı sərt mübarizə aparmaq üçün istifadə edəcəyinə eyham vurdu. Bu çıxışında Prezident həm də müxalifəti xəyanətkar, düşmən və beşinci kolonun nümayəndələri adlandırdı.

Prezidentin bu çıxışından bir neçə gün sonra hökumət bir neçə fəal və bloqqeri həbs edildi. Həbsolunanların əksəriyyəti hökumətin nəzarətində olan karantin mərkəzlərindəki ağır şəraiti və ya pandemiyanın yaratdığı maddi cətinliklərdən əziyyət çəkən insanlara hökumət tərəfindən lazımi təzminat verilməməsini tənqid etmişdi.

Məhkəmələr, Covid-19 ilə əlaqəli qarantin qaydalarını pozma və ya polis əmrlərinə tabe olmamaq kimi ittihamları əsas gətirərək tutulan fəalları 10 ilə 30 gün arasında inzibati həbs cəzasına məhkum etdi. Bunların arasında AXCP üzvü Niyaməddin Əhmədov da var idi. İddiaya görə, polis Əhmədovu həbsxanada döyərək ondan AXCP liderinə qarşı yalan ifadə verməyə məcbur edib. Sərbəst buraxılmasına bir neçə gün qalmış hökumət ona qarşı terrorizmi maliyyələşdirdiyi iddiası ilə yeni şübhəli ittihamlar irəli sürdü.

Siyasi müxalifətin təqib olunması

Mart ayında müxalif Musaval partiyasının tanınmış liderlərindən olan Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamı ilə həbs edildi. Sentyabr ayında keçirlilən məhkəmə onu dörd il üç ay müddətinə azadlıqdan məhrum etdi. Polis yalandan iddia irəli sürdü ki, guya Yaqublu avtomobil qəzasından sonra bir sürücüyə və sərnişininə fiziki hücum edib. Məhkəmədə müşahidə aparanlar çoxsaylı məhkəmə prosesi pozuntularını qeyd etdilər, məsələn, məhkəmə Yaqublunun müdafiəsini təsdiqləyən CCTV görüntülərinin alınması və göstərilməsi üçün müdafiə tərəfinin tələbini rədd etdi. Sentyabr ayında məhkəmə Yaqublu'nun aclıq aksiyasından sonra səhhətində yaranan nasazlıqlar səbəbiylə ev həbsinə köçürülməyinə qərar verdi.

May ayında keçirilən bir məhkəmədə Korrupsiyaya-Yox-De Facebook səhifəsi ilə əməkdaşlıq edən bir fəal, Cəlil Zabidova, saxta xuliqanlıq ittihamı ilə beş ay həbs cəzası verildi. Fevral ayında Zabidov bir məntəqədə seçki saxtakarlığına dair dəlilləri lentə almış və social şəbəkədə yaymışdı. Zabidov bildirib ki, saxtakarlıq dəlillərini paylaşdıqdan bir gün sonra yerli bir seçki məmurunun ona hücum edib, və nəticədə buna cavab olaraq Zabidova ittiham edilib.

İl ərzində, hökumət AXCP-nin həm aparıcı, həm də adi üzvlərini qeyri-mütənasib və ya saxta ittihamlarla və digər təqib vasitələri ilə hədəfə almaqda davam etdi. Mart ayında polis AXCP fəalı Aqil Hümbətovu hökumətin pandemiya ilə mübarizə siyasətini tənqid edən bir video yüklədikdən sonra həbs edərək, onu zorla bir psixiatriya klinikasına yerləşdirdi. Bir neçə gün sonra məhkəmə onun sərbəst buraxılmasına qərar verdi. Polis, Humbətovu klinikadakı vəziyyəti izah edən tənqidi bir video yayımladıqdan sonra ikinci dəfə yenidən həbs etdi və Apellyasiya Məhkəməsi onun əsassız olaraq psixiatriya xəstəxanasına yerləşdirilməsi qərarını qüvvədə saxladı. İyul ayında heç bir izahat və tibbi sənəd olmadan o, sərbəst buraxıldı.

