Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Şəlalə Əbil. Multikultural cəmiyyət: milli azlıqlar, tolerantlıq və demokratiya

Şəlalə Əbil. Multikultural cəmiyyət: milli azlıqlar, tolerantlıq və demokratiya


23-09-2021, 02:08.
title}


Yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.

CivilAzerbaijan.com
Şəlalə Əbilin “Multikultural cəmiyyət: milli azlıqlar, tolerantlıq və demokratiya” adlı növbəti yazısını təqdim edir:

Şəlalə Əbil

Multikultural cəmiyyət: milli azlıqlar, tolerantlıq və demokratiya


İsveç cəmiyyəti multikulturaldır. Burada yaşayan xalqların öz dillərini, mədəniyyətlərini yaşatmaq, inkişaf etdirmək haqqları vardır.

İsveçdə dövlət tərəfindən təsdiq olunmuş beş etnik milli azlıq (nationella minoriteter) var: samer, İsveç finləri, tornedalinqar, romerlər və bir də yəhudilər. Uyğun olaraq da beş etnik milli azlıq dili var: samer dili, fin dili, meenkieli (Fin dilinin bir dialekti ), romani və yəhudi dili.

İsveç həm də dünyanın hər bucağından gəlmiş müxtəlif xalqların birgə yaşadığı bir ölkədir. Elə bil dünya ovcunun içində olur. Hər gün müxtəlif xalqların nümayəndələri ilə bu və ya digər şəkildə ünsiyyət və münasibətdə olursan.

İşgüzarlığına heyran qaldığım taylandlı iş yoldaşımdan dadından doyulmaz üç çeşid yeməyin bişirmək qaydasını, qızımın hindli məktəb yoldaşından onlara məxsus ecazkar rəqsin bir neçə eləmentini, latın amerikalı qonşumdan tennis oynamağı və seviçe (ceviche) hazırlamağı, təmənnasız şəkildə sevməyi bacaran italyan rəfiqəm Anjeladan (metroda bərkdən və fasiləsiz danışmaq “qabiliyyətini” nəzərə almasaq, dünyanın ən istiqanlı adamıdır, deyə bilərəm) tiramisu hazırlamağı öyrənməklə həyatımıza rəng qatmışıq.

Əminəm ki, hər hansı bir ölkəyə getsək, ən azından “culture shock” (mədəniyyət toqquşmasının şokunu) keçirməyəcəyik. Çünki ölkələr, xalqlar, onların yaşam tərzləri, adət və mədəniyyətləri haqqında azdan-çoxdan məlumatımız var.

Burada yaşayan müxtəlif xalqların, öz dil və mədəniyyətlərini yaşatması və uşaqlarına ötürə bilməsi çox önəmlidir (Mən İsveç dilini öyrənmədən, evində yalnız öz ölkəsinin televiziya kanallarına baxıb cəmiyyətdən təcrid olunmuş bir şəkildə yaşamağı nəzərdə tutmuram!!!).

İsveçdə bir uşağın öz ana dilində (yaxud ailədə danışılan hər hansı bir dildə) danışa bilməsinə çox əhəmiyyət verirlər. Düşünürlər ki, məktəbə getməmişdən qabaq, uşağın artıq fərqli bir dili və mədəniyyəti mənimsəmiş olması zənginlikdir və bu onun isveçcəni öyrənməsinə yalnız və yalnız kömək edə bilər.

Araşdırmalar göstərir ki, birinci dil paralel olaraq inkişaf edərsə, ikinci dilin öyrənilməsini gücləndirər.

Deməli, uşaq evdə valideynləri ilə danışdığı həmin dili nə qədər gözəl bilərsə, məktəbə gedəndə öyrənəcəyi İsveç dilini daha rahat şəkildə qavraya biləcək.

Bağçaya getdiyi zaman uşağın ana dilini (yaxud evdə danışdığı fərqli bir dili) unutmaq ehtimalı isə həddindən artıq çoxdur. Bağçaya getməyə başladıqları andan evdə danışdıqları dili yavaş-yavaş unutmalarını və bunun qabağı asanlıqla alınacaq bir proses olmadığını, uşaqları burada doğulmuş gəlmə ailələr yaxşı bilirlər. Buna görə də ana dilini unutmamaq üçün uşağın evdə valideynləri ilə həmin dildə danışması çox vacibdir.

Amma təkcə bununla da iş bitmir. Dil və mədəniyyəti yaşatmaq, ancaq valideynlərin həll edə biləcəyi bir iş deyil.

İsveç məktəblərində həftədə bir dəfə olmaqla ana dili dərsləri keçirilir (Bu dərslərin hansı səviyyədə olması, həmin ölkə diasporasının bu işdə fəaliyyəti isə başqa bir söhbətin mövzusudur).

Bundan başqa, İsveçdə dövlət tərəfindən maliyyələşən və həmin xalqların dilini, mədəniyyətini qoruyub yaşatmaq məqsədinə xidmət edən dərnəklər (orada milli rəqslər, yeməklər və sair öyrədilir) də fəaliyyət göstərir.

Bir dəfə bağçaya təzə götürülmüş və valideynlərindən ilk dəfə ayrılmanın şokunu, acısını yaşayan yunan əsilli uşaq dayanmadan ağlayanda, nə vaxtsa yunanıstanda yaşamış və yunanca azacıq danışmağı bilən müəllimin hələ heç iki yaşı olmamış bu balacaya ana-atasının onunla danışdığı bir dildə sakitləşdirici sözlər deyərək ovuda bilməsi səhnəsi heç vaxt yadımdan çıxmır.

Ona görə də, bağçaya işə alınan birinin CV-sində isveçcədən başqa hər hansı dili bilməsi müsbət hal kimi dəyərləndirilir.

Milli azlıqların dövlətin dəstəyi ilə öz ana dillərini öyrənərək yaşadıb inkişaf etdirmələri, kimlik və mədəniyyətlərini (təhlükəli və gərəksiz adətlərini deyil!!!) qoruyub saxlamaq cəhdləri, yaşadıqları “cəmiyyəti parçalamaq”, “yerli mədəniyyəti sıxışdırıb aradan çıxarmaq” demək deyildir!

Unutmayaq ki, multikultural bir cəmiyyətdə böyüyən uşaqlar daha çox tolerantdırlar. Onların dünya görüşləri daha geniş, empati qura bilmək bacarıqları isə daha itidir, daha güclüdür.
Geri qayıt