Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Müharibə təhlükəsi artır -
Müharibə təhlükəsi artır -29-05-2021, 19:48. |
Son bir neçə gündür Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Mayın 27-də Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya edib. Məlumata görə, eyni zamanda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları Kəlbəcər rayonu sahəsində Azərbaycan dövlət sərhədini keçib və minalama işlərini aparmağa cəhd göstərib. Nəticədə 6 hərbi qulluqçusu tərksilah edilərək saxlanılıb. CivilAzerbaijan.com bildirir ki, qurumun digər məlumatına görə, mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasındakı Azərbaycan mövqeləri Ermənistan silahlı qüvvələrinin açdığı atəşə məruz qalıb. Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan yaralanıb. Xarici İşlər Nazirliyi bunları təxribat adlandıraraq bildirib ki, Ermənistanın bu hərəkətləri bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. «Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir». Öz növbəsində Ermənistan bildirib ki, hərbi qulluqçular Ermənistanın Qeqarqunik rayonun ərazisində mühəndis-istehkam işlərini aparırdı. Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutması barədə Azərbaycan tərəfin açıqlamasını isə təkzib edərək, bildirib ki, belə bir hal baş verməyib. Sərhəddə vəziyyət niyə gərginləşdi? Bu, nə ilə nəticələnə bilər? Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında bildirib ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. «Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat cavabsız qalmamalı idi və qalmadı». Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov Turana bildirib ki, gərginliyin yaranmasının müxtəlif versiyalar var. «Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycan ərazilərini işğal etmişdi və ermənilər orada məskunlaşmışdı. Bu ərazinin xeyli hissəsi Azərbaycan-Ermənistan sərhəd bölgəsidir. İndi Azərbaycan öz tarixi sərhədlərini bərpa edir. Ernənilər bunu qəbul etmir». Deputat qeyd edib ki, bu sərhədlər hələ sovet dönəmində müəyyən olunub. «Bunların xəritələri və digər sənədləri, arxivi, əsası var. Bu xəritələr Moskvada da, Azərbaycanda da, Ermənistanda da var. Sadəcə olaraq bu, ermənilərin növbəti təxribatı və hay-küyüdür». Komitə üzvü vurğulayıb ki, Ermənistan Beynəlxalq təşkilatlara müraciət edir. «Deyirlər ki, Azərbaycan bizim ərazilərimizə daxil olub, köməyə gəlin. Lakin həmin təşkilatlar xəritəyə baxırlar, peyklərdən baxırlar və müəyyən edirlər ki, Azərbaycan Ermənistan ərazisində daxil olmayıb, Azərbaycan öz ərazisini təmizləməklə məşğuldur». Deputatın fikrincə, hadisələrin digər mümkün səbəb kimi Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləridir. «Paşinyanla Köçaryan arasında gedən mübarizə də səbəb ola bilər. Bir versiya var ki, Paşinyan qəsdən bu məsələləri qızışdırır ki, diqqət onun seçki kampaniyasından yayınsın. Digər tərəfdən bu gün Ermənistan ordusunda qalmaqda olan Köçaryan, Sərkisyan tərəfdarları Paşinyanın mövqelərini daha da zəiflətmək üçün bunu qəsdən edirlər». E.Məmmədov hesab edir ki, bu vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. «Biz bir qarış torpağın belə düşməndə qalmasına imkan verməyəcəyik. Buna görə də biz sərhəddə gücümüzü daha da artırırıq və artırmalıyıq da. Düşmənin bütün təxribatlarına baxmadan biz çəkinməməliyik». Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan-Ermənistan sərhədində və Şuşa ətrafında vəziyyətin gərginləşməsi yaxşı perspektivdən xəbər vermir. «Bunun başlıca səbəbi Ermənistanda seçkilərə hazırlıqdır. Biz görürük ki, Paşinyan birmənalı şəkildə qərbpərəst mövqe nümayiş etdirir və hətta ABŞ müşahidəçiləri sərhədə yerləşdirməsini təklif edir. Bu mövqe və Paşinyanın qalib gəlməsi ehtimalı Rusiyanı narahat etməyə bilməz». Ekspert qeyd edib ki, bu səbəbdən Rusiya hər iki tərəfə təsir edərək müəyyən gərginliklər yaratmağa çalışır. «Ola bilsin ki, hansısa lokal konfliktlər təhrik etməyi düşünür. Çünki kiçik uğursuzluq belə Paşinyanın seçkilər nəticələrinə mənfi təsir göstərəcək. Çox təəssüf ki, Azərbaycan tərəf də bu addımlara dəstək verir». Ə.Oruclunun fikrincə, digər səbəb Rusiyanın Yaxın Şərqə çıxışını əldə etməsi üçün yolların açmaq istəyidir. «Rusiya gəldi və dalana düşdü. Rusiyanın İrana nə Cəbrayıl istiqamətindən çıxışı var, nə hələlik Zəngəzur dəhlizi yoxdur, onun olub-olmayacağı sual altındadır. Ona görə də Moskva Xudafərin keçidini nəzarətə götürmək istəyir. Bunun üçün isə ona müharibə lazımdır». Ekspert vurğulayıb ki, müharibə təhlükəsi artır. Geri qayıt |