Əsas Səhifə > Azərbaycan / Melange / Manşet > Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri - AŞPA-nın HESABATI

Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri - AŞPA-nın HESABATI


28-09-2021, 13:20.
title}


Sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında "Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri" adlı hesabat dinlənilib və qəbul edilib. "Assambleya 44 günlük müharibəs zamanı həlak olan və ya itkin düşən adamların sayından sarsılıb", - sənəddə deyilir. Assambleya saxlanılan ermənilərin taleyindən narahatlığını bildirib və Azərbaycan hakimiyyətini bu adamların barəsində Avropa İnsan Hüquqları Məhkəməsinə məlumat verməyə, əsirlikdə qalanların hamısını azad etməyə və onları Ermənistana qaytarmağa çağırıb.

CivilAzerbaijan.com
bildirir ki, hesabatda hər iki tərəfdən əsirlərlə qeyri-insani rəftar, hərbi əməliyyatlar zonasından kənarda dinc əhaliyə qarşı kütləvi qırğın silahlarının tətbiq edilməsi faktlarından danışılır. Erməni qüvvələri ballistik raketlərdən, yaylım atəşli reaktiv sistemlərindən istifadə edib, Azərbaycan qüvvələri isə yaylım atəşli artilleriya və reaktiv sistemlərdən istifadə ediblər.

Assambleya Ermənistan və Azərbaycanı bu və digər iddiaları araşdırmağa, hərbi cinayətlərdə və ya digər hüquqazidd əməllərdə təqsirli bilinən hər kəsi, o cümlədən komandanlıq səviyyəsində məsuliyyətə cəlb etməyə çağırır.

Assambleya hesab edir ki, hər iki tərəf minaları zərərsizləşdirmək üçün birgə çalışmalıdır. Assambleya təəssüf edir ki, noyabr atəşkəsindən sonra 159 azərbaycanlı və 5 erməni həlak olub, yaxud yaralanıb. Assambleya Ermənistanı onda olan bütün minalanmış ərazilərin xəritələrini dərhal təqdim etməyə çağırır.

"Assambleya 2021-ci ilin mayından sərhədin müxtəlif nöqtələrində baş verən insidentlərdən ciddi narahatdır. Ölüm və yaralanma halları olub, erməni əsgərlər isə əsir götürülüb. Odur ki, Assambleya hər iki tərəfi deeskalasiyaya, üçtərəfli bəyanatda razılaşdırılmış mövqelərin saxlanmasına, sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlar aparmağa, sülhyaratma qüvvələrinin və ya hərbi monitorinq qüvvələrinin iştirakı ilə demilitarizasiya zonasının yaradılması imkanlarını öyrənməyə çağırır".

Münaqişə regionun mədəni irsinə dəhşətli təsir göstərib. Assambleya hər iki tərəfin məsuliyyət daşıdığı ziyanı və dağıntıları pisləyir və tövsiyə edir ki, Ermənistan və Azərbaycan ziyanın qiymətləndirilməsi üçün YUNESCO-nun hər iki ölkədə mədəni irs obyektlərinə məhdudiyyətsiz çıxış imkanlarına şərait yaratsın.

Turanın məlumatına görə, Assambleya hər iki ölkəyə nifrətin (o cümlədən dövlət və yüksək vəzifəli şəxslər tərəfindən) qızışdırılmasına, həmçinin nifrət zəminində cinayətlərə qarşı mübarizə üzrə addımlar atmağı tövsiyə edir. Ermənistana və Azərbaycana irəli sürülmüş ittihamları araşdırmaq təklif edilir, sənəddə deyilir.
Geri qayıt