Əsas Səhifə > Azərbaycan / İntervü / Manşet / Üst manşet > Siyasi məhbuslar probleminin həlli azad seçkidən keçir -

Siyasi məhbuslar probleminin həlli azad seçkidən keçir -


10-05-2021, 12:59.
title}
Siyasi məhbuslar probleminin həlli azad seçkidən keçir -


Bir neçə gün əvvəl “Müdafiə Xətti” İnsan Haqları İctimai Birliyi Ramazan bayramında əfv sərəncamının imzalanması üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, təşkilat ölkədə Konstitusiya ilə təminat verilən siyasi hüquq və azadlıqlardan (ifadə, toplaşma, birləşmə, vicdan, seçki və s.) istifadə etməsi səbəbindən həbs edildiyi barədə ciddi əsaslar olan şəxslərin hüquqlarının qorunmasına xüsusi önəm verir. “Müdafiə Xətti” yada salır ki, “sizin bu ilin mart ayında imzaladığınız əfv sərəncamı nəticəsində hüquq- müdafiə təşkilatlarının siyasi məhbus kateqoriyasına aid etdiyi 38 şəxs azadlığına qovuşdu. Bu qərarınızı önəmli addım kimi dəyərləndiririk. Bununla birlikdə təəssüflə bildirmək istəyirik ki, cəzaçəkmə müəssisələrində məhkumluğunun siyasi motivli olduğu hüquq müdafiəçiləri tərəfindən qəbul edilən onlarla məhbus qalmaqdadır. Üstəlik, çoxlu sayda siyasi fəal şəxs bu gün məhkəmələrdə siyasi motivli saxta ittihamlarla üz-üzədir. Vətəndaşların tənqidi siyasi fəaliyyətinə görə qurama əsaslarla həbsi ölkədə demokratik proseslərə və qanunların aliliyinə böyük ziyan vurur. Üstəlik, bu, siyasi opponent qüvvələr arasında qeyri-sağlam çəkişmələrə yol açır, konstitusion siyasi mübarizəni sarsıdır, radikalizmə, barışmazlığa yol açır, ölkəmiz üçün çox vacib olan siyasi dialoqu və faydalı siyasi işbirliyini mümkünsüz edir”.“Müdafiə Xətti” İnsan Haqları İctimai Birliyinin təsisçilərindən biri Rüfət Səfərov müraciətlə bağlı ASTNA-ya danışıb.

CivilAzerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Rüfət bəy, “Müdafiə Xətti” İnsan Haqları təşkilatı adından Ramazan bayramı münasibəti ilə əfv imzalanması üçün prezidentə müraciət etmisiniz. Amma prezidentin son əfv sərəncamı iki ay bundan əvvəl imzalanıb. Niyə yenidən əfv imzalanmasını istəyirsiniz?

- Təəssüf, hazırkı üsul-idarənin mövcud olduğu son 28 il ərzində elə bir mərhələ xatırlamıram ki, siyasi və vicdan məhbusları olmasın. Bu illər ərzində ən azı yüzlərlə vətəndaş siyasi əqidəsinə, dünyagörüşünə, inancına, hökumətin yürütdüyü siyasəti tənqid etdiyinə görə qondarma əsaslarla cinayət təqibinə məruz qalıb. Bu gün də onlarla şəxs heç bir ictimai təhlükəli, təqsirli əməl sahibi olmamasına baxmayaraq, məhbəs həyatı yaşayır. Jurnalist, siyasi fəal, inanclı, hətta aktyor belə siyasi məhbus həyatı yaşayırsa, bu, təkcə “Müdafiə Xətti”ni deyil, eləcə də bütün cəmiyyəti narahat etməlidir. Bu mənada cari ilin mart ayında dövlət başçısına müraciət etdik ki, bütün siyasi və vicdan məhbuslarının, habelə, ayrı-ayrı cinayətlər törətsələr də cəzalarının əhəmiyyətli hissəsini çəkən Qarabağ qazilərinin azadlığa buraxılmasını təmin edəcək əfv sərəncamı imzalansın. O zaman yerli və beynəlxalq hüquq- müdafiə təşkilatlarının siyasi məhbus olaraq qəbul etdiyi 38 dustaq azadlığa buraxılsa da yarımçıq əfv kimi qiymətləndirildi.

Niyə yenidən əfv sərəncamının imzalanmasını istəyirik? Çünki inanırıq ki, adamların müxalif düşüncəsinə görə saxta və qurama əsaslarla təqibə məruz qalması Azərbaycanda demokratik siyasi proseslərə və qanunların aliliyinə, hüququn üstünlüyünə böyük ziyan vurur. Eyni zamanda rəqib qüvvələr arasında qeyri-sağlam çəkişmələrə yol açır, konstitusion siyasi mübarizəni sarsıdır, barışmazlığa yol açır, ölkəmiz üçün çox vacib olan siyasi dialoqu və faydalı siyasi işbirliyini mümkünsüz edir. Əminik ki, siyasi yüklü cinayət təqibinə məruz qalan şəxslərin azadlığa qovuşmaları, cəzaçəkmə müəssisələrinin siyasi məhbuslardan tam azad olmaları ölkədə daxili sülhə, qarşılıqlı inama, hökumət-vətəndaş, hökumət-müxalifət arasında münasibətlərin yumşalmasını şərtləndirər. “Müdafiə Xətti” olaraq əminik ki, əgər dövlət başçısı yüksək siyasi iradə nümayiş etdirərək Elçin Əmiraslanovun, Səfa Poladovun, Arif Kazımovun timsalında 26 ildir ki, həbsdə olan keçmiş OMON-çuların- Qarabağ qazilərinin, Hacı Taleh Bağırzadənin, Mövsüm Səmədovun, Abgül Süleymanovun, Aqil Əli Məhərrəmlinin, Saleh Rüstəmlinin, Əlizamin Salayevin, Səid Bakuvinin və onların məhbəsdəki digər cəbhədaşlarının azadlığını təmin edəcək əfv sərəncamı imzalasa, ölkəmizdə insan haqlarının durumu ilə bağlı neqativ tendensiyalar səngiyəcək, göstəricilər yaxşılaşacaq, qanunun aliliyi sahəsində ciddi irəliləyiş olacaq.

- Nədən məhz birbaşa prezidentə müraciət edirsiniz? Yəni, ölkədə Əfv komissiyası, onun sədri ola-ola niyə birbaşa prezidentə müraciət etməyi qərara aldınız?

- Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə dövlət başçısının müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslərin barəsində tətbiq olunur. Düşünürük ki, siyasi və vicdan məhbuslarının azadlığa çıxması birbaşa dövlət başçısının rəyi və iradəsi ilə mümkündür. Prezidentin yanında Əfv Məsələləri üzrə Komissiyanın tərkibi ciddi və real səlahiyyətlərə malik deyil ki, məsələn, Elçin Əmiraslanovun, Aqil Əli Məhərrəmlinin, Saleh Rüstəmlinin, ya da Hacı Taleh Bağırzadənin məhbəsdə, yoxsa azadlıqda olmasını müəyyən etsin. Komissiyanın xüsusi tapşırıqları yerinə yetirən dəftərxana funksiyasını realizə etməsi məndə şübhə doğurmur. Hansı ölkədə və necə idarəetmə altında yaşadığımız bizə tam aydındır.

- Müraciətinizdən sonra sizə rəsmi olaraq hər hansı reaksiya verilibmi? Bayrama sayılı günlər qalıb. Ümidiniz varmı ki, bu qısa müddətdə müraciətiniz nəzərə alınsın?

- Xeyr, bu müddətdə hər hansı cavab-reaksiya almamışıq, lakin ədalət naminə qeyd etməliyəm ki, son illərdə qismən də olsa siyasi məhbuslara şamil edilən əfv sərəncamları imzalanıb, mənim özüm də daxil, 51 siyasi məhbus 2019-cu ilin martında azad edildi, dediyim kimi, cari ilin martında 38 nəfər siyasi məhbus sərbəst buraxıldı. Hər halda tam tərkibdə siyasi məhbusların azadlığa qovuşacağına dair fikir irəli sürsəm, sadəlövh olaram. Bilirəm ki, Azərbaycanda hakimiyyətlər arasında balans yoxdur, hüquqi dövlətin mühüm əlamətləri olan qanunun aliliyi və hüququn üstünlüyü mövcud deyil, qanunçuluğu önə çəkən əməliyyat-axtarış orqanları, obyektivliyə söykənən istintaq korpusu, ədalət mühakiməsini həyata keçirməli olan hakim heyəti yoxdur. Bununla belə, ümid etmək istərdim ki, yeganə “təqsir”ləri hakim siyasətdən fərqli düşünmək olan məhbusların bir qismi azadlığa qovuşacaq.

- Sizin müraciətiniz konkret olaraq siyasi məhbusların azadlığa çıxması üçün idi, yoxsa digər məhbusları da nəzərə almısınız?

- Dövlət başçısına ünvanladığımız son müraciətdə siyasi məhbus probleminin köklü surətdə həll olunmasını, onların haqq etdikləri azadlığa çıxmalarını xahiş etdik. Eyni zamanda, şübhəsiz ki, qanunvericiliyin tələbinə görə, islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökm qanuni qüvvəyə mindikdən sonra, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxs barəsində cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barəsində cəzanın on il müddətini çəkdikdən sonra əfvetmə qaydasında müraciət edilə bilər və “Müdafiə Xətti” olaraq bunu dəstəkliyirik. Düşünürük ki, cəza-icra siyasətində cinayət-hüqiqi tədbir kimi cəzanın məqsədlərinə- sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə səy edilməlidir. Əgər məhkumun cəza çəkdiyi müddətdə islah prosesi yüksəkdirsə, cəmiyyətə yenidən inteqrasiya problemli görünmürsə, sonadək məhbəs həyatı yaşamaq hüquqi dövlət anlayışına cavab vermir, məntiqsizdir. Bu təcrübəni əyani surətdə müşahidə edən biri kimi deyə bilərəm ki, məhkum törətdiyi əməldən səmimi surətdə peşman olsa da, islah prosesi yüksək səviyyəyə çatsa da, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi, şərti olaraq vaxtından əvvəl azadetmə və s. əsas etibarilə maddi nemətin, hədiyyənin, pulun müqabilndə baş tutur.

- Azərbaycanda siyasi məhbus problemi niyə kökündən həll olunmur? Sizcə, buna mane olan nədir? Bu problemi həll etmək üçün təklifləriniz nədir?

- Nə zaman ki, Azərbaycanda azad və ədalətli seçkilər əsasında hakimiyyət qolları formalaşacaq, Konstitusiya ilə təminat verilən siyasi imkanlardan, xüsusilə, ifadə, toplaşma, birləşmə, vicdan, seçki və s. hüquq və azadlıqlardan istifadə təqiblərlə müşayiət olunmayacaq, demokratik və hüquqi açılımlar baş tutacaq, o zaman siyasi məhbus problemi köklü surətdə öz həllini tapacaq. Hər kəsə, o sıradan hökumətin özünə də bəllidir ki, avtoritar idarəetmə sürdürülür, demokratik institutlar sıradan çıxarılıb, vətəndaş cəmiyyəti iflic vəziyyətə salınıb, hüquq- müdafiə təşkilatlarının normal fəaliyyəti üçün nə faktiki, nə də qanuni zəmin var. Hakimiyyətin nəzərində müxalifətçi olmaq ən yaxşı “xuliqan”, “polisə müqavimət göstərən”, “narkoman”, ən pis haldasa “terrorçu” sayılırsa, niyə də siyasi məhbus olmasın? Hazırkı sistemin mövcudluq şərtlərindən biri də elə vicdan və siyasi məhbusların olmasındadır. O ki qaldı təklifə… Bəli, təklif edirəm ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın yolunu gedərək avtoritarizmdən xalq hakimiyyətinə söykənən demokratik idarəçiliyə çevirsin. Yerli və beynəlxalq hüquq- müdafiə təsisatlarının, mötəbər siyasi və hüquqi mərkəzlərin çağırışlarına etina göstərsin, siyasi məhbusları tam tərkibdə azad etsin. Amma qulaq asan varmı?
Geri qayıt