Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Göygöl sakini: Polis başıma, bədənimə bel ilə ağır xəsarət yetirib
Göygöl sakini: Polis başıma, bədənimə bel ilə ağır xəsarət yetirib30-09-2021, 15:33. |
Göygöl rayonunun Çaykənd kənd sakini Fərid Əliyev özü zorakılığa məruz qalıb zərər gördüyü halda, şərlənərək təqsirləndirilən şəxsə çevrildiyini deyir. İddia edir ki, ona qarşı zor tətbiq edənlərin polis əməkdaşı və onun yaxın qohumları olduğuna görə hüquq-mühafizə orqanları bu işi obyektiv araşdırmayıb. “Video polisin yalan danışdığını sübut edir” 41 yaşlı Fərid Əliyev hazırda həbsdə olmasa da, haqqında cinayət təqibi davam edir. Onun işinə Göygöl Rayon Məhkəməsində hakim Qələmdar Abbasov baxır. Çaykənd sakini Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə mühakimə olunur. Xuliqanlıqda ittiham edilən Fərid Əliyev danışır ki, indi işinə baxan hakim Qələmdar Abbasov heç bir günahı olmadığı halda, bir neçə ay əvvəl onun haqqında həbs qərarı çıxarmışdı. Sonradan vəkili onun haqqındakı qərardan apelyasiya şikayəti verib. Müdafiəçi hadisənin görüntülərini də Gəncə Apelyasiya Məhkəməsində təqdim edib: “İttihamda yazılıb ki, guya mən bıçaqla polis əməkdaşı Əlizaman Hümbətova xəsarət yetirmişəm. Amma video bunun yalan olduğunu sübut edir. Çünki həmin görüntülərdə açıq-aşkar görünür ki, əksinə, Əlizaman, onun qardaşı, ata-anası mənim üstümə tökülüşüb, əllərindəki bel ilə mənim başıma, bədənimin müxtəlif nahiyələrinə zərbələr endirirlər. Onların mənə ağır xəsarətlər yetirməsi tibbi rəylə də təsdiqlənir. Videoda o da açıq görünür ki, qatlanan bıçaq Əlizamanın əlində olub, o açır, əlində yellədir. Bu görüntüləri görəndən sonra apelyasiya məhkəməsinin hakimləri mənim barəmdə həbs qətimkan tədbirinin dəyişməsinə qərar verdilər və mən həbsdən buraxıldım...” Fərid Əliyev Çaykənddə meşə gözətçisi olub. Danışır ki, iş növbəsində olarkən vəhşi heyvanlardan qorunmaqdan ötrü üstündə mağazadan aldığı qatlanan bıçaq gəzdirir. Hadisə günü də işdən çıxıb gəldiyini yada salan kənd sakininin sözlərinə görə, dava vaxtı bıçaq belində olub. Onu oradan götürüb açan isə Əlizaman Hümbətovdur. Deyir ki, həmin vaxt onun özünün bıçağa əli dəyməyib: “Mən onların əllərindən zorla qaçdım. Bel, taxta parçalarıyla dörd nəfər üstümə düşübsə, vəziyyətimi təsəvvür edin. Qaçanda dedim ki, “bu dəqiqə 102-yə, prokurorluğa şikayət edəcəm”. Bunu eşidən Əlizaman çənəsinə həmin bıçaqla cızıq atıb ki, guya mən ona xəsarət yetirmişəm. Videoda da görünür, mən heç onunla üz-üzə gəlmişəm ki, xəsarət də yetirim?! Məni arxadan boğazımdan tutub, yerə yıxıb. Yerdə də əllərindəkilərlə başıma, bədənimə vurublar”. “Polislər istəmirdi ki, məni o vəziyyətdə kənar adamlar görsün” Kənd sakini polis əməkdaşı və ailə üzvlərindən şikayətçi olsa da, həmin gün onun özünü saxlayıblar, barəsində cinayət işi başlanıb. O gecə Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə salınan Fərid Əliyevin aldığı xəsarətlərdən vəziyyəti pisləşib. Onu polis şöbəsindən təcili klinikaya çatdırıblar: “Şöbədə yerə yıxıldım, kamerada saxlanılan başqa şəxslər dərhal polisləri çağırdılar. Onlar gecə ilə məni xəstəxanaya çatdırdılar. Orada baş-beyin aparatına saldılar. Rəydən də görünür ki, həm başımda, həm də bədənimdə ağır xəsarətlər var. Orada tibbi yardım göstəriləndən sonra çıxarıb gətirdilər. İstəmirdilər ki, məni o vəziyyətdə kənar adamlar görsün. Üç gün ərzində saxlanmağım haqda heç ailəmə də məlumat verməmişdilər”. Fərid Əliyev həmkəndlisi olan Əlizaman Hümbətov və onun ailə üzvlərilə davanın necə başladığını da danışıb. Onun sözlərinə görə, baş verənlərin kökündə Çaykənddən olan başqa