Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > ŞƏLALƏ ƏBİL. “Dayan! Mənim bədənim!”
ŞƏLALƏ ƏBİL. “Dayan! Mənim bədənim!”3-08-2021, 13:40. |
Yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır. CivilAzerbaijan.com Şəlalə Əbilin İsveç təlim-tərbiyə və təhsil sistemindən bəhs edən “Dayan! Mənim bədənim!” adlı növbəti yazısını təqdim edir: Şəlalə ƏBİL “Dayan! Mənim bədənim!” Uşaqlarımız bədənlərinin dəyərini lazımı qədər bilirlərmi? Biz valideynlər uşaqlarımıza bədənə toxunmanın sərhədləri haqqında danışırıqmı? Uşaqların bədənlərinə xoşlamadıqları ve yaxud anlamadıqları halda təzyiq ediləndə “Dayan!” deyə bilirlərmi? Bu gün sizə İsveçdə uşaqların yeri gəldiyi zaman verdiyi “Dayan! Mənim bədənim!” (“Stopp! Min kropp!”) əmri haqqında danışmaq istəyirəm. Yenə müşahidələrimə müraciət edəcəyəm. Üç yaşlı Leo babası ilə monster-bədheybət canavar oyununu oynayır. Leonun çox sevdiyi bu oyunun şərtlərinə görə, baba üz-gözünü büzüşdürüb (güya canavardı) gizlənmiş Leonu axtarır, sonra güya tapıb onu tutmaq istəyəndə Leo həyəcanla aradan çıxır və yenidən başqa bir yerdə gizlənir. Birdən baba özü də bilmədən rolunu necə məharətlə oynayırsa, Leo bu “canavarın” babası olduğunu bilsə də ( hər halda üçcə yaşı var), qorxmağa başlayır. Üstünə gələn “canavardan” xilas olmaq üçün qorxu içində ağlamsınaraq yaxınlıqda dayanmış və onları seyr edən anasının üstünə qaçmaq istəyəndə, ana oğluna belə durumlarda nə demək gərəkdiyini yadına salmağa çalışır: -Nə deməlisən, Leo? Uşaq tez qollarını qabağa uzadrı, ovcunun içini babaya tərəf tuşlayıb: - “Dayan! Mənim bədənim! - əmrini verir. Bu əmrdən sonra baba oyunu həmin andaca sonlandıraraq rolunu “məharətlə” oynayıb nəvəsini qorxutduğu üçün ondan üzr istəyir. Başqa bir misal: Altı yaşlı Samuel özünün beş yaşlı qardaşı Daniellə oynadığı zaman kişik qardaşının kobud hərəkətlərinin həddini aşdığını və onu incitdiyini hiss edəndə qolunu qabağa uzadaraq ovcunun içini qardaşına tuşlayıb “Dayan!” əmrini verir. Bu əmrdən sonra Daniel mütləq dayanmalı və oyuna son verməlidir. İsveçdə uşaqlara balacalığından öz bədənlərinin sərhədlərini cızmaq üçün həmin “Dayan! Mənim bədənim!” əmrindən istifadə etməyi öyrədirlər. Bu, “Mən artıq istəmirəm!” deməkdir. Sərhədlər qoya bilmək üçün əvvəcə uşaqlar öz bədənlərinin dəyərini bilməlidirlər, əks halda, onlar bədənlərinin sərhədlərini cıza bilməyəcəklər və “Dayan!” demək də onlara cətin olacaq. Bəs, bu əmr nə zaman verilməlidir? Əgər kimsə bilərəkdən, yaxud da bilməyərəkdən bədəninə, anlamadığın, istəmədiyin, xoşlamadığın halda qəribə hərəkətlərlə fiziki, psixaloji təsir edirsə və yaxud etməyə çalışırsa, bu zaman ona ”Dayan! Mənim bədənim!” deməlisən. Bu “kimsə” dediyimiz yad, eyni zamanda, tanıdığımız, hətta xoşladığımız, yaxın bildiyimiz adamlar da ola bilər. Bu “kimsə” dediyimiz uşaqların öz yaşıdları və böyüklər də ola bilər. Bəs, hansı yaşdan başlayaraq uşaqlara bu barədə məlumat verilməlidir? Əgər biz lap körpəlikdən uşaqlarımızın bədəninə hörmətlə, ehtiyatla yanaşsaq, kobud şəkildə fiziki təmas göstərməsək (bura “sevgi” göstərişi kimi kobud öpüb-dişləmələr də daxildir), səbrimizi cilovlayıb qaba bir şəkildə üstlərinə qışqırıb-bağırmasaq, onlara bilavasitə bədənlərinin dəyərini isbatlamış oluruq. Uşaqları yuyub bezini dəyişdikdə, bədəninin özəl yerlərinə ehtiyatla, hörmətlə yanaşmaq və bu yerlərin yalnız onların özlərinə aid olduğunu hər an hiss etdirmək lazımdır. Bəs, bunu necə hiss etdirməli? Bədənlərindəki özəl yerlərə toxunanda, bunu niyə etdiyimizi sözlərlə ifadə etməliyik. Həssas yerlərə toxunmanın onlar üçün heç də xoşagəlimli bir şey olmadığını başa düşdüyünüzü dilə gətirməliyik. Vermək istədiyimiz mesaj budur ki, mən sənin özəl yerlərinlə ehtiyatla davranıram, çünki bu yerlər yalnız sənə aiddir. Mən