Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Elmar Hüseynovun qətli barədə FTB hesabatında

Elmar Hüseynovun qətli barədə FTB hesabatında


3-03-2021, 12:52.
title}
Elmar Hüseynovun qətli barədə FTB hesabatında


Dünya təhqiqat jurnalistlərinin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan jurnalisti Elmar Hüseynovun qətlə yetirilməsinin 16-cı ildönümünə həsr olunmuş hesabat tərtib edib.

CivilAzerbaijan.com
bildirir ki, bu hesabat-məqalədə bu qətllə bağlı mətbuatdan məlum olan çoxsaylı faktlarla yanaşı, indiyədək məlum olmayan yeni fakt və tapıntılardan da söz açılır.

2005-ci ilin 2 martında yaşadığı evin blokunda qətlə yetririlmiş jurnalistin ölümü o vaxt beynəlxalq miqyasda əks-səda vermişdi.

Bu səbəbdən qətlə xarici, ilk növbədə Qərb və ABŞ xüsusi orqanlarının da marağı böyük idi.

Yazıda deyilir ki, bu işə təhkim edilmiş Federal Təhqiqatlar Bürosunun (FTB) attaşesi narahat olmuşdu ki, Azərbaycan müstəntiqləri əsasən yeganə versiyanın – bu qətlin xaricdə hazırlanması versiyasının üzərinə işləyirdilər.

Məqalədə bildirilir ki, jurnalisti öldürənlərin qonşu Gürcüstanda yaşadıqları məlum olsa da, onlara toxunan yoxdur. Onlar hazırda həmin ölkədə müxtəlif daşınmaz əmlak almaqla məşğuldurlar.

Bu da qeyd olunur ki, belə görünür, Azərbaycan hökuməti təhqiqatı çoxdan donmuş bu iş barədə hətta jurnalistin ailəsinə də çaşdırıcı məlumatlar verib.

OCCRP yazır ki, təşkilat Hüseynovun qətlinin 16-cı ildönümü münasibətilə bu sui-qəsdə dair əldə etdiyi yeni məlumatları dərc edir.

Söhbət ilk növbədə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) indiyədək açıqlanmamış hesabatından gedir.

Məqalədə deyilir ki, 2005-ci ilin martında Azərbaycanda mətbuat azadlığının vəziyyəti onsuz da acınacaqlı idi. Bundan iki il əvvəl prezident Heydər Əliyev hakimiyyəti oğlu İlham Əliyevə ötürmüşdü.

Elmar Hüseynovun dərc etdiyi Monitor jurnalı isə korrupsiya barədə kəskin materialları, xüsusilə də prezident və ailəsini tənqid hədəfi etməsi ilə tanınırdı.

Elmar Hüseynovun qətlini Azərbaycan tarixində “qara ləkə” adlandıran İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Reno Harnişdən qətlin araşdırılmasına dəstək üçün FTB-nın yardımını xahiş etmişdi.

FTB Bakıda işə başlayır

Bundan az sonra FTB artıq Bakıda işləyir, aparıcı müstəntiqlərlə görüşür, mövcud əşyayi-dəlilləri nəzərdən keçirirdi.

Lakin məqalədə qeyd olunur ki, lap başlanğıcdan Azərbaycan rəsmilərinin bu qətlin xaricdən sifariş edilməsi versiyasından möhkəm yapışması sonrakı təhqiqatları çətinləşdirmişdi.

Hakimiyyət bu qətlin Elmar Hüseynovun peşə fəaliyyəti ilə bağlanmasını istəmir, qətlin Azərbaycana ziyan vurmaq məqsədilə Ermənistandan sifariş olunduğunu bildirirdi.

FTB-nin bu qətlə dair 2005-2008-ci illəri əhatə edən hesabatının əvvəlində deyilirdi ki, bu qətl hətta “hökuməti devirə biləcək” bir hadisədir.

FTB-nin hüquq attaşesi Bryan Paarmann yazırdı ki, qətlin açılmasında imkanlar lap başlanğıcda itirilib.

