Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır - PREZİDENTƏ MÜRACİƏT

Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır - PREZİDENTƏ MÜRACİƏT


23-09-2021, 18:22.
title}


"Azərbaycan insanını müqəddəs saydığı yaşayış yerləri və qəbiristanlıqların dağıdılaraq, yolların salınması başadüşülən deyil".

CivilAzerbaijan.com
bildirir ki, bu fikirlər Qubadlıdan olan bir qrup ziyalı, keçmiş məmur, hərbçinin ölkə başçısı İlham Əliyevə müraciətində əksini tapıb.

Onlar işğal azad edilmiş Qubadlıda son günlər baş verən yanğınlar və yararlı evlərin dağıdılmasından narahatlıqlarını ifadə ediblər.

Rayon ziyalıları bildirib ki, 2021-ci ilin iyun-iyul aylarında Qubadlı ərazisində böyük sahələri əhatə edən yanğınlar baş verib: "Yanğınların davamlılığı və əhatə etdiyi böyük ərazilər bu yanğınların məqsədyönlü şəkildə törədildiyi şübhələrini yaradır. Qubadlı rayonunun böyük ərazilərində flora və faunanın məhv edilməsi ilə nəticələnən bu yanğınların səbəblərinin araşdırılması və təqsirkarların aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına lazımi göstərişlər verməyinizi xahiş edirik. Eyni zamanda, Qubadlı işğaldan azad edildikdən sonra burada yüzlərlə yaşayış üçün yararlı evlər mövcud idi. Hazırda bu evlər bütövlükdə sökülərək dağıdılıb. Yol tikintisinin planlaşdırılması və icrası zamanı Həkəri çayı boyu kəndlərdə işğala qədər əhalinin yasadıqları evlər və bir çox yerlərdə qəbiristanlıqlar yol xəttinin keçdiyi ərazilərə salınaraq dağıdılıb. Baxmayaraq ki, həmin ərazilərdə yolların salınması üçün alternativ variantlar hər zaman mümkün olub. İşğal səbəbindən bu yerləri tərk etmiş insanların ata-baba yurdlarının (qalıqlarının) dağıdılmasına nə ad vermək olar? Azərbaycan insanını müqəddəs saydığı yaşayış yerləri və qəbiristanlıqların dağıdılaraq, yolların salınması başa düşülən deyil".

Qeyd olunub ki, sosial şəbəkələrdə Qubadlının bərpa planının xəritə üzərində işlənmiş sxemi yayılıb: "Qubadlıda 1993-cü ildə rayonun işğalınadək mövcud olan 93 kənddən rayon mərkəzi və daha 24 birləşdirilmiş kəndlərdən ibarət yaşayış məntəqələrini bərpası nəzərdə tutulur. Sözsüz ki, daha böyük yaşayış məntəqələrində tikinti və idarəçilik az məsrəf tələb edir. Burada normal təhsili, tibb xidməti, nəqliyyat, digər kommunikasiya sahələrini və təchizat işini qurmaq daha az maliyyə vəsaiti tələb edir. Geriyə - öz ata-baba yurdlarına qayıtmaq istəyən əhalinin mütləq əksəriyyəti isə başqa - daha yaxşı şərait vəd edən qayıdış variantını belə, məqbul hesab etmirlər. Haqlı olaraq düşünürlər ki, bu hal bütün Azərbaycan rayonlarında olduğu kimi, keçmiş kolxoz – kooperativ mülkiyyəti olan əkinə yararlı və örüş pay torpaqlarından məhrum olmaq riskini yaradır. Dövlət və müstəqil KİV-lərdə, sosial şəbəkələrdə Qubadlı rayonu ərazisinə aid Yazı və Gəyən düzlərində, Həkəri və Bərgüşadın subasarlarında "AZƏRSUN" və "PAŞA-holdinq"lər artıq təsərrüfat fəaliyyəti ilə məşğuldur. Üstəlik, həmin holdinqlər bu işdə öz maliyyə vəsaitiləri ilə deyil, dövlət subsidiyalarından da istifadə edir. Özü də bu fəaliyyət Qubadlının yerli hakimiyyəti strukturlarının iştirakı olmadan həyata keçirilir. Qubadlı ərazisindəki əkinə yararlı və heyvandarlıq fəaliyyəti üçün əlverişli olan torpaqların digər özəl təsərrüfat vahidlərinə istifadəyə verilməsi birillik müqavilə ilə məhdudlaşdırılmalı və bu müqavilədə tərəf kimi Qubadlının mövcud İcra Hakimiyyətinin yerlərdəki nümayəndələri olmalıdır. Öz el-obasından 30 ilə yaxın köçkün düşmüş həmvətənlərimizin hansı məşəqqətlərdən keçdiyini, fiziki və mənəvi terrora məruz qalmalarını və hansı məhrumiyyətlərə dözdüklərini yaxşı bilirsiniz. İşğala qədərki dövrdə 80-90 (ayrı-ayrı hallarda 100 və daha artıq) il ömür yaşayan insanlar arasında indi 70 yaşı olanlara rast gəlmək nadir hadisədir. Qubadlının əksər kəndlərində son 3 ildə dünyaya körpə uşaqların gəlməsi qeydə alınmır. Yaxın illərdə Qubadlını tanıyan qubadlıların sayı kəskin azalacaq".

