Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet > Soylu Atalı. Ölməzliyin Ocaq anlamı -

Soylu Atalı. Ölməzliyin Ocaq anlamı -


29-01-2021, 00:13.
title}
Soylu Atalı. Ölməzliyin Ocaq anlamı -


CivilAzerbaijan.com Soylu Atalının "Ölməzliyin Ocaq anlamı" essesini təqdim edir:

Soylu Atalı

Ölməzliyin Ocaq anlamı
Esse


“Görməyən göz sənin deyil.” (Asif Ata).

Görmək gözün işidir, ancaq tanımaq, dərk eləmək gözün işi deyil. Tanımaq, dərk eləmək idrakın işidir. Gözün biliyi yoxdur. Göz gördüyünü idraka təqdim edir. Göz tanınmalı, dərk olunmalı olanı göstərən vasitədir. Göz ölür, idrak ölmür. Yəni görən ölür, tanıyan, dərk eləyən ölmür. Başqa sözlə gözün gördüyü insanlaşmır, idrakın dərk elədiyi insanlaşır. İdrak - dərk olunanla (Məna ilə, həqiqətlə) xalqda yaşayır, xalqınkına çevrilir.

“Duymayan ürək sənin deyil”.

Ürəkdə duyğu yaşayır. Duyğunu daşıyan, yaşadan ölür, duyğu ölmür. Duyduran, yəni vasitə (ürək) ölür, duyan (duyğu), duyulan (həqiqət, Məna) ölmür. Duyğu ruhun qanadıdır. Ruh- həqiqətə duyğularla yetir.

“Ölümdən əvvəl bədəndən ayrılırsan.
Bədən ölür – sən qalırsan.
Bəşər yaşayanacan yaşayırsan.
Həyata bütöv gəlirsən, sonra parçalanır, paralanırsan, həyata qarışırsan, təzə bütövlərə yarayırsan.”


Asif Ataya görə ruh – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. İnsanın İnamı, İdrakı, mənəviyyatı, İradəsi ölmür. Başqalarının varlığında davam eləyir. Yəni xalqda. Söz yox, bir insanın varlığında bütöv yaşamır, xalqın (insanların) varlığında yaşayır. Yalnız bir insanda yaşaması mümkün deyil. Bir insanın özünəxaslığı da var. Ruhu – İnamı, İdrakı, mənəviyyatı, İradəni sənəd kimi flaş karta köçürmək olmaz. Ruhu bir yerə yığmaq, bütöv kitab kimi kiməsə bağışlamaq mümkün deyil. Ayrı-ayrı insanların varlığında yaşayır.

Nə qədər ki, bədən sağdır, ruh bədəndə yaşayır, ancaq bədənlə sınırlanmır, onda qalmır, ondan qırağa çıxır. İnsanın özünü başqasında görməsi, başqalaşması da bu deməkdir. İnsan inandığı həqiqəti başqasına öyrədir, dərk elədiyini başqasına anladır, ömründə yaratdığı gözəllikləri başqası ilə bölüşür. Həqiqəti anlamaq, ona inanmaq, onu yaşatmaq öyrədir. Başqaları ilə ruh araçılığı ilə doğmalaşır insan.

Demək, ruh İnsanda yaşasa da bədənə sığmır, başqalaşmağa çalışır. Sadə dildə desək, insanın öyrəndiyini, bildiyini, sevdiyini başqalarıyla bölüşməməsi olumsuzdur (mümkün deyil). İnsan öz ruhunun gözəlliklərini ünsiyyət, davranış yoluyla, sevgi ilə başqalarına verir. Ancaq, dediyimiz kimi, o bir insanla deyil, çoxlarıyla bəhrələnir, bəhrələndirir. Ancaq ruhunu bütöv olaraq hansısa bir insana köçürmür. Bədən öləndə ruhun parçaları, yəni ayrı-ayrı insanlara ötürüləni yaşayır, ayrı-ayrı insanlarda bütövlüyə yarayır. Yəni ölən insanın inandığı həqiqət başqalarının inandığı həqiqət olur. Ona görə Ata deyir:

“Bəşər yaşayanacan yaşayırsan. Həyata bütöv gəlir, sonra parçalanır, paralanırsan, həyata qarışırsan və təzə bütövlərə yarayırsan... Təzə bütövlər yaranır -parçalanmaq, paralanmaq, həyata qarşımaq üçün”.

Burada Xürrəmilərin baxışına doğmalıq var. Xürrəmilərə görə ruh bir bədəndən başqa bədənə köçür. Atada isə bir bədəndən başqalarına.
Bədənlərin heç biri ruha yaramır. Çünkü maddi bədənin olanaqları sonludur. Ruhun isə olanaqları sonsuzdur. Sonsuz sonluda bir yerə qədər yaşaya bilir, sona çatanla sona çatmır, başqa sonlularda yaşamalı olur.