Paarmann qeyd edir ki, Azərbaycan polisi hətta qətl yerinin toxunulmazlığını belə təmin etməyib.

FTB attaşesi bunu da yazırdı ki, Elmar Hüseynov öldürülən axşam blok həmişəkinədən qaranlıq olub, çünki elektrik lampası yuvasına bərkidilməmişdi.

Xəfiyyə qeyd edir ki, Azərbaycan müstəntiqləri bu kimi məqamları nəzərdən qaçırıblar və sözü gedən lampa əl izləri üçün də ekspertiza edilməyib.

Paarmann yazırdı ki, Hüseynovun autopsiyası zamanı onun dırnaqlarının altından nümunə götürülməyib. Adətən belə hallarda qatilin müəyyən toxumaları öldürülənin dırnaqları altında qala bilir.

Qeyri-peşəkar, yoxsa peşəkar qətl?

FTB-nin hesabatında vurğulanır ki, hətta belə araşdırma qüsurlarına baxmayaraq, kifayət qədər dəlillər vardı.

Hadisə yerinin yaxınlığında 5.45mm çaplı Baikal PSM yarımavtomat tapançası tapılmışdı. Rusiyada istehsal edilmiş silahın üstündə bütün lazımi seriya nömrələri vardı. Elə burada qara papaq da aşkar olunmuşdu.

Bütün bunlar Paarmannı belə bir qənaətə gətirmişdi ki, “qətl tələsik və səliqəsiz” şəkildə, qeyri-peşəkarlıqla törədilib.

Amma Azərbaycan rəsmiləri nədənsə bu qənaətdə idilər ki, qatil “səriştəli” adam olub.

Paarmannın fikrincə peşəkar qatil silahın üstündəki bütün seriya və başqa nişanları silməli, silahı söküb atmalıydı.

Hakimiyyət müxtəlif versiyaların mümkünlüyünü qəbul etdiyini bildirsə də, xarici ölkə versiyası əsas versiya olaraq qalırdı.

Rəsmilərin siyahısında qətllə mümkün bağlı ölkələr olaraq Ermənistan, Rusiya və İran göstərilirdi. Onlar iddia edirdilər ki, bu ölkələr Azərbaycanda sabitliyin pozulmasında maraqlıdırlar.

FTB xəfiyyəsi yazırdı ki, Azərbaycan hüquq-mühafizə orqanları qətlin şəxsi zəmində və Elmar Hüseynovun tənqidləri ilə bağlı versiyasını mümkün saysalar da, xarici iz əsas variant kimi bərqərar olmuşdu.

Azərbaycan hökuməti Paarmanna onun tövsiyələrindən faydalanacağına dair vəd versə də, sonrakı hadisələr FTB-nin təhqiqatdan uzaqlaşdırıldığını göstərdi.

Şübhəlilərin fotolarını inadla dərc etmirdilər

Təhqiqatın ikinci ayında hakimiyyət orqanları iki şübhəlini müəyyənləşdirmişdi: Tahir Xubanov və Teymuraz Əliyev. Onların hər ikisi Gürcüstan vətəndaşı idi və qətldən əvvəl Hüseynovun evinin yaxınlığında mənzil kirayələmişdilər.

Hüquq-mühafizə orqanları onların qətli törətdikdən sonra Gürcüstana qayıtdıqlarını bildirirdi.

Azərbaycan müstəntiqləri sözü gedən mənzildən iki balışüzü və pal-paltar götürmüşdülər. Sonradan FTB bu əşyalardakı genetik materialların küçədən tapılan papaqdakı materialla eyniliyini aşkar etmişdi.

FTB bunu “çox güclü sübut” adlandırmışdı, amma sözü gedən iki şübhəlinin Elmar Hüseynovun peşə fəaliyyəti ilə heç bir bağlılığı yoxdu. Bu isə hər hansı motivi müəmmalı edirdi.

Məqalədə deyilir ki, şübhəlilərin axtarışına başlanmışdı, amma Azərbaycan hakimiyyət orqanları onların fotolarının internetdə dərc edilməsini istəmirdi. Hüquq-mühafizə orqanları “buna lüzum olmadığını” deyirdilər.

