Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Əli Kərimlinin mühafizəçisinin işi məhkəməyə göndərildi
Əli Kərimlinin mühafizəçisinin işi məhkəməyə göndərildi17-02-2021, 13:57. |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. CivilAzerbaijan.com bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, N.Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Niyaməddin Əhmədov 2017-ci ilin mayından Almaniyada yaşayan, sosial şəbəkələrdə Azərbaycan iqtidarı, o cümlədən hakim ailə haqqında sərt fikirlər, bəzən hətta təhqir xarakterli ifadələr səsləndirən Qabil Məmmədovla əlbir olub. İddiaya görə ölkədə terror aktlarının törədilməsinə hazırlıq görülüb, bu məqsədlə internet üzərindən kütləvi itaətsizliyə açıq çağırışlar edəcək şəxslərə paylanması üçün Qabil Məmmədov Niyaməddin Əhmədova maliyyə göndərib. Həmçinin Niyaməddin Əhmədovun üzərində kamera olan eynək əldə etdiyi də ittihamda yer alıb. Niyaməddin Əhmədovun ittiham olunduğu müddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir. Niyaməddin Əhmədov bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə - hələ Almaniyaya getməmişdən öncə Qabil Məmmədov ondan borc alıb, uzun müddət qaytarmayıb. Onunla internet üzərindən yazışaraq, pulunu tələb edib. Qabil Məmmədov da həmin borcun bir hissəsini bir neçə dəfəyə ona göndərib. Meydan TV-nin əldə etdiyi məlumata görə, Niyaməddin Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyilə, Rahib Salmanov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyası baxacaq. Hələ məhkəmənin vaxtı məlum deyil. Geri qayıt |