bunu sənə kömək məqsədi ilə müvəqqəti olaraq yerinə yetirirəm. Yəni valideyn olsan belə həmin özəl yerlərlə nə zaman istəsən toxuna biləcəyin bir yer kimi davranmamalısan! Bu cür yanaşdıqda uşaqlara, lap körpəliyindən, bədənlərinin dəyərli və yalnız özlərinə məxsusluğunu, bəzi yerlərin, hətta valideynin belə ehtiyatla yanaşması gərəkən dərəcədə özəl olduğunu və bu yerləri kimə gəldi etibar etməməyi aşılamış oluruq. Tualetini bitirdikdən sonra yuyulması və geyinməsi kimi işlər məhz özəl yerlərlə əlaqəli olduğu üçün bu işlərin mümkün qədər erkən yaşda özlərinin yerinə yeritməsinə imkan vermək lazımdır. Ağız da bədənin həssas üzvüdür, ona görə də, körpənin ağzına yemək basmaqdan çəkinin. 1 yaşından başlayaraq uşaqların dağınıq olsa da, təkbaşına yeməyinə icazə verilməlidir, çünki bu onların öz bədənləri üzərindəki nəzarət hissini gücləndirir, özgüvənini artırır. Təsadüfi deyil ki, bütün uşaqlar, yeməyin ağızlarına məcburi surətdə soxulmağını deyil, təkbaşına yeməyi çox xoşlayarlar (Onların az yeməyindən narahat olmamalıyıq). Uşaqlar yedikləri zaman yeməyi ətrafına dağıda, hətta üst-başlarına sürtə də bilərlər. İsveçlilər belə şeylərə görə uşağa qadağa qoymaz və bundan qətiyyən narahat olmazlar. 4-5 yaşlarından başlayaraq artıq onlara bədənlərindəki özəl yerlər haqqında bilgilər vermək lazımdır. Uşaqlara, onların bədənlərinə, təəssüf ki, bəzən istəmədikləri, xoşlamadıqları, ya da anlamadıqları toxunuşlar edən kiçik və böyük adamların olduğu barədə danışılmalı, məlumat verilməli, bu cür durumlara düşdükləri zaman “Dayan!” deməyi və bu barədə böyüklərə söyləmənin vacibliyini başa salmaq lazımdır. Uşağı başqalarını qucaqlamağa, öpməyə və qucağında oturmağa təşviq etməməli, bunun əvəzində uşaqla məsləhətləşməliyik. Uşaqdan həmin qohum və ya tanışın qucağına getməyi, onları öpməyi istəyib-istəmədiyini soruşmaq lazımdır. Təəssüf ki, kiçik uşaqlar cinsi istismara məruz qaldıqda, cinayətkarın onun tanıdığı və xoşladığı biri olması da mümkün haldır. Bu səbəbdən uşaqlara hətta bəyəndikləri insanlara - bu, böyük qardaş, əmi, dayı, xala, qonşu, valideynin özü belə ola bilər - “Dayan!” deməyin normal olduğunu öyrətməliyik. Eyni zamanda, uşaqlarımıza başqa insanları dinləməyin, dediklərinə və istədiklərinə hörmət etməyin də nə qədər vacib olduğu öyrətməliyik. Biri “Dayan!” deyəndə, bu, “Mən artıq istəmirəm!” deməkdir. O zaman davam etməməliyik. Əks təqdirdə, o insanı kədərləndirmiş, hirsləndirmiş və ya qorxutmuş oluruq. Uşaqlarımıza öz bədənlərinə dəyər verməyi aşılayaq! Uşaqlarımıza öz bədənlərinə sərhədlər qoya bilmələrinə yardım edək! Uşaqlara “Dayan!” deyə bilməyi öyrədək! Bu onlara öyrətdiyimiz adi həyati vərdişlər içərisində ən vacib və gərəklisi olmalıdır. Heç kim uşaqları qorxuda, təhdid edə, vura və ya başqa şəkildə zərər verə bilməz. Heç kim uşağın özəl yerlərinə onların başa düşmədiyi şəkildə toxuna bilməz. Bəzən valideynlər və ya həkimlər buna ehtiyac duya bilər. Amma onlar da öncədən nə etdiklərini və nə üçün etdiklərini uşağa izah etməlidirlər. Heç kim bir uşağı başqalarının sinə və qeyri yerlərinə toxunmağa məcbur edə bilməz. İsveç bağçalarında sözləri və musiqisi Maqnus Yonsona (Magnus Jonsson) aid olan “Dayan! Mənim bədənim!” (“Stopp! Min kropp!”) mahnısı uşaqlara sevə-sevə öyrədilir. “Mən, sən dediyinə görə deyil, özüm istədiyim üçün qucaqlayaram. Mən, sən dediyinə görə deyil, özüm istədiyim üçün öpüşərəm. Bədənimizdə özəl yerlər var, kimsə onlara toxuna bilməz. Mən “Dayan!” deyərəm, biri mənim bədənimə toxunmaq istəsə! Mən “Dayan!” deyərəm, çünki bu sənin deyil, mənim bədənimdir!” Ölkəmizdəki dərslik və uşaq kitablarında da belə şeir, hekayə, mahnı və mövzuları görmək arzusu ilə. P.S. Şəklə görə balaca Sara və onun valideynlərinə təşəkkürümü bildirirəm. Geri qayıt |