Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Bloger Mehman Hüseynov saxlanılıb
Bloger Mehman Hüseynov saxlanılıb14-03-2021, 15:43. |
Bu gün, martın 14-də bloger Mehman Hüseynov və ictimai fəal Ülvi Həsənli Abşeron rayonu ərazisində polis tərəfindən saxlanılıb. CivilAzerbaijan.com bildirir ki, bu barədə Mehman Hüseynov öz facebook hesabında yazıb. “Çəkilişdən gəlirdik. Post Patrul Xidməti və Yol Patrul Xidməti yolumuzu bağlayıb bizi saxladı. Bizi Abşeron rayon Polis Şöbəsinə aparırlar,” o qeyd edib. Öz növbəsində, polis Hüseynovun və Həsənlinin saxlanıldığını təsdiq edib: “Hazırda araşdırma gedir,” polisdən bildiriblər. Mehman Hüseynov bir qayda olaraq öz bloqunda məmurların bahalı villaları ilə bağlı reportajlar yayımlayır. Bu repotajlar bir neəı yüz min insan tərəfindən izlənilərək kəskin tənqidlərlə qarşılanır. Mehman Hüseynov 2017-ci ildə böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb. Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb. Hüseynovun etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi və onun aksiyasının ölkə daxilində və xaricdə dəstəklənməsi nəticəsində ittiham götürülüb. Blogerin həbsi bir sıra yüksək vəzifəli məmurların dəbdəbəli villaları ilə bağlı reportajlarından sonraya təsadüf edib. Hüseynov ittihamı qəbul etməyib və həbsini bloger fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib, Turanın məlumatında qeyd olunur. Geri qayıt |