Avqust ayında məhkəmə AXCP üzvü Paşa Umudovu saxta narkotik ittihamı ilə 4 il beş ay həbs cəzasına məhkum etdi. Hökumət, Umudovu 2019-cu ilin oktyabrında planlaşdırılan icazəsiz mitinq ərəfəsində həbs etmişdi.

Bakıda 14 iyulda Qarabağ münaqişəsi üzrə müharibə tərəfdarlarının etirazından sonra 17 AXCP üzvünə qarşı asayişin pozulması, əmlakın dağıdılması və digər ittihamlar əsasında tutularaq cinayət məsuliyyətinə cəlb olundular. Mitinq zamanı bir qrup şəxsin zorla, lakin qısa müddətdə parlament binasına girərək yüngül ziyan vurduğu bildirilirdi. Polis onları Parlament binasından çıxartdıqdan sonra küçədə etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.

Tutulan 17 AXCP üzvünün əksəriyyəti mitinqə ümumiyyətlə qatılmamışdı. Həbs olunanlar arasında partiyanın rəhbərliyində təmsil olunan Asif Yusifli, Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli də var idi. Mitinqdə yalnız Yusifli iştirak etmişdi, ancaq parlamentə girən qrupda o olmamışdı. Noyabr ayında məhkəmə bu beş şəxs də daxil olmaqla AXCP üzvlərindən 12-ni həbsxandan ev dustaqlığına köçürülməsi ilə bağlı qərar verdi.

17 nəfərin əksəriyyətinə istintaq dövründə öz vəkillə görüşmələrinə imkan verilməmişdir; Fuad Qəhrəmanlı da daxil olmaqla bəziləri iki həftəyə yaxın inkommukado şəraitində saxlanılaraq, ətraf aləmlə ünsiyyətdən təcrid edildi. Hökumət, tutulanların qanunsuz hərəkətlərdə iştirak etdikləri barədə ittihamları təsdiqləyən heç bir maddi sübut təqdim edə bilmədi.

Dekabr ayında keçirilən bir məhkəmədə bu məhbuslardan biri, Məhəmməd İmanlı, Covid-19 virusunu yaymaqda saxta cinayət ittihamı ilə günahkar bilinərək, bir il həbs cəzasına məhkum edildi. Bu yazı hazırlanarkən o hələ də həbsdə idi.

Aksiyadan bir neçə həftə sonra ən azı 25 AXCP üzvünü Covid-19 qarantin qaydalarını pozmaqda günahlandırılaraq saxta ittihamlarla 30 günə qədər inzibati qaydada həbsdə edildi.

Sərbəst toplaşmaq azadlığı

Azərbaycan hökuməti uzun müddətdir ki, Bakının mərkəzi ərazilərindəki etiraz aksiyalarına faktiki olaraq tam qadağa tətbiq edib. Fevral ayında polis, parlament seçkiləri dövründəki iddia edilən pozuntulara etiraz edən, parlament namizədləri də daxil olmaqla yüzdən çox müxalifət tərəfdarını saxladı. İcazəsiz etiraz aksiyası başlamazdan əvvəl polis bir neçə faəlı evlərində saxladı. Polis bu saxlanılanların əksəriyyətini Bakıdan 200-300 kilometr aralıda yerləşən ucqar ərazilərə apararaq orada onları tərk edərək sərbəst buraxdı.

İşgəncə və pis rəftar

İl boyunca hökumət həbsdə olanların işgəncə və digər pis rəftar haqda şikayətlərini bir qayda olaraq rədd etdi və ölkədə bu hallara görə cəzasızlıq mühiti davam etdi.

Ailəsi tərəfindən sosial mediada yayımlanan açıq məktubda AXCP üzvü, yanvar ayında tutulan və aprel ayında defamasiya cinayət ittihamına görə mühakimə olunan Əlizamin Salayev, məntəqədəki polislərin onu yerə yıxaraq ondan tələb ediblər ki, başını tualetin içinə salaraq və bunu videoaya çəksin. Etiraz etdikdə, polis onu döyməyə başlayıb. Salayevin sözlərinə görə, polis nəzarətində olarkən o, iki dəfə xəstəxanaya aparılıb. Hər iki dəfə də həkimlər döyülmə nəticəsində qarın boşluğunda yırtıq yarandığı üçün əməliyyat edilməsini tövsiyə ediblər. Polis buna imkan verməyib. Salayevin vəkilinin həbsindən yalnız 9 gün sonra onunla görüşməsinə icazə verilib və o, Salayevin bədənində qançırları gördüyünü təsdiqləyib. Məhkəmə heyəti Salayevin işgəncə şikayətini rədd edərək, iddiaları araşdırmaqdan imtina etdi.