bir polis əməkdaşı Kürdoğlu Hüseynov dayanır: “Kürdoğlu Hüseynov bizim kənddəndir, amma Gəncədə işləyir. Aprelin 6-da mən işdən gələndə zəng elədi ki, səninlə işim var, görüşə bilərik? Bundan təxminən üç gün əvvəl kənddə kənardan gələn bir maşının nömrəsi açılmışdı, kənddə hamı danışırdı. Dedi ki, səninlə bu məsələ ilə bağlı işim var. Maşınının nömrəsi sökülən kimin evinə qonaq gəlmişdisə, onun qızı kənddə mənim dostumun evində yaşayır. Kürdoğluya dedim ki, indi meşədən düşürəm, çatım, gedib o adamla danışaram, soruşaram ki, nə xəbər var? Gedib danışdım, dedi ki, anamgili gətirən taksi olub, tapılıb-tapılmamasından xəbərim yoxdur”. Fərid Əliyevin sözlərinə görə, qadından eşitdiyi bu cavabı polis əməkdaşına telefonla çatdırıb. Bu dəfə Kürdoğlu Hüseynov iddia edib ki, maşının nömrəsini ya o açıb, ya da bu məsələdən xəbəri var: “Dedim, ayıbdır, oğlum yerindəsən, mənə niyə şər atırsan? Ardınca atasına zəng elədim ki, oğlun mənə belə iftira atır. Atası dedi ki, indi zəng eləyirəm ona. Təxminən on dəqiqə sonra bir daha Kürdoğludan zəng gəldi, telefonu açan kimi dedim ki, məndən əl çək, atana da zəng eləmişəm. Hələ də həmin evdəydim, oturdum ki, bir stəkan çay içim, Kürdoğlu evin darvazasından girib, yüksək səslə məni çağırdı. Çıxıb dedim ki, camaatın evində səs-küy salma. Dedi ki, gəl çölə çıxaq, söhbət eləyək. Bununla bərabər darvazadan çıxanda gördüm ki, bir nəfər saqqallı adam dayanıb. Nömrəni tələb elədi, and içdim ki, xəbərim yoxdur. Saqqallı yumruqla sifətimdən vuranda ağzımdakı qapaq diş düşdü. Kürdoğlunun qolundan tutdum, dedim ki, əynində forma var, vurmaq istəmirəm, həddini aşırsan. Həmin vaxt onunla dost olan, həmin ərazidə yaşayan Əlizaman və qardaşı gəldi. Məni arxadan boğazımdan tutub, dartıb yıxdılar, yerdə təpiklədilər. Birtəhər ev sahibinə səsləndim ki, telefonumu gətir, “102”yə xəbər verim, polislər məni döyür. Bunu eşidəndə Kürdoğlu və yanındakı saqqallı hərəsi öz maşınına minib getdi...” “O görüntülərə baxan balaca uşaq da bilir ki, bıçağı polis çıxarıb” Fərid Əliyev deyir ki, elə həmin ərəfədə Əlizaman Hümbətov və qardaşının ardınca ata-anası da gəlib. Həmin vaxt əllərində bel və taxta parçası olub. Əvvəl Əlizaman Hümbətov üzr istəyib, şikayət etməməsini xahiş edib. O, razılaşmayanda isə yenidən dava başlayıb: “Qardaşı söyüş söyüb dedi ki, get, nə bilirsən, elə. Dedim, ayıbdır, qadın xeylağı var. Bunlar iki qardaş, ata və anası məni bellə başıma, bədənimə o qədər vurdular, deyiləsi deyil...” Təqsirləndirilən şəxsin vəkili istintaqda vəsatətlər qaldırıb ki, Kürdoğlu Hüseynovla Fərid Əliyev arasındakı telefon danışıqları araşdırılsın, polis əməkdaşının mobil telefonunun anten dairələri vasitəsilə onun harada olduğu müəyyənləşdirilsin. Müdafiə tərəfini narazı salan odur ki, istintaq bu məsələlərin heç birini araşdırmayıb, videogörüntüyə hüquqi qiymət verməyib: “Bildiyimə görə, prokurorluqda yüksək vəzifədə çalışmış Rəşid Qurbanov Kürdoğlu Hüseynovgilin qohumudur. Onun tapşırığıyla prokurorluq da qərəzli mövqe tutdu, polisin məni şərləməsinə göz yumdu. Düzü, məhkəməyə də bir o qədər ümidim yoxdur. Çünki mənim heç bir günahım olmadığı halda, Qələmdar Abbasov haqqımda həbs qərarı çıxarmışdı. O videoya baxan balaca uşaq da görər ki, bıçağı polis çıxarıb, məni necə ittiham eləmək olar?” Polis: “Başından bel ilə vurdum ki, müqavimətini qırım” Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis bölməsinin əməkdaşı, polis serjantı Əlizaman Hümbətov isə iddia edir ki, Fərid Əliyev bıçaqla ona xəsarət yetirib. Onun sözlərinə görə, qonşuluqlarındakı qadınla qeyri-rəsmi yaşayan Fərid Əliyev hadisə günü orada söyüş