Əsas Səhifə > Azərbaycan / İntervü / Manşet / Üst manşet > Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı SON VƏZİYYƏT

Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı SON VƏZİYYƏT


13-08-2021, 14:55.
title}


İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərindən sonra Aİ ilə bağlanması nəzərdə tutulan sazişin tezliklə imzalanacağına ümidlər artmışdı. Bu yaxınlarda rəsmi Bakı da bağlanması gözlənən Saziş layihəsinin 90 faizinin razılaşdırıldığını və "yaxın aylarda" imzalanacağını bəyan edib. Azərbaycan bəzi məsələlərə görə, işin ləngidiyini bildirir. Prezident İlham Əliyev deyib ki, “narahatlığımız nəzərə alınsa" saziş tezliklə imzalana bilər.

"Hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər," - İlham Əliyev iyulun 22-də dövlət televiziyasına verdiyi müsahibəsində deyib.

Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında saziş bağlanması üzrə danışıqlar 2017-ci ildən başlayıb. Sazişin layihəsi ictimaiyyətə açıqlanmır və fikir ayrılığına səbəb olan məsələlər qeyri-müəyyəndir.

Bəs sazişin imzalanması niyə gecikir? Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin keçmiş üzvü Zaur Əkbər mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.


CivilAzerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Zaur bəy, sizcə, rəsmi Bakı Avropa İttifaqına Strateji Tərəfdaşlıq sazişi ilə bağlı yekun qərarını niyə gecikdirir?

- 2017-ci ildən hazırlanmasına başlanan ikitərəfli sənədin bəndlərinin bir neçəsini rəsmi Bakı yerinə yetirməyə hazır olmadığını bildirib. Məsələn, təklif olunan sazişin ikinci bəndində Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsi durur. Ancaq rəsmi Bakı Avropa İttifaqından bunun üçün 10 il möhlət istəyir. Digər bir məsələ isə, Azərbaycanın öz aviasiya məkanını Avropa İttifaqının güzəştli tarifləri əsasında paylaşmasıdır ki, rəsmi Bakı bununla bağlı da heç bir ciddi addım atmayıb. Burada söhbət AZAL-ın monopolist şirkət kimi çıxış etməsinə son verilməsi, tariflərin aşağı salınması və bunun nəticəsində Bakıya Avropanın Ryaner Hava Yolları kimi ucuz şirkətlərinin gəlməsindən gedir. Belə olduğu halda, təsəvvür edin ki, hər bir ölkə vətəndaşı 80 avro qiymətinə Avropanın istənilən paytaxtına gediş-gəliş imkanı əldə edir. AZAL-ın diqtə etdiyi hazırkı qiymətlərlərə nəzər yetirdikdə biz görürük ki, bu qiymət dəfələrlə bahadır.

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ötən ay Bakıya gəlmişdi. Bu səfərdəki nəticələrin hər iki tərəf üçün qənaətbəxş olduğu söylənilirdi və sazişin tezliklə imzalanacağı ilə bağlı ümidlər artmışdı. Bəs birdən-birə nə baş verdi? Problem nədədir?

- Avropa İttifaqı sazişlə bağlı verdiyi təkliflər üzərində rəsmi Bakıdan 6 aydan çoxdur ki, yekun qərar gözləyirdi. Aİ Şurasının prezidenti hələ iyun ayının 12-də dövlət başçısı İlham Əliyevə zəng edərək bu məsələ və müharibədən sonra regionda yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi etmişdi. İyul ayında onun Cənubi Qafqaz ölkələrinə, xüsusilə də iyulun 18-də Bakıya səfəri bu saziş üzərində gedən müzakirələrin yekunu ilə bağlı rəsmi Bakının mövqeyini öyrənmək məqsədi daşıyırdı. Lakin görüşdən sonra hər iki liderin keçirdiyi mətbuat konfransında səslənən fikirlərə diqqət yetirsək, görərik ki, Mişel Bakı səfərindən heç də razı qalmayıb. Həmin mətbuat konfransında İlham Əliyevin ‘’Avropanın enerji təhlükəsizliyini təmin etmək ikitərəfli münasibətlərdə bizim üçün əsas prioritetdir’’ deməsi də buna bir işarə idi.

Ötən ilin son ayı və bu ilin əvvəli həm rəsmi Bakıdan, həm də Aİ-dan sazişin bağlanacağı ilə bağlı pozitiv siqnallar gəlirdi. Çünki hər iki tərəf arasında bır sıra məsələlərin razılaşdırılmasında konstruktiv müzakirələr aparılmışdı. Problem rəsmi Bakının ortaya yetərli iradə və qətiyyət qoya bilməməsindədir. Yeri gəlmişkən, rəsmi Bakı tələsik, AI isə daha mükəmməl bir sənədində ərsəyə gəlməsində maraqlıdır. Təəssüflə qeyd etməliyəm ki, bu ilin dekabrında Brüsseldə keçiriləcək 6 + 27 formatında növbəti Şərq Tərəfdaşlığı sammiti çərçivəsində bu sazişin imzalayanmacağı böyük ehtimal olunur. Çünki qeyd etdiyim kimi, rəsmi Bakının etməli olduğu, yarımçıq qalan çox iş var.

