Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > O məmurları mən və hansısa müxalifətçi yox, İlham Əliyev və atası vəzifəyə təyin edib -

O məmurları mən və hansısa müxalifətçi yox, İlham Əliyev və atası vəzifəyə təyin edib -


2-02-2021, 16:50.
title}
O məmurları mən və hansısa müxalifətçi yox, İlham Əliyev və atası vəzifəyə təyin edib -


“Əvvəla, İlham Əliyevin çıxışı populist çıxış idi. Dövlət başçısı cəhd edib ki, guya onun ölkədə baş verən korrupsiya halları, talançılıq, zəbt etmədən xəbəri yoxdur, bunu edən məmurlardır”.

CivilAzerbaijan.com
bildirir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident İlahm Əliyevin fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsini Meydan tv-yə şərh edərkən deyib.

Arif Hacılı sabiq dövlət başçısı Heydər Əliyevin “qanunsuz rüşvət halları”na etiraz etdiyini xatırlayaraq bildirib ki, indi də İlham Əliyev qanunsuz zəbtetmə hallarından danışarkən, yəqin, şəxsən özündən icazəsiz olan zəbtetmələri nəzərdə tutur:

“Əgər dərindən yanaşsaq, Bakı şəhərində və Abşeronda bütün nazirliklərin mərkəzi binalarından başqa əlavə yardımçı ofisləri, institutları, klinikaları, istirahət mərkəzləri var. Bundan əlavə, Rusiyanın yerli qurumları Xankəndində fəaliyyət göstərir, amma Azərbaycanın milli təhlükəsziliyinə cavabdeh olan Əliyev hələ etirazını bildirməyib. Ona görə də Əliyevin dünənki fikirləri populist olmaqla yanaşı, eyni zamanda işğaldan azad olunan ərazilərdə, xüsusilə dağıdılmayan Şuşa və Hadrutda şəxsən özünün icazəsi olmadan nazir oliqarxların iqtisadi mövqelər tutmasına qarşı çıxış kimi dəyərləndirilməlidir”.

"Əliyev belə çıxışlarla özünü məsuliyyətdən uzaqlaşdıra bilməz"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qənaətincə, İlham Əliyev çıxışı uğursuz təşəbbüsdür:

"İlham Əliyev yaxşı bilir ki, onun komandası Azərbaycan xalqı tərəfindən antipatiya ünvanıdır, xalqın bu adamlara heç bir rəğbəti yoxdur. Azərbaycan xalqı bu adamların dövləti talan etməsi hesabına oliqarxa, milyonerə çevrilməsini bilir və onlara cinayətkar, dövlət malını yeyənlər kimi baxır. Əliyev bunları bildiyindən məsuliyyəti öz üzərindən uzaqlaşdırmaq istəyir. 1 fevral müsahibəsinin yeganə motivi odur ki, sanki Əliyev oliqarx ətrafıyla öz arasında məsafə qoymaq istəyir. Xalqa, sadəlövh hissəsinə mesaj vermək istəyirdi ki, onların məsuliyyətini daşımır, xalq kimi onlardan boğaza yığılıb. Amma xalqın əksər hissəsi məlumatlı olduğundan Əliyevin çıxışı uğursuz təşəbbüsdür".

Əli Kərimli deyir ki, ölkə başçısının tənqid etdiyi məmurları özü və atası Heydər Əliyev vəzifəyə təyin edib:

"İctimaiyyət yaxşı bilir ki, Əliyevin şikayət etdiyi məmur-oliqarxları Əli Kərimli, yaxud başqa müxalifətçi təyin etməyib. Həmin adamları ya İlham Əliyev şəxsən özü təyin edib, yaxud da atası Heydər Əliyev. Xalq yaxşı bilir ki, həmin adamlar İlham Əliyevin gözünün qarşısında dövlət büdcəsini talan edərək milyonerə, milyarderə çevriliblər. Xalq yaxşı bilir ki, həmin oliqarxlar əraziləri zəbt edəndə, hasarlayanda ölkəyə rəhbərliyi İlham Əliyev edib. Xalq onu da yaxşı bilir ki, həmin adamlar heç bir addımı İlham Əliyevin razılığı olmadan ata bilməzlər. Necə ki Əliyev razılıq vermədiyindən Şuşada özlərinə ofis aça bilməyəcəklər. Deməli, digər israfçılıq və korrupsiyaçılıq layihələrinin hamısına onun razılığı alınıb. “Azərsu”, Mərkəzi Bank, Vegilər Nazirliyi, SOCAR və Neft Fonduna bina inşasına pul ayırılar, məgər bunlardan Əliyevin xəbəri olmayıb? Şuşada ofisi onun razılığı olmadan aça bilmirlərsə, bəs Mərkəzi Bankın 450 milyon manata başa gələn binasını onun icazəsi olmadan tikmək olar? Neçə illərdir xirtdəyə qədər borcun işində və dövlətdən də dotasiya alan “Azərsu” Əliyevin razılığı olmadan 210 milyon manata mənasız bina tikə bilər? Tarif Şurası Əliyevin icazəsi olmadan qiymət qaldıra bilər? Ona görə də Azərbaycan xalqı yaşı bilir ki, bütün bu prosesin başında şəxsən İlham Əliyev dayanır, oliqarxları vəzifəyə o təyin edir və onun gözü önündə, susqun razılığıyla məmurlar oliqarxa çevrilib. Əliyev belə çıxışlarla özünü məsuliyyətdən uzaqlaşdıra bilməz. Azərbaycan xalqı ölkədəki idarəetməyə görə şəxsən onun məsuliyyət daşıdığını bilir”.

"Fövqəladə Hallar Nazirliyi elə bir strukturdur ki, o, Şuşada olmalıdır"

Avropada siyasi mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov bildirib ki, Əliyevin çıxışı təbliğat xarakteri daşıyır və daxili auditoriyaya yönəlib:

“Dövlət başçısı adlarını çəkdiyi dövlət qurumlarının bahalı ofislərindən və Mərkəzi Bankın sədri Elman Rüstəmovun yeni binayla bağlı açıqlamasından xəbəri var. Əgər lazımsız xərclərdən söhbət gedirsə, niyə ölkə başçısı bu məsələni xatırlatmadı? Mərkəzi Bankın 220 milyon avroya başa gələcək hündür mərtəbəli bina indiki vəziyyətdə nəyə lazımdır? Halbuki xərclənən vəsait Azərbaycan büdcəsinin 2 faizinə qədərdir. Yaxud Bakı ətrafında məmurların iri villalarından da dövlət başçısının xəbəri var”.

Mirqədirovun sözlərinə görə, bütün müharibələrdən sonra bir ənənə başlayır: insanlar daha azad nəfəs almaq istəyir, gözləntiləri artır, hökumət də müəyyən güzəştlər edib əhalinin vəziyyətini yaxşılaşdırmağa çalışır: "Amma Azərbaycanda əksinə oldu, Tarif Şurası əvvəlcə yanacağın, ardınca suyun qiymətini artırdı və əhalidə narazılıq gücləndi. Beləliklə, qələbənin doğurduğu eyforiya əriyir və bu vəziyyətdə əhalinin narazılığı ayrı-ayrı nazirlərə yönəldilir. Köhnə fraza yada düşür: şah yaxşıdır, ətrafı pisdir. Fikir verdinizsə, Əliyevin adını çəkdiyi əksər qurumlarla bağlı narazılıq çox güclüdür. Ancaq doğrusu, prezidentin çıxışında bir məqamı başa düşmədim ki, nə üçün Fövqəladə Hallar Nazirliyinin adını çəkdi. Fövqəladə Hallar Nazirliyi elə bir strukturdur ki, o Şuşada olmalıdır, məsələn, Rusiyanın eyniadlı nazirliyi Xankəndindədir”.

Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Dövlət Televizyasına müsahibəsində bir sıra məmurların Şuşa şəhərində ofis açmalarına sərt münasibət bildirib.

Şuşa şəhəri ötən ilin noyabrın 8-də Ermənistanın işğalından azad olunub.
Geri qayıt