Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Keçmiş icra başçısı və müavininə hökm oxunub

Keçmiş icra başçısı və müavininə hökm oxunub


8-08-2021, 14:41.
title}


Həbsdə olan icra başçılarından ilk tutulan Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun mühakiməsi başa çatıb. Avqustun 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

CivilAzerbaijan.com
bildirir ki, bu ilin yanvarından başlayan və yeddi ay davam edən məhkəmə prosesinin yekunu olaraq, Nizaməddin Quliyev 9 il, onun birinci müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 311.3.1 (əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə təqsirli bilinib.

Sabiq icra başçısının həbsindən sonra məhkəmə qərarıyla onun və ailə üzvlərinin bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Hökmdə həmin əmlakların müsadirəsi də əksini tapıb.

Hökmü Məhəmməd Bağırovun sədrlik etdiyi, Dadaş İmanov və Nural Əliyevdən ibarət hakimlər kollegiyası çıxarıb.

66 yaşlı Nizaməddin Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində cəmi 8 ay işləmişdi. Bundan öncə isə o, 10 il Goranboy rayonunda eyni vəzifəni daşıyıb.

Onun övladlarından Ramin Quliyev 2013-cü ildən Nərimanov Rayon Məhkəməsinin hakimi idi, Ramal Quliyev isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müstəntiq işləyirdi.

Atasının həbsindən sonra Ramal Quliyev vəzifəsindən çıxarıldı. Hazırda Baş prokuror olan Kamran Əliyev o zaman həmin idarəyə rəhbərlik edirdi və 2020-ci ilin yanvarında keçirdiyi mətbuat konfransında demişdi ki, Ramal Quliyev öz ərizəsi əsasında işdən çıxıb. Bu ilin yanvarında isə o, Baş prokurorun əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Ramin Quliyevə gəlincə, Meydan TV-nin Nərimanov Rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, atasının həbsindən sonra onun hakim kimi fəaliyyəti də dayandırılıb, icraatına yeni iş verilməyib: “Hakiminin fəaliyyətinə atasına görə xitam vermək mümkün deyil. Ona görə adı hakim kimi saxlanılıb, amma özü faktiki fəaliyyət göstərməyib”.

Həbsdə olan keçmiş icra başçılarının da məhkəməsi Lənkəran, Şəki Ağır Cinayətlər Məhkəməsində davam edir. Yaxın günlərdə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Keçmiş icra başçıları DTX-nın istintaq təcridxanasında saxlanılır.

Azərbaycanda icra başçılarının həbs dalğası 2020-ci ilin dekabrında Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədlovla başlayıb. DTX-nın yaydığı açıqlamalarda icra başçılarının bu vəzifədə işlədikləri dövrlərdə rayonlarda tikinti, abadlıq işlərinə büdcədən ayrılmış milyonlarla vəsaiti mənimsədiyi, vətəndaşlardan külli miqdarda rüşvət aldığı iddia olunur.

Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçıları həbs edilib, onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Geri qayıt