Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur

Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur


26-02-2021, 12:44.
title}
Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur


1992-ci il fevralın 26-na keçən faciəvi gecədən - birləşmiş erməni və sovet silahlı qüvvələri Qarabağın Xocalı şəhərinin sakinlərini gülləbaran etdiyi vaxtdan bəri ilk dəfə olaraq azərbaycanlılar Xocalı faciəsinin 29-cu ildönümünü başqa hisslərlə qeyd edirlər.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan ordusu Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradaraq 1992-1993-cü illərdə işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat isə bütün Qarabağın tam işğaldan azad ediləcəyini gözləməyə əsas verir.

Xocalı soyqırımdan bir neçə gün öncə - 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 67 dinc sakin xüsusi amansızlıqla öldürülüb. Bununla qane olmayan silahlı ermənilər və sovet ordusunun 366-cı alayının hərbçiləri fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, orada 613 nəfəri öldürüblər.

Həlak olanlar arasında 63 uşaq, 106 qadın, 70 yaşlı var.

8 ailə tamamilə məhv edilib;

25 uşaq hər iki valideynini itirib;

130 uşaq bir valideynini itirib;

487 nəfər (76 uşaq) yaralanıb;

1275 nəfər girov götürülüb;

150 nəfər itkin düşüb.


O vaxtdan Azərbaycan "Xocalıya ədalət" ümumdünya kampaniyasını həyata keçirir, baş vermiş soyqırımı bəyan edir. Xocalı qırğını on ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 ştatında tanınıb və parlament aktları ilə qeyd olunub. Bu faciənin tanınmasını müxtəlif formada ifadə edən ölkələrin sayı hər il artır.

25 fevral 2021-ci ildə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib. Bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü Bob Blekman və Demokratik Yunionist Partiyasının üzvü Cim Şennondur.

Bəyanatda deyilir: " Nümayəndələr Palatası adından bölgədəki münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı kütləvi qırğınlarda həlak olmuş insanların xatirəsini hörmətlə yad edir və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü qeyd edən Azərbaycan xalqına başsağlığı veririk. Bəyanatda həmçinin tərəflərin uzunmüddətli sülhə nail olmaq səylərinə dəstək ifadə olunur.

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları buraxılıb. Markalarda Xocalı soyqırımının tarixi və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks edilib.

“Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində petisiya üçün imza toplanmasına başlanılıb. Kampaniyada məqsəd Xocalı soyqırımının tanınması, onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər nazirliklərinə ünvanlanıb.

Sənəddə Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi qiymət verilməsi tələb olunur, habelə Xocalı faciəsini törətmiş cinayətkarların məsuliyyətə cəlb edilməsinə, bu faciənin soyqırım kimi tanınmasına çağırılır.

Turanın məlumatına görə, bu günlərdə Azərbaycanın BMT-dəki nümayəndəliyi Xocalı faciəsinin ildönümü ilə bağlı BMT-nin baş katibinə məktubla müraciət edib. Məktubda deyilir ki, 29 il bundan öncə Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı kütləvi qırğınlar törədilib. Məktubda qeyd olunur ki, Ermənistanın növbəti təxribatı 27 sentyabr 2020-ci ildə törədilib. Sənəddə vurğulanır ki, Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə uyğun olaraq məsuliyyət daşıyır.
Geri qayıt