Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İlham Əliyev ‘"İskander-M" raketi ilə bağlı Rusiyanın cavabını

İlham Əliyev ‘"İskander-M" raketi ilə bağlı Rusiyanın cavabını


20-04-2021, 23:02.
title}
İlham Əliyev ‘"İskander-M" raketi ilə bağlı Rusiyanın cavabını


Prezident İlham Əliyev Azərbaycan ərazisinə “İskander-M” raketinin atılması ilə bağlı dövlət televiziyasının sualını cavablandırıb.

CivilAzerbaijan.com
İlham Əliyevin cavabını təqdim edir.

“Cənab Prezident Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İskander-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi” sualına o belə cavab verib:

“Bu sözləri deyəndən sonra ertəsi gün (aprelin 13-də) Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.”

“Yəni, Ermənistan ordusunda “İskander-M” raketləri ola bilməzdi”

Prezident qeyd edib ki, “bu, əslində, bizim məktubumuza tam cavab deyil”:

“Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İskander-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İskander-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İskander-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İskander-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İskander-M” raketləri ola bilməzdi”

“Bu suallara cavab yoxdur”

Prezidentin deməsinə görə, bunun başqa yolu ola bilməz:

“Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.

Dövlət başçının qeyd etməsinə görə, bu, xoşagələn vəziyyət deyil:

“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İskander-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır”.

“Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır”

Prezident deyib ki, strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır:

“Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib. Biz ümid edirik ki, “İskander-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik.”

“Bu, bizə qarşı açıq ittihamdır”

Prezident sonra da deyib:

“Bir halda ki, Rusiya mətbuatında “İskander-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İskander-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır.”

Prezident əlavə edib ki, “Biz bölgədə sülhün əbədi olmasını istəyirik” :

“Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.”

Azadlıq Radiosunun məlumatına görə, dövlət başçısı daha sonra deyib:

“O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır...”
Geri qayıt