Müraciət müəllifləri bildiriblər ki, hazırda Qubadlı rayonunun mərkəzinin və yenidən tikiləcək digər yaşayış məntəqələrinin əkinə yararlı, suvarılan münbit torpaq sahələrində salınmasının planlaşdırılması haqqında söhbətlər eşidilir: "Qubadlı ərazisi kəskin fərqlənən relyefə malik olmadığı üçün, xüsusilə də Qubadlı rayon mərkəzini Bərgüşadın hər iki sahili boyunca Yazı düzü ilə Qubadlı qəsəbəsi arasındakı ərazidə yeni məhəllələrin salınması mümkündür. Hesab edirik ki, yeni tikinti və bərpa işlərinin planlaşdırılan zaman kənd təsərrüfatı üçün yararlı olan torpaqların qorunmasına xüsusi diqqət verilməsi vacibdir. Hazırda Ermənistanla sərhədlərimizin bərpası istiqamətində işlər aparılır. Qeyd etmək lazımdır ki, bu sahədə də ciddi narahatlıq doğuran məqamlar var. Vətən müharibəsində qalib tərəf olmağımıza baxmayaraq, Ermənistan ilə sərhədin Qubadlı rayonu ərazisinə düşən hissəsində sərhəd xətti bizim ziyanımıza olaraq dəyişdirilib. Əliquluuşağı və Davudlu kəndlərinə aid əkin və örüş sahələrinin bir hissəsi ermənilərin nəzarətindədir. Ziyanımıza olan bu dəyişikliklər “Google Earth” proqramında NASA və digər kosmik agentliklərin yerləşdirdikləri şəkil və xəritələrdə də Ermənistan ilə sərhəd xəttinin dəyişdirilməsi Azərbaycanın ərazi itkisinə səbəb olub. Gələcəkdə Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası zamanı bu vəziyyətin diqqətə alınması vacibdir. Artıq rayon ərazisində təsərrüfat fəaliyyətinə başlanılıb. Əhalinin işğaldan azad olunmuş ərazilərə gedib-gəlməsi məsələsində də müəyyən problemlər zaman-zaman sosial şəbəkə və müstəqil medialarda işıqlandırılır".

"Qubadlı rayonu ərazisi düşmənlə uzunmüddətli təmas xəttində olmaması səbəbindən burada eşalonlaşdırılmış müdafiə xətləri yaradılmaması səbəbindən partlayan mühəndis maneələri (minalanmış sahələr) nisbətən az əraziləri əhatə edir. Bu səbəbdən əksər kəndlərdə mina təhlükəsi yoxdur. Bu kəndlərdə ləngimədən mühəndis kəşfiyyatı aparıb, təhlükəsiz ərazi elan etmək mümkündür və həmin kəndlərdə yerli əhalının iştirakı ilə su xətlərini bərpa etmək, həyətyanı sahələri hasarlamaq, meyvə ağacları əkmək, hətta kiçik inşaatçılar şəhərciyi salmaq mümkündür. Təhlükəsizliyi müəyyən olunmuş kəndlərin qəbiristanlıqların da dəfnə icazələrin verilməsi də yaxşı bir addım olardı", - ziyalılar belə deyirlər.

Müraciəti imzalayanlar arasında Qubadlının sabiq icra başçısı Elxan Nuriyev, Nəsimi rayonunun sabiq icra başçısı Əli Quliyev, keçmiş tabor komandirləri Dağbəyi Məhyəddinov, İlham Məmmədli, İlham Xəlilov və digərləri var. Ümumilikdə, müraciəti 100-ə yaxın qubadlılı imzalayıb.

Meydan TV-nin xəbərində qeyd olunur ki, Qubadlı rayonu 1933-cü ildə yaradılıb, inzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrın 25-də isə azad olunub.
Geri qayıt