Əsas Səhifə > Azərbaycan / Melange / Sənət / Manşet / Üst manşet > Samir Sədaqətoğlu. "Artist" Bəxtiyar Hacıyev

Samir Sədaqətoğlu. "Artist" Bəxtiyar Hacıyev


27-08-2021, 16:41.
title}


Samir Sədaqətoğlu
"ARTİST" BƏXTİYAR HACIYEV
bir az pamfletsayağı


- Azərbaycanlı artistdir bu?
Bəxtiyar Hacıyevin Prezident İlham Əliyevi məhkəməyə verməsi haqqında xəbəri oxuyarkən İsveçrədə qatardakı yol yoldaşım soruşdu.
- Bəxtiyar Hacıyevdir. Yazırlar ki, ictimai fəaldır...
- İctimai fəallıq edən artistdir?

Çiynimi çəkərək gülümsədim:
- Düzü, son nəticədə bu “artist”in kim olduğunu doğru-dürüst heç mən özüm də bilmirəm. Bunun bir, özü demişkən, “böyüyü”, əmisi var. Hafiz Hacıyev. H...
Adam sözümü bitirməyə macal vermədi:
- O da artistdir?

Qəfil qəhqəhəmi zorla boğsam da, gülməyimi cilovlaya bilmədim.
- Nə təsdiq, nə də inkar edə bilirəm. Amma onu deyə bilərəm ki, bunun o böyüyü də Azərbaycanda müxalifətçi vəzifəsində işləyir. Yeri gəlmişkən, bunların bir qohumu həqiqətən də, hal-hazırda incəsənət sektorundadır. Talıb Tale. Doğrusu, mən onun nə mızıldadığını bilmirəm, amma Azərbaycan KİV-ləri deyir ki, populyar müğənnidir.

- Qohumlarını qoyaq bir tərəfə. Bu şəkildəki Bəxtiyar Hacıyev dediyin tip əsl artistdir ki, var. Bu poza, bu xüsusi qulluq edilmiş qaş-göz, bu yana açılmış qollar və s. – bütün bunlar ilk baxışdaca deyir ki, bu adam bir artistdir. Özü də elə bil opera müğənnisidir! Bir az da dəqiqləşdirsək, solistdən çox, xorda oxuyana oxşayır.

Növbəti dayanacaqda yol yoldaşım qatardan düşdü. Üzümdə təbəssüm onunla söhbətimi içimdə çək-çevir edərkən beynimdə bir sual yarandı: əcaba, həqiqətən də kimdir bu Bəxtiyar Hacıyev? Nə işlə məğuldur? Bu günə qədər Azərbaycan üçün, xalq üçün, cəmiyyət üçün hansı işləri görüb? Ortada toplumun mənafeyi naminə gördüyü bir iş olmaya-olmaya necə olur ki, həftə səkkiz-mən doqquz manşetlərdə, gündəmdədir? Əgər adının hallandığı hər hansı bir iş varsa belə, bir azca araşdıran kimi, görürüsən, həmin işin arxasından Azərbaycan iqtidarının müxtəlif dövlət qurumları çıxır.



Zatən, bu tip, iqtidarla - Prezident Administrasiyasından tutmuş Gömrük Komitəsinə qədər iş birliyində olduğunu daha heç gizlətmir də. Adam Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s. müxtəlif güç qurumları ilə əməkdaşlıq etdiyini rəsmən bəyan da edib. Dövlət qurumları ilə necə kordinasiyalı şəkildə işlədiyinin az qala ən xırda detallarını belə KİV-də açıqlayıb.

İqtidarın demək olar ki, son illərdəki bütün siyasi oyunlarında, manupulyasiyalarında təqribən böyüyü Hafiz Hacıyev kimi bu və digər formada iştirak edib. Hansını deyim: “İslahat-islahat”, “Seçki-seçki”, “Parlament-parlament” - bu və başqa bütün tamaşalarda öz rolunu uğurla oynayıb. Bəzi şəxslərə və qruplara qarşı məharətlə “istifadə” olunub.

