Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib


12-04-2021, 14:50.
title}
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib


Aprelin 12-də Azərbaycanın baş prokuroru Kamran Əliyev həbsxanada 159 gündür aclıq edən Azel TV saytının baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı qəbul edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Sevinc Sadıqova məlumat verib.

“Baş prokurora bildirdim ki, ailəmə qarşı təhdidlər var. Mən təqib olunmuşam, təhqirlərə məruz qalmışam. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hədə-qorxu gəlir, məni uşaqlarımla təhdid edir. Prokurorluğun mənə xəbərdarlıq etməsi isə qanunsuzluqdur. Mənə xəbərdarlıq edilməməlidir, əksinə, mənə qarşı qanunsuzluq araşdırılmalı və qiymət verilməlidir.

Baş prokuror mənə bildirdi ki, heç bir qurum, heç bir şəxs məni və ailəmi təhdid edə bilməz. O, məni və ailəmi polisin nəzarətinə verməyi təklif etdi. Kamran Əliyev söz verdi ki, mənim və uşaqlarımın təhlükəsizliyini qoruyacaq”, deyə Sevinc Sadıqova bildirib.

Sadıqova qeyd edib ki, həyat yoldaşı saxta ittihamla həbs edilib və hətta ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını tələb edib. “Kamran Əliyev deyib ki, digər dövlətin fikirləri əsas deyil. Mən isə ona bildirdim ki, elə isə niyə Azərbaycan hakimiyyəti ABŞ Dövlət Departamentinin ermənilərin Gəncədə insanların ölümünə səbəb olan raket hücumu barədə bəyanatını təqdir edir?”, deyə Sadıqova sözünə davam edib.

Baş prokuror Sadıqovanın bir çox fikirləri ilə, xüsusən, ölkədə siyasi məhbusların olması ilə razılaşmayıb.

Baş Prokurorluq Sadıqovanın baş prokuror tərəfindən qəbul edilməsi haqqında məlumatı şərh etməyib.

Turanın məlumatında qeyd olunur ki, Əfqan Sadıqov 2020-ci ildə xeberfakt.az saytının redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət almaq ittihamı ilə həbs edilib. Amma bu fakt üzrə yalnız Əfqan Sadıqov mühakimə edilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra Sadıqov noyabrın 3-də aclığa başlayıb. Bir müddət sonra həkimlər onun süni yolla qidalandırmağa başlayıblar.
Geri qayıt