İyun ayında Bakıda çevik polis əməkdaşları bir mənzildə basqın edərək ən azı 11 nəfəri saxladı. Basqın, polisin Covid-19 qarantin qaydalarını pozmaqda şübhəli bilinərək bina sakinlərindən birini tutduqdan bir gün sonra baş verdi; bir qrup sakin polisin adamı həbs edib otuzdurduğu maşına zibil atdı. Polis, bu 11 nəfəri həbs etmək üçün həddindən artıq güc tətbiq etdi; bəzilərinə cərimələr, bəzilərinə 15 sutka qədər həbs cəzası verildi. Sonuncular arasında bir videoda çoxsaylı polisin onu beş saat döydüyünü iddia edən Kərim Süleymanlı da var idi. Sərbəst buraxıldıqdan sonra yayımlanan bir videoda onun üzərində qançırlar görünürdü. Süleymanlının vəkili Cavad Cavadov pis rəftarla bağlı şikayət versə də, prokurorluq bunu araşdırmaqdan imtina etdi. Vəkil Cavadov, müvəkkilinə qarşı baş verən narahatçılıqları ictimailəşdirdiyi üçün Vəkillər Kollegiyasını ona rəsmi xəbərdarlıq etdi.

İyul ayında həbs olunan AXCP üzvlərindən biri, Seymur Əhmədov, həbsdə olan zaman döyülməyə qəruz qalması ilə bağlı prokurorluğa şikayət etdi. İstintaq təcridxanasından yazdığı bir məktubda Əhmədov, mülki geyimli bir polisin bir saat ərzində onu dəyənəklə "o qədər pis döyüldüyündən ağrını artıq hiss edə bilmədiyini” ictimailəşdirdi. Rəsmi şəxslər bu iddialarla bağlı səmərəli bir araşdırma aparmadı.

Əsas beynəlxalq güclər

Yanvar ayında, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycandakı siyasi məhbus probleminin "sistematik olduğunu” və birdəfəlik həll edilməsinin zəruri olduğunu nəzərdə tutan qətnamə qəbul etdi. AİHM bu qətnamə ilə Azərbaycandakı cinayət mühakiməsindən siyasi motivli sui-istifadə edilməsini "narahatlıq doğuran bir praktika” halı olmasına istinad etdi.

Fevral ayında AŞPA, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər müstəqil müşahidəçilər parlament seçkilərinin azad və ədalətli səsvermə üçün beynəlxalq standartlara cavab vermədiyini bəyan etdilər.

Yaqublunun mühakimə olunmasına və eləcə də hökumətin Covid-19 pandemiyası zamanı müxalifət fəallarına qarşı təzyiq etməsinə cavab olaraq Azərbaycanın bir sıra beynəlxalq tərəfdaşları bu halları tənqid edən bəyanatlar verdi.

Mart ayında AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Yaqubluya qarşı işin "uydurma" olduğunu qeyd edərək, hökumətin "növbəti dəfə geniş siyasi repressiyaya başlamasını” sərt dillə tənqid etdi.

Sentyabr ayında ABŞ səfirliyi bəyanat verərək hökuməti "son siyasi motivli həbs dalğasını dayandırmağa, Tofiq Yaqublunun məsələsinə yenidən baxılmasına və ölkədə söz və birləşmə azadlıqlarına hörmət etməyə” çağırdı.

AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasətinin sözçüsü sentyabr ayında etdiyi bir açıqlamada Tofiq Yagubluya verilən hökm ilə müqayisədə "hökumətin ölkədə hər kəs üçün siyasi azadlıqları qorumaq və genişləndirmək ilə bağlı üzərinə götürdüyü öhdəliklərin” suallar doğurduğunu bəyan edərək Yaqublunun işinin yenidən araşdırılmasının vacibliyini vurğuladı".
Geri qayıt