- Bəlkə sazişin imzalanmasını istəməyən hansısa üçüncü tərəf Azərbaycana bu məsələdə mane olur? Ola bilərmi Azərbaycan tərəfi sazişin imzalaması üçün uyğun zaman və fürsət qovalayır?

- Üçüncü tərəfin müdaxiləsi yalnız Rusiya tərəfindən ehtimal oluna bilər. Ancaq nəzərinizə çatdırım ki, hələ 2016-cı ilin noyabrında Avropa Parlamentinin və Avropa İttifaqının bir neçə səlahiyyətli şəxsinin Bakıya səfəri zamanı onlar İlham Əliyevə Avropa İttıfaqının Azərbaycanla məhz Assossativ saziş bağlaması təklifi ilə rəsmən çıxış etmişdilər. Həmin vaxt İlham Əliyev də Rusiya amilini və son Maydan hadisələrini əsas gətirərək Azərbaycanın Aİ ilə özünün təklif etdiyi Strateji Tərəfdaşlıq sazişi imzalaya biləcəyini demişdi. Bundan sonra da Avropa Komissiyası və Avropa İttifaqı Şurası mandat əldə edərək birgə bu sazişin bəndlərini hazırlamağa başlamışdılar. Ötən ilin son ayı və bu ilin əvvəli həm rəsmi Bakıdan, həm də Aİ-dan sazişin bağlanacağı ilə bağlı pozitiv siqnallar gəlirdi. Çünki hər iki tərəf arasında bır sıra məsələlərin razılaşdırılmasında konstruktiv müzakirələr aparılmışdı.


Zaur Əkbər

İkinci Qarabağ savaşından sonra Azərbaycan öz suveren hüququnun bir çox hissəsini təmin etdikdən sonra rəsmi Bakının xarici siyasətdə qalib kimi rebrendinq etməsi, xüsusilə də Qərblə yaxınlaşması üçün bir zərurət yaranıb. Əks təqdirdə, Azərbaycan özünün gələcək xarici siyasət kursunun müəyyənləşməsində Rusiyanın himayəsindən çıxa bilməyəcək və bunun da arzuolunmaz nəticələrə gətirib çıxaracağı ehtimalı böyükdür.

- Avropa Birliyi ilə sazişin imzalanması Azərbaycana nə verəcək və ya imzalanmasa Azərbaycan nə itirə bilər?

- Əslində, Aİ ilə bu sazişin imzalanması ilk növbədə Azərbaycanın özünə lazımdır. Belarusun Şərq Tərəfdaşlığı proqramından çıxmasını nəzərə alsaq, Ai ilə 1999-cu ildən başlayan rəsmi münasibətləri yeni mərhələyə transformasiya etməyən yeganə ölkə Azərbaycandır. Ukrayna, Moldova və Gürcüstan artıq Aİ ilə Assossativ, Ermənistan isə 2018-ci ildə Hərtərəfli və Gücləndirilmiş Tərəfdaşlıq sazişi imzalayıb. Bu sazişin Azərbaycanla Aİ arasında imzalanması sənəddə əksini tapan öhdəliklərin (müxtəlif sahələrdə islahatların) yerinə yetirilməsi üçün Azərbaycana milyardlarla avro ayrılacaq. Mümkündür ki, Azərbaycan bu sazişdə qeyd olunan prioritet sahələr üzrə real proqres əldə edəcəyi təqdirdə bir neçə ildən sonra Azərbaycana da Avropaya giriş üçün vizasız rejim tətbiq olunsun. Yenə deyirəm, bu, rəsmi Bakının saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərin nə dərəcədə yerinə yetirib, yetirməməsindən asılı olacaq.

Sazişin imzalanmaması isə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da zəifləməsinə və Qərb dünyasından izolyasiya olunmasına gətirib çıxara bilər. Bu variant isə nə hakimiyyət nə də cəmiyyət üçün uğurlu seçim olardı.

- Sizin təklifləriniz nədir? Azərbaycan tərəfi tez bir zamanda bu sazişi imzalamalıdırmı? Və hər iki tərəf üçün uğurlu ola biləcək variant necə olmalıdır?

- Rəsmi Bakı heç bir tərəddüd etmədən bu sazişin imzalanmasına tələsməlidir. Hazırda Şərq Tərəfdaşlığı proqramı çərçivəsində proseslər elə sürətlə gedir ki, Assosiativ saziş imzalayan 3 ölkə (Ukrayna, Moldova və Gürcüstan) digər ölkələri gözləmədən Avropa ailəsinin üzvü olmağa daha çox israr edir. Biz bunu 19 iyulda Şarl Mişelin 3 ölkə liderinin iştirakı ilə Batumidə ‘’Gürcüstanın Avropaya bugünkü yolu’’ mövzusunda təşkil olunan beynəlxalq konfransda imzaladığı birgə bəyannamədən də görə bilərik.

Ölkədə fundamental azadlıqların, iqtisadi azadlıqların dirçəlməsi, strateji olaraq ümumilikdə cəmiyyətin inkişafı və Avropa inteqrasiyası baxımından Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq sazişi tez bir zamanda imzalanmalıdır.

Haşiyə: Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir. 1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb. Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.
Geri qayıt