“Torpaqdan yaranmır ruh.
Oddan yaranır.
Şimşəkdən yaranır.
Günəşdən yaranır.
Buluddan yaranır.
Torpaqdan yaranan bədəndir. Torpağa yarayır”.


Yəni ruh göydən yaranır. Göydən torpağa işıq gəlir, istilik gəlir, yağış gəlir, qidalandırır torpağı. Torpaqda yaranan qida bədəni yaşadır, bədəndə isə göy halından yaranan ruhu oluşdurur. Ruh günəşə bənzəyir, şimşəyə bənzəyir. Bulud kimi dolur-boşalır. Ancaq Günəş də, Şimşək də, bulud da göyə sığır, ruh bədənə sığmır. Günəş də, Şimşək də, bulud da Mənanın təzahürüdür. Ancaq ruh Mənanın ifadəsidir, özü də kamil ifadəsidir. Mənanın təzahürü məkana sığır, Mənanın ifadəsi məkana sığmır (məkanda baş versə də). Ona görə türklər İşıqdan yarandığını iddia edirlər.

Bizə görə isə işıqdan (fotosintez prosesi ilə) təkcə bədən deyil, ruh da yaranır. İşıq araçılığıyla ağıl, düşüncə, inam, mənəviyyat aydınlanır, işıqlanır. Bir sözlə, göyün xassələri ruhun xislətinə çevrilir. “Köç dastanı”nda deyilir: “...işıq ağacın gövdəsinə dolur, 9 ay, 10 gün sonra gövdə yarılır, oradan beş uşaq çıxır.” Bu mifologiyanın elmlə, ruhaniyyatla, ruhla bağlılığı var. Yaranışda işığın rolu isə təkcə türklərə deyil, bütövlükdə insana özgündür (aiddir).

Elm araçılığıyla bu həqiqətlərə tam yetmək olmur, ruh gərəkdir. Ona görə insan özündə kamil ruh yaratmalıdır. İnsandan kamil ruh qalır. Kamil ruh yoxdursa, insan əsasən genetik olaraq, irsi olaraq ölmür, qismən də xatirələrdə yaşayır. Bu da nisbi ruhun, zəif ruhun yaşantısıdır.

Ata deyir: “Heç kəs ruha bərabər deyil. Buna görə də hamı ölümlüdür.
Heç kəs bədənə bərabər deyil, buna görə də hamı ölümsüzdür.”


Yəni, bədəni ilə ölümlüdür, ruhu ilə ölümsüzdür. İnsandan ölən bədəndir, ölməyən ruhdur. Asif Ataya qədər də “ruhun ölməzliyi” deyimi var. Ancaq o deyimlərdə insan tam özü olmur, ruh da fantaziyalaşır. Məsələn, semit baxışına görə insan öləndə ruh ağızdan çıxır, hara gedir bəlli deyil. Sonra nə vaxtsa torpağın altında çürüyən bədən diriləcək, sorğu-sual ediləcək, özünü doğrultsa yaşamını cənnətdə davam etdirəcək, doğrultmasa cəhənnəmdə. Burada insana doğru qiymət verilmir. Ruh da doğru qiymətləndirilmir. Nəinki doğru qiymətləndirlmir, ruhun aqibəti bəlli olmur.

Göydən gələn işığın enerji olduğunu deyən baxışlar da var. Yəni işığı Mütləqlə eyniləşdirirlər. İlahi enerji deyilişi var. Enerji yerə gəlib nələrəsə çevrilir deyilir. Onda belə çıxır ki, İlahi enerji, yəni Mütləq olan təzahür eləmir, çevrilir. Çevrilməni qəbul etsək, Mütləq olan çoxdan tükənməli idi. Ya da Mütləq olan daim başqa şeyə çevrilirsə, yeni Mütləq yaranmalıdır. Ya da belə desək, çoxlu Mütləqlər olmalıdır. (Çoxallahlıq, yəni politeizm bu bənzətmələrdən yaranıb). Bu doğru deyil. Bizə görə Mütləq birdir, o çevrilmir, təzahür edir. Enerji cismin ifadə imkanıdır, Mütləqin deyil. Mütləq - təzahürlərində yenilənir, bu isə Yeni Mütləqin yaranması demək deyil. Mütləqin təzahür nizamı, uyumu Yaranış, Doğuluşdur. Mütləq - Yaranış, Doğuluş nizamını yaşadan Qüdrətdir. Bu Qüdrəti dərk eləmək üçün Ruh gərəkdir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Yağış Ayı, 42- ci il. Atakənd.
(noyabr, 2020. Bakı)

Geri qayıt