Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir14-01-2021, 14:21. |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli külli miqdarda vergidən yayınma ittihamıyla bağlı hər hansı bildiriş və yaxud xəbərdarlıq almayıb. CivilAzerbaijan.com bildirir ki, bu barədə Əli Kərimli Meydan TV-nin sualına cavab verərkən bildirib. Əli Kərimli AzadlıqRadiosunun xəbərini təsadüfü hesab etmir: “Yəqin ki, əsassız belə məlumat yaymaz”. AXCP sədri iddia olunan ittihamı absurd adlandırıb: “Azərbaycan xalqı mənim heç bir biznesimin olmadığını bilir və bu baxımdan vergidən yayınmaqdan söhbət gedə bilməz. Təqribən ildə bir və ya iki dəfə mənə qarşı uydurma ittihamlar qurmağa cəhdlər olur. Dünən yayılan məlumat da onlardan biridir. Amma hər dəfə də absurd olur. Əslində, istintaq orqanlarını da qınamıram, mən qanunu pozmuram, əsas da vermirəm, ona görə hansı ittihamı irəli sürsələr, absurd olacaq”. Əli Kərimli ona qarşı ittihamın səbəbi kimi apardığı mübarizəni görür: “AXCP olaraq biz prinsipial müxalifətçilik xəttindən geri çəkilməmişik. Hökumət ötən il İlham Əliyevin dediyi yeni konfiqurasiya yaradıb və müxalifəti həmin çərçivəyə salmağa çalışırlar. Biz müxalifət oyunu oynamadığımızdan o çərçivəyə girmədik. Biz gerçək müxalifət olduğumuzdan hökumətin siyasətini açıq şəkildə tənqid edirik. Xüsusilə hökumət narahat edən odur ki, AXCP rus sülhməramlılarının Azərbaycana qayıdışına ilk saatlarda çox prinsipial münasibət bildirdi. Sonradan ictimai rəy də bizimlə həmfikir olaraq Rusiya ordusunun Azərbaycana qayıdışını qəbul etmədi. Biz hökumətin 10 noyabr üçtərəfli sazişini bəzəkli şəkildə xalqa təqdim edib aldatmasına da imkan vermədik. Bildirdik ki, erməni silahlı qüvvələri Qarabağdan çıxmayıb, Azərbaycanın həmin bölgədə suverenliyi, ərazi bütövlüyü deyildiyi kimi təmin olunmayıb. Bu həqiqətləri hərtərfli şəkildə cəmiyyətə çatdırdıq. Eyni zamanda, hökumətin apardığı çox ədalətsiz sosial siyasətə kəskin tənqidimizi bildirdik. Əsgərlərimizin, zabitlərimizin, şəhid ailələrinin ciddi şəkildə müdafiə olunmasını tələb etdik. Bahalaşmaya, hökumətin israfçılığına, bir gün əvvəl Mərkəzi Bank üçün 450 milyon manata absurd, yersiz bir layihə irəli sürməsinə kəskin mövqeyimizi bildiririk. Hökumət də Azərbaycanda belə prinsipial müxalifət görmək istəmir. Bütövlükdə mənə qarşı növbəti ittiham irəli sürülməsinin arxasında dayanan əsas motiv budur ki, hökumət Azərbaycanda gerçək, onun səhvlərini açıq tənqid edən xalqı səfərbər edə bilən, ictimai rəyə güclü təsiri olan müxalifət görmək istəmir. Amma hökumətin bu istəyi də real deyil”. Əli Kərimlinin sözlərinə görə, o, həbs olunsa belə, AXCP və Milli Şuranın da, Azərbaycan xalqının da demokratiya uğrunda mübarizəsi artan xətlə davam edəcək: “Azərbaycan xalqını demokratiya, ədalət uğrunda mübarizədən heç kim çəkindirə bilməyəcək. Belə bir addım atacaqlarsa, növbəti səhv olacaq, hökumətlə xalq arasındakı qarşıdurma daha da artacaq və Azərbaycanı çox neqativ şəkildə dünyanın gündəminə gətirəcək. Ona görə də hökumətin növbəti səhv addımı atmaq ərəfəsində olduğunu düşünürəm. Azərbaycan cəmiyyətinə mesaj vermək istəyirlər ki, 44 günlük müharibədən sonra ölkədə hansısa demokratik dəyişikliklərin olması ilə bağlı heç də ümidli olmayın, məmləkəti II Qarabağ savaşından əvvəlki repressiv gündəmə qaytaracaqlar. Amma mənasız səhv siyasət olduğu üçün heç bir perspektivi yoxdur. Azərbaycan xalqı demokratiyasına, azadlığına sahib olacaq - bir gün tez, bir gün gec”. Yanvarın 13-də AzadliqRadiosu hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb ki, AXCP sədri Əli Kərimlinin külli miqdarda vergidən yayınması ilə bağlı araşdırma aparılır. “Mənbənin bildirdiyinə görə, Gədəbəyin AXCP-yə maliyyə yardımında suçlanaraq həbs olunan keçmiş icra başçısı Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və üç nəfər cəbhəçinin işi 2018-ci ilin dekabrında məhkəməyə göndəriləndə ondan başqa bir cinayət işi ayrılıb. Həmin cinayət işi üzrə AXCP sədri və partiyanın bir sıra funksionerləri ilə bağlı istintaq hərəkətləri aparılır”, - AzadliqRadiosunun xəbərində belə deyilir. Eyni zamanda, AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovla bağlı cinayət işinin də bu işə birləşdirildiyi bildirilir. Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə suçlanan Niyaməddin Əhmədova Almaniyada yaşayan Qabil Məmmədovla əlbirlik ittihamı irəli sürülüb. İddia olunur ki, sosial şəbəkələrdə Azərbaycan iqtidarının ünvanına tənqid və təhqirlər səsləndirən Q.Məmmədov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, bu məqsədlə N.Əhmədova maliyyə göndərib. Yanvarın 14-də AXCP sədrinin digər mühafizəçisi Ruslan Əmirovu Respublika Prokurorluğunun İstintaq İdarəsinə dindirməyə çağırıblar. Yanvarın 12-də partiyanın Gənclər Təşkilatının sədri Emil Səlimov həmin idarədə ifadə vermişdi. AXCP sədri Əli Kərimliyə 2006-cı ildən xarici pasportu verilmir. 2016-cı ildə Avropa Məhkəməsi bununla bağlı Azərbaycan hökumətini cərimələyib, pasportla bağlı qərarı qanunsuz saysa da, qərar yerinə yetirilməyib. Geri qayıt |