Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Aslan Quliyev. Anarın kitabı -

Aslan Quliyev. Anarın kitabı -


24-04-2021, 16:06.
title}
Aslan Quliyev. Anarın kitabı -


Yazıçı Aslan Quliyevin müraciət etdiyi Azərbaycanın bir çox saytları onun "Anarın kitabı" hekayəsini çap etməkdən imtina edib.

CivilAzerbaijan.com
Aslan Quliyevin "Anarın kitabı" hekayəsini məmnuniyyətlə oxuculara təqdim edir.

Aslan Quliyev
Anarın kitabı
hekayə


Anarın Yardımlıda tənqidçi dostu var idi, mənim də Bakıda yazıçı dostum. İşin tərsliyindən, ya da belə deyək, mənim bəxtimin bir qayda olaraq gətirməməyindən yazıçı dostum həm də Anarın dosti idi. Anar tənqidçi dostuna ara-sıra öz kitablarını göndərirdi, daha doğrusu verirdi mənim yazıçı dostuma, o da mənə. Dostum Anara yox deyə bilmirdi, mən də dostuma və beləcə kitabları hər şəhərdən qayıdanda aparıb Anarın tənqidçi dostuna çatdırırdım.

Maraqsız işdir.

Yenə də şəhərdən qayıdacağımı eşidən dostum təntənə ilə dedi, axşamüstü çayxanada görüşək, Anar dostu üçün kitab verib, onu apararsan. Yəqin etiraz eləməzsən? Etiraz eləmədiyimi dedim, əslində isə əməlli-başlı etiraz eləyirdim. Həyatda maraqsız işlə məşğul olmaqdan daha maraqsız heç nə ola bilməz.

Axşamüstü çayxanaya getdim, oturub çay sifariş verdim, bir qayda olaraq gecikən dostum bu dəfə də gecikdi. Onu hələ uzaqdan gördüm. Qoltuğunda qara kağıza bükülmüş, tabloya oxşayan nəsə var idi. Şübhəsiz kitab idi, amma bu boyda kitab olardımı? Dostum yan pörtü yeriyirdi, boğazının damarları şişmişdi. Bükülünü masanın üstünə qoydu, alnının tərini silib oturdu.

- Niyə axsayırsan? – soruşdum.
Töyşüyərək cavab verdi:
- Hələ bir soruşursan da! Azından otuz kilodur!

Mənim heyrətlə baxdığımı görüb hövsələsiz halda dedi, Anar müəllim bütün xatirələrini, çıxışlarını yazıb. Bəs sən nə bilmişdin, adam bir əsrə yaxındır yazır, çıxışlar eləyir, hələ bəziləri çöldə qalıb, hamısını bura yerləşdirə bilməyib, ikinci beləsini çapa hazırlayır.

Bura nəyi yerləşdirmişdi, nəyi yerləşdirməmişdi, məni maraqlandırmırdı. Məni maraqlandıran, daha doğrusu təşvişə salan ikinci belə kitabın çapa hazırlanması idi. Heç şübhəsiz o əjdahanı da mənə verəcəkdilər. Dostum həmişə olduğu kimi Anara yox deyə bilməyəcəkdi, mən də həmişə olduğu kimi dostuma. Adam idmançı, kitab bunu iki qat eləmişdi, mənimsə lap yəqin belimi qırardı.

Onsuz da rudikulit marığa yatmışdı. Bükülüyə baxdıqca rəngim ağarırdı. Bu ağırlıqda kitabı necə aparacaqdım? Ağırlığını yoxlamaq üçün kitabı stolun üstündən qaldırmaq istədim, sanki belim ortadan qırıldı, əclaf rudikulit, tam zamanında özünü yetirdi. Ufuldayıb belimdən yapışdım.

Düşünürəm, bu necə ola bilər? Anar müsahibələrinin birində evinin, maşınının, bağının olmadığını deyirdi. Evsiz, eşiysiz adam bu boyda kitabı nəylə çap elətdirib? Mənim hesabımla azından əlli min xərci çıxmışdı. Buna verdiyi pulla özünə bağ, maşın ala bilməzdimi?

Tipik azərbaycanlı xarakteri, marağımı boğa bilmədim. Nəşriyyatda işləyən tanışıma zəng elədim, ona deyirəm, sən bilərsən, təxminən otuz kiloluq kitabın çapı neçəyə başa gələr?

- Otuz? – adam cavab vermir, qışqırır.
- Hə də, təxminən.
- Kitab?
- Söhbət başqa nədən gedə bilər? Siz orda kitabdan başqa daha nə buraxırsınız?

Nahaq zəng elədim, cavab vermək əvəzinə, sarsaq sözlər danışdı. Deyir, az içmək lazımdır. Araq olub ucuz, siz də boçka ilə gillədirsiz. Gör sənə nə deyirəm, araq uzağı iki-üç ilə ölkədəki bütün yazıçıların axırına çıxacaq! Bir-bir axırınıza çıxır, siz isə hələ də fərqində deyilsiniz!

Telefonu söndürdüm, dostum gözlərini mənə zilləyib, cavab gözləyir, otuz kiloluq kitabın neçəyə çap olunması onun üçün də maraqlıdır. Cavab vermədiyimi görüb səbirsizliklə nə dediyini soruşur.

Deyirəm, məsləhət verdi, deyir, az için. Dostum da başıyla təsdiqləyir, düz deyir, az içməliyik.

Məni fikir götürüb. Bu dəfə ilişdiyim göz önündədir, kitabı aparıb Yardımlıdakı tənqidçiyə çatdırmaq heç də asan olmayacaq. Gərək etiraz eləyirdim, heç yerə kitab apara bilməyəcəyimi deyirdim. Artıq gec idi.

- İndi necə olsun? – deyirəm.
Bu da məsləhət verir:
- Taksi tutarsan.

Deyirəm, mən niyə taksi tuturam? Nəyə görə aparıb bu kitabı dağların başına çıxartmaq üçün taksi tutmalı, pul verməliyəm? Anar hardan mənə işıq ucu gəlirsə, oranı bağlasın, mənsə onun kitabını dağlara aparmaq üçün pul xərcləyim? Tutmaram! Bircə qəpik də vermərəm! Görməz!

Özüm tutaram, dostum pərt halda mızıldanır, amma kitabı hələ burdakı taksiyə kimi aparmaq lazımdır. Hər halda taksini gətirib çayxanaya sala bilmərik.

Elədirsə, apar, deyirəm, özün gördün də, rudikulit əclaf məni pis yerdə yaxaladı. Boynunu burur, deyir, məni rudikulit əclaf yaxalamayıb, amma yəqin onurğa sümüyümə çat düşüb. Bayaq özün də gördün, yanpörtü yeriyirdim. Sənə zarafat gəlməsin, evdən bura qədər gətirmişəm. Sən bir tərəfindən yapış, belədə rudikulitə heç nə olmaz.

Başıma nə gəlirsə, üzü yumşaqlığımdan, qəlbimdəki insan sevgisindən gəlir. Rudikulitə bir şey olsa da, olmasa da, yox deyə bilmədim, kitabın bir tərəfindən mən yapışdım, bir tərəfindən də dostum və apardıq yaxınlıqdakı taksiyə. Dostum hələ uzaqdan sürücüyə qışqırır ki, baqajı açsın, sürücü cəld, ayıq adammış, biz taksiyə çatanda artıq baqajın qapısı açıq idi. Kitabı baqaja qoyur, dərindən nəfəs alırıq. Dostumun sevincdən gözləri işıldayır, hələ də kitabdan yaxasını qurtardığına inana bilmir.

Sürücü məni üç manata evə aparmağa razılaşdı, ancaq mən beşinci mərtəbədə oluram, lift də yox, dostum ona beş manat verib dedi, bu kitabı da beşinci mərtəbəyə qaldırarsan.

Sürücü bozarıb qalır, sanki bunu söyüblər. Özü niyə qaldırmır? Mən maşınımı sürürəm, kitab-filan qaldırmaqla nə işim? Özün bil, dostum da sakitcə deyir, səni məcbur eləyən yoxdur, burda taksi çoxdur, beş manata o kitabı onuncu mərtəbəyə də qaldırarlar.

Sürücü hıqqanır, daha bir söz deyə bilmir. Oturub yola düşürük. Sürücü həyətdə maşını saxlayıb kitabı götürür, vay, ufuldayır, dönüb mənə tərs-tərs baxır:
- Bu kitabdır?
- Səncə başqa nə ola bilər?
- Məncə qaya parçası!

Onu haqsız da saymaq olmaz, qalxırıq pillələri, üçüncü mərtəbədə sürücü artıq nəfəsini çiyinlərindən alır, mənə də qanlı-qanlı baxır, yəni niyə kömək eləmirəm? Məndən bir kömək olmayacağını duyunca da deyinir, bizimki çörək qazanmaq deyil, it zülmüdür. Bir xoş gün yoxdur bizə!

Dördüncü mərtəbədə təzədən ayaq saxlayır, pillədə oturub alnını tərini silir. “Anamı ağlatdı!” – yana-yana deyir. Ona hirslənirəm: “Nə dəymə-düşər adamsan! Klassikimiz yüz ildir ədəbiyyatımızın anasını ağladır, heç biz səsimizi çıxartmırıq. Sənin ananı ağladan kimi dilə gəldin!”

Bir təhər gəlib çıxırıq beşinci mərtəbəyə, evin qapısını açan kimi də bu it zülmüylə çörək qazanan, xoş gün görməyən: “Tövbə, tövbə, kitab tövbəsi!” deyərək qaya parçasını saxlaya bilməyib yerə buraxır. Birbaşa ayağımın üstünə! Rəngim qaralır, ağrıdan ürəyim göynəyir, ayağımı tutub yerimdə fır-fır fırlanıram. Bir təhər divanda otururam, ciyərim yanır, gözümdən yaş gəlir.

Yoldaşım gəlir.
- Nə olub?
- Kitab… - cavab vermək hayında deyiləm.
- Yəni belə qəmlidir?
- Nə…ə?
- Kitab da.

Markes ona görə Markes idi ki, ona belə əndirəbadi suallar vermirdilər, ən əsası da belə əndirəbadi suallara sərrast cavablar vermək üstə baş sındırmırdı. Mənsə baş sındırmaq zorundaydım, ən pisi də, sərrast cavabları tapa bilmirəm.

Hardan bilim qəmli kitabdır, ya şən kitab, hirslə deyirəm, mən onu oxumuşam, qəmli, ya şən olduğunu biləm? Amma sənin üçün belə vacibdirsə deyə bilərəm, yəqin şən kitabdır. Bizim klassiklərimizin yaşları nə qədər artırsa, bir o qədər şənlənirlər və buna uyğun olaraq da şən yazırlar. Şən zəhrimar ayağımın üstünə düşüb! Yəqin barmağımı qırıb.

- Hansı kitab? – yeni sual gəlir.
- Bax o! Divara söykədiyim!
- O qara bükülü?

Yanıb yaxılıram, deyirəm, sən ona qara bükülü deyə bilməzsən! O bir kitab! Qocaman yazıçımız ömrünü o kitaba verib. Gecəsini gündüzünə qatıb, sizin üçün yazılar yazıb, əziyyət çəkib çıxışlar eləyib, sonda da hamısını yığıb bir kitaba. Sənsə ona bükülü deyirsən. Həm də qara bükülü! Deyə bilməzsən, azından ona görə ki, o qələm əhlindən biri də bu evdə var! Doğrudur, klassikimiz qədər yazmayıb, heç onun yüzdə biri qədər çıxışlar eləməyib, amma hər halda yazıb!

Söz yox, bu evdəki qələm əhlinin indi başı özünə qarışıb, ayağından yapışıb fır-fır fırlanır, ağrı azalsın deyə əcaib səslər çıxardır, amma bunu da ona çox görürlər. Corabı çıxardıb baxıram, sağ ayağımın baş barmağı gömgöy göyərib. Lənət şeytana, nə olursa sağ ayağımın baş barmağına olur, daş dəyir, çəkic düşür, əqrəb sancır. Şoğərib kitab da yenə bu barmağımın üstünə düşdü.

Səhərisi ailə qarışıq köməkləşib kitabı beşinci mərtəbədən düşürdürük. Oğlumun maşınının baqajına qoyuruq. Maşının bir tərəfi çökür. Oğlum heyrətlənir, məlum sualı verir, ata, sən bunun kitab olduğuna əminsən? Mən də heyrətlənirəm, amma dünən verdiyim məlum cavabı verə, kitab olduğunu deyə bilmirəm. Düşünürəm ki, bütün gecəni qalıb orda, hamamın qapısının yanında, yəqin nəm çəkib. Axı, dünən heç bu ağırlıqda deyildi.

Beləcə, yol başlayırıq Yardımlı dağlarına doğru. Maşın elə bil ləngər vurur, oğluma niyə belə sürdüyünə görə irad tuturam, deyir, mənlik bir iş yoxdu, kitab ağırlayır, maşının arxasını oynadır.

Özümə qəti söz verirəm, bu gündən üzü yumşaqlığıma da, qəlbimdəki insan sevgisinə də son qoyuram! Daha heç yerə kitab aparan deyiləm. Sonda isə qərarımı bir qədər yumşaldıram, çəkisi on kiloya qədər olan kitabları aparacağam, bundan artığını isə yox. Yəni dostum yenə də Anarın kitabını gətirib, bunu dağlara, Anarın dostu üçün apara bilərsənmi deyəndə, bir söz demədən tərəzini çıxardıb kitabcığazı çəkəcəyəm, on kilodan aşağıdısa, can-başla. Yuxarıdısa, davay dasvidaniye! Mənlik deyil!

Nə isə, gəlirik evə. Evdə dözməyib qara kağızı açır, kitaba baxıram ki, görüm bu nə kitabdır belə. Şən kitabdır, ya qəmli? Kitaba baxıram və başımın tükləri vız durur. Kitabın cildi içəri və çöl tərəfdən büsbütün ona bağışlanan kitablara yazılmış avtoqraflarla bəzədilib. Hətta burda rəhmətlik Rafiq Tağının yazdığı avtoqraf da var.

Mən də «Yazıçının savaşı» kitabımı bağışlamış, avtoqraf da yazmışdım. Allah bilir nə yazmışam, yazı yazanda istedadımın da, təxəyyülümün də başına daş düşür, aftoqraf yazanda isə məni görəsən! Lakin burda mənim avtoqrafım yoxdur, yəqin ikinci cilddə pərvazlanacaq.

Allah, Allah, görəsən dünyada elə bir yazıçı varmı ki, ona bağışlanan kitablara yazılan avtoqrafları beləcə hamı üçün bəyan eləyir?

Kitabımıza şəstlə avtoqraf yazıb veririk. Biri mən, kefim saz olanda elə aftoqraflar yazıram, rəhmətlik Markes də mənə həsəd aparar. Daha xəbərimiz də yox ki, kitabını bağışladığımız adamın artıq gözləri işıldayır, şəxsi bildiyimiz, özəl bildiyimiz avtoqrafları günlərin birində bütün ölkəyə yayacaq, bəs, mənə belə aftoqraflar yazıblar deyə, fəxr eləyəcək, qürur duyacaq! Bunun böyükdən böyük bir iş olduğunu xalqının, öz doğma xalqının nəzər diqqətinə çatdıracaq. Qoy görsünlər, qoy bilsinlər! Və yayılmasında, nümayiş olunmasında mən də fədakarlıq eləyəcəyəm!

Utandım.

Mən bunun yalnız maraqsız iş olduğunu zənn eləmişdim.

Biz qələm əhli çox sadəlövhük.
Geri qayıt