FTB-nin hesabatında deyilir ki, Teymuraz Əliyev nəhayət Gürcüstanda aşkar edilmiş və 2006-cı ilin sentyabrında Gürcüstan orqanları tərəfindən dindirilmişdi.

Lakin sonradan Azərbayacan DİN-in başqa qətllər üzrə mühakimə edilən keçmiş əməkdaşı Hacı Məmmədov Elmar Hüseynovun onun dəstəsi tərəfindən vurulduğunu iddia etmiş və beləliklə, sular daha da bulanmışdı.

“FTB-nin dəstəyinə ehtiyac görmürük”

Məqalədə deyilir ki, FTB 2007-ci ilin yanvarında Teymuraz Əliyevi poliqraf cihazından (yalan detektorundan) keçirməyi təklif edib.

Bu barədə məktubu FTB attaşesinin müavini ovaxtkı milli təhlükəsizlik naziri Eldar Mahmudova yazmış və qeyd etmişdi ki, Gürcüstan hökuməti hər iki şübhəlinin poliqrafdan keçirilməsi məsələsində böyük bir ehtimalla əməkdaşlıq edəcək.

Lakin FTB-nin ABŞ-ın Azərbaycandakı ovaxtkı səfiri Enn Dersiyə məktubunda qeyd edilir ki, poliqraf məsələsində Azərbaycanın əməkdaşlığı daha çox “əngələ” bənzəyirdi.

FTB hesabatında deyilir ki, bundan sonra bu iş tamamilə düyünə düşüb.

Məqalədə qeyd olunur ki, FTB attaşesi 2008-vci ilin sentyabrında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə görüşüb və ona belə bir cavab verilib: “Nazirlik hesab edir ki, təhqiqat dalana düşüb və onlar bundan sonra FTB-nin dəstəyinə ehtiyac görmürlər”.

Halbuki nazirlik bütün bu müddət ərzində mərhumun ailəsinə “qızğın təhqiqat” getdiyinə dair məlumatlar verirdi.

Ekstradisiya niyə baş tutmayıb?

OCCRP yazır ki, sənədlər Azərbaycan hökumətinin 2005-ci ildə Əliyev və Xubanovun ekstradisiyası üçün Gürcüstana müraciət etdiyini göstərir.

Avropa İnsan Haqları Məkəməsinin (AİHM) sənədləri bunu da göstərir ki, Gürcüstan baş prokurorunun müavini Azərbaycan tərəfinə Əliyev və Xubanov barəsində Gürcüstanın ədliyyə sistemi çərçivəsində araşdırma aparmaq niyyətində olduğunu yazıb.

Məqalədə deyilir ki, Azərbaycan bu işi Gürcüstana versəydi Əliyev yəqin ki, mühakimə ediləcəkdi. Sənədlər o vaxt Gürcüstanda bu işlə bağlı ilkin təhqiqata başlandığını da göstərir.

Bu da vurğulanır ki, Azərbaycan ekstradisiya məsələsində israrlı olmayıb.

Elmar Hüseynovun həyat yoldaşı Ruşaniya Hüseynovanın vəkili Knut Rognlien AİHM-ə bildirib ki, Azərbaycan şübhəlilərin xarici vətəndaş olduqlarını və bu səbəbdən dindirilə bilməyəcəklərini yazanda əslində narahat suallardan yaxa qurtarmağa çalışıb.

FTB-nin hesabatında qeyd olunur ki, Azərbaycan rəsmiləri təhqiqatın lap əvvəlindən belə narahat suallardan qaçmağa çalışırdılar.

AzadlıqRadiosunun məlumatına görə, Rognlien iddia edir ki, Teymuraz Əliyev və Tahir Xubanov dindirilsəydilər, Azərbaycan hakimiyyəti ilə mümkün əlaqələri və qətlin motivi barədə suallarla da üzləşəcəkdilər.
Geri qayıt