Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Müxalifət liderinin övladının şəxsi həyatı ilə bağlı yayılan video tənqid və etirazlara
Müxalifət liderinin övladının şəxsi həyatı ilə bağlı yayılan video tənqid və etirazlara29-03-2021, 20:02. |
Martın 28-də sosial şəbəkələrdə müxalifətdə olan Azərbaycan Demoratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı videoların yayılması geniş tənqidlərə səbəb olub. CivilAzerbaijan.com bildirir ki, yüzlərlə insan vətəndaşların son zamanlar konstitusion hüququ olan şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına etiraz edib. Xatırladaq ki, feminist qadınların etiraz aksiyasından sonra ictimai fəalların şəxsi həyatı ilə bağlı da belə videolar yayılıb. Buna baxmayaraq, hüquq-mühafizə orqanları hələ də həmin videoları yayanlara qarşı hüquqi tədbirlər görməyib. Müxalifət lideri, keçmiş prezidentliyə namizəd Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı yayılan videolara münasibətlərdən bir neçəsini diqqətə çatırırıq. Milli Şuranın sədri Cəmil Həsənli videonun yayılmasında iqtidarın əli olduğunu bildirib. “İlham Əliyev və onun təhlükəsizlik xidməti mənim qızım Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videogörüntülər yayıb. Başqalarının şəxsi həyatına müdaxilə, insanların güdülməsi, adamların yataq otağına öz murdar və yöndəmsiz burunlarını soxmaları bunların köhnə peşəsidir”, deyə Həsənli qeyd edib. O hesab edir ki, əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir. “Əlbəttə, indiyə qədər baş verən buna bənzər hadisələr kimi, mənim qızımla bağlı yayılan bu video da şəxsən İlham Əliyevin əl işidir”, deyə o qeyd edib. Amerikanın Səsinin məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirir ki, Milli Şuranın sədri, professor Cəmil Həsənliyə qarşı mənəvi terror hakimiyyətin özünün "ləyaqətsizliyini göstərir". “Xalqımız bilir ki, Cəmil Həsənli ona xidmət etdiyi, onun haqqını qoruduğu, sözünü dediyi üçün mənəvi terrora məruz qalır. Hamı bilsin ki, belə namərd hücumlar bumeranq effektilə yalnız və yalnız rejimin özünü daha da nüfuzdan salıb, rüsvay edir. Hələ də müxtəlif bəhanələrlə rejimə yaltaqlıq edənlər gözlərini açıb görsünlər ki, hansı ləyaqətsizliyi özünə peşə edənlərə xidmət edirlə”, deyə partiya sədri qeyd edir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz Feysbuk səhifəsində bildirib ki, professor Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı video yayılması rejimin əxlaqsızlığının növbəti təzahürüdür. "Əvvəla, siyasi rəqibə zərbə vurmaq üçün onun ailə üzvünə hücum etmək əxlaqsızlıqdır. İkincisi, vətəndaşın şəxsi həyatına belə bir müdaxilə əxlaqsızlıqdır. Üçüncüsü, qadına qarşı gizli kamera vasitəsilə çəkiliş aparmaq əxlaqsızlıqdır" . İsa Qəmbər hakimiyyətdən buna son qoymasını tələb edib. Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa Turan-a bildirib ki, bunun qarşısını almaq üçün qanunun maddələri təmin olunmalıdır. "Şəxsi həyatın toxunulmazlığı ilə bağlı Konstitusiya normaları var". Deputat qeyd edib ki, bunun cinahı yoxdur. "Bunun birmənalı şəkildə kimin tərəfindən yayıldığını da söyləmək çətindir. Çünki burada bütün cinahlarda belə hallara yol verənlər olur. Məsələn, xaricdə olan və müxalifətin dəstəklədiyi bir sıra əxlaqsız bir cür adamlar var ki, onlar da videolarda çıxıb başqalarının ailəsini, şəsxiyyətini, yaxınlarını təhqir edirlər və bu bumeranq kimi başqa formada özlərinə də qayıdır". F.Mustafanın fikrincə, ona görə bütövlükdə hər bir tərəfdən bu cür söyüş, təhqir, şantaj kampaniyaları dayandırılmalıdır. "Ümumiyyətlə cəmiyyətdə bunun bir mənfi hal olduğunu hamı bilməlidir. Bu gün bir nəfərlə bağlı belə ajiotaj yaradanların xeyli hissəsi də o söyüş söyənləri dəstəkləyənlərdir, o əxlaqsız adamlara stimul verənlərdir. Youtube-da çıxıb birinin atasını, birinin ailəsini söyərək təhqir edənlər bu prosesdə müəyyən addımlar atırlar. Bu da bizim üçün olduqca problemli bir məsələdir və biz çalışmalıyıq ki, bu kimi tendensiya ortadan qaldırılsın". Bununla yanaşı, bir çox digər partiya rəhbərləri, ziyalılar, ictimai-siyasi xadimlər də müxlifət liderinin ailə üzvünün, ictimai-siyasi fəalların özəl həyatı ilə bağlı videoların yayılmasına etiraz edən bəyanatlarla çıxış edib. Bəyanatlarda rəsmi qurumlardan insanların şəxsi həyatı ilə bağlı intim videolar yayanların hərəkətinə hüquqi qiymət verilməsi tələb edilir. Bununla yanaşı, rəsmi qurumlar bu bəyantlara hələ münasibət bildirməyib, Turanın məlumatında qeyd olunur. Geri qayıt |