İndi də xəbər yayılıb ki, Prezident İlham Əliyevi, böyüyünün “böyük qardaşı”nı məhkəməyə verir. Ehtimal ki, birincisi, bu, “diri” qalmaq üçün sırf gündəmə hesablanmış bir məsələdir. İkincisi, əgər məhkəmə şikayəti icraata götürəcəksə, “Azərbaycanda demokratiya” görüntüsü yaratmaq üçün bir tamaşadır. Qoy bütün dünya görsün ki, Azərbaycanda necə bir demokratiya mövcuddur və bu demokratiya o həddə çatıb ki, hətta dövlət başçısını belə məhkəməyə vermək olur.

Lap əgər məhkəmə bu işi icraata götüməsə belə, yenə ortada bir hüquqi prosedur cərəyan edəcək və yenə də həmin o "demokratiya" tamaşası uğurla başqa bir formada oynanılacaq. Ümumiyyətlə, yanılmıramsa, bu "məhkəmə" oyununda əsas məqsəd Qarabağda və Qarabağ ətrafında baş verən son olayları arxa plana keçirməkdir. Hər halda, nəyin necə olduğunu daha dəqiq yəqin ki, adətən Prezident Administrasiyası ilə müzakirələr apararaq Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, hətta Gömrük Komitəsi ilə belə kordinasiyalı şəkildə fəaliyyət göstərən Bəxtiyar Hacıyev bilər.

Yeri gəlmişkən, Aqil Hümbətov ad-soyadlı bir Azərbaycan vətəndaşı var. Adam işsiz olduğuna və ailəsini dolandıra bilmədiyinə görə bir dəfə sosial şəbəkə üzərindən uşaq pulu üçün Prezidentə müraciət etmişdi. O-bu, binəva Aqilin günü qaradır. İnzibat həbs bitir, Ruhi Əsəb Dispanserinə salırlar. Bu gün Ruhi Əsəb Dispanserindən buraxırlar, səhəri qaytarıb yenə ora salırlar. Sonra yenə Ruhi Əsəb Dispanserindən buraxırlar, bu dəfə isə tutub həbsxanaya salırlar. Hal-hazırda da türmədədir.

Və bu nümunədən də bəlli olduğu kimi Prezidentə hətta müraciət etməyin belə düşər-düşməzi olan bir Azərbaycanda Bəxtiyar Hacıyev həmin Prezidenti məhkəməyə verir və sonra da bunu qozlu-qozlu (kimsə araşdırsa, bəlkə də bunun Əli Həsənovun qozuna, bir az da dəqiqləşdirsək, içinə soxduqları qoza oxşadığını görər) bəyan edir. Əlbəttə, bu məzhəkənin janrı, ən yaxşı halda, siyasi pamfletdir.

Hakimiyyətdəkiləri və hakimiyyətyönümlüləri başa düşdük. Onlar nə edirlərsə, ağalarının göstərişləri ilə edirlər. Bəxtiyar Hacıyevin kordinasiyalı şəkildə işbirliyində olduğu hökümət qurumlarına da elə lazım olan məhz budur: bütün situasiyalarda sudan quru çıxan bu ictimai-fəalı müntəzəm olaraq əl içində, gündəmdə saxlamaq lazımdır. Həmin məşhuri-cahan lazım gələndə dövriyyəyə buraxıb baş qatmaq üçün. Mənim anlamadığım odur ki, bəs, bu bəzi müxalif(yönümlü)lərə nə düşüb ki, bu “artisti” belə bəh-bəhlə göylərə qaldırırlar.

Əcaba, görəsən, nə vaxta qədər, bütün karyerası bir pamflet olanlarla bizim başımızı qatacaqlar? Və ən dəhşətlisi, bizlər də haçana kimi bu tamaşaları, bu "artist"ləri ciddi fakt kimi qəbul edəcəyik?

Ümumiyyətlə, biz bu və bu kimi xədimlərdən, "artist"lərdən nə zaman imtina edib yerlərində oturdacağıq?

P.S. Azərbaycandakı dostlarımın, tanışlarımın böyük əksəriyyəti teatr və kino xadimləridir. Bu yazıda İsveçrədəki yol yoldaşıma istinadla bir neçə dəfə istifadə etdiyim "artist" kəlməsinə görə yəqin ki, məni məzur tutacaqlar. Onların hər birinə ayrı-ayrılıqda sayğılarımı bildirirəm.
Geri qayıt