Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycanın icra etmədiyi

Azərbaycanın icra etmədiyi


19-05-2021, 12:33.
title}
Azərbaycanın icra etmədiyi


Azərbaycan millət vəkillərinin, prokurorların gəlir bəyannaməsi təqdim etməsi ilə bağlı tövsiyəni hələ də yerinə yetirməyib.

CivilAzerbaijan.com
bildirir ki, mayın 19-da Avropa Şurasının antikorrupsiya orqanı olan GRECO Azərbaycana tövsiyələrin icrasıyla bağlı hesabat açıqlayıb.

GRECO 21 tövsiyədən 14-nün qənaətbəxş şəkildə həll edildiyini, 4 tövsiyənin qismən, 3-nün isə icra olunmadığını bildirilir. Gəlir bəyannamələrini ehtiva edən tövsiyələr də icra olunmayanlar sırasındadır.

Konkret addımlar atılsa da...

GRECO tövsiyə edib ki, millət vəkilləri üçün gəlir bəyannamələrinin forması tez bir zamanda müəyyənləşdirilsin və bəyannamələrin məxfiliyi aradan qaldırılsın. Digər tövsiyədə hakimlər üçün gəlir bəyannamələrinin formasının tez bir zamanda müəyyənləşdirilməsi istənilib. GRECO bu tövsiyələrin icrası üzrə heç bir irəliləyişin olmadığını bildirir.

İcra olunmayan üçüncü tövsiyə isə prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydasının prioritet məsələ kimi həllini tapmasıdır. “Prokuror və onların qohumlarının təhlükəsizlik və şəxsi sirləri nəzərə alınmaq şərti ilə, bütün prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi üzrə məxfilik aradan qaldırılsın; aktivlərin bəyan edilməsinə dair müəyyən olunmuş qaydaya riayət edilməklə, həmin qaydanın icrasına nəzarət etmək üçün Baş Prokurorluğun nəzdində müvafiq struktur yaradılsın”, – tövsiyədə deyilir.

Hesabatda deyilir ki, parlament üzvlərinə münasibətdə bəzi konkret addımlar atılıb. Qanun layihələri ilə bağlı ictimai məsləhətləşmələr çərçivəsində irəliləyiş əldə edilib, “Deputatların etik davranış qaydaları haqqında Qanun” qəbul edilib. Lakin parlament üzvləri ilə əlaqədar aktivlərin açıqlanması üçün effektiv bir sistem qurulmasına hələ də çox ehtiyac var, qurum bildirir.

“İcra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri...”

Prokurorlarla əlaqədar intizam pozuntuları, etik davranış qaydaları və vaxtaşırı qiymətləndirmə sistemi ilə bağlı bir sıra sahələrdə ciddi addımların atıldığı qeyd edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işə qəbulu üçün yeni meyarlar tətbiq edilib. Şəffaflıq ilə əlaqəli mövzulara dair təlimlərdə də irəliləyişlər əldə olunub. “Lakin icra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri olduqca problemli hal olaraq qalmaqdadır və prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi ümumiyyətlə həll edilməyib”, – hesabatda vurğulanır.

Azərbaycan hökuməti isə parlamentin 2019-cu ilin dekabrında buraxılmasını və 2020-ci ilin fevralında parlament seçkiləri keçirilməsini əsas gətirib, bu proseslərin parlament üzvlərinə aid bir sıra tövsiyələrin gerçəkləşməsinə mane olduğunu bildirib.

Azadlıq Radiosunun məlumatına görə, Azərbaycanda gəlir bəyannaməsi barədə qanun 2005-ci ildə qəbul olunsa da, hələ də tətbiq olunmayıb. Hakimiyyət isə təmsilçiləri korrupsiya ilə sistematik mübarizə aparıldığını bildirir. Tənqidçilərin fikrincə, sistemli mübarizə yüksək rütbəli məmurlardan başlayacağı halda effektli olar.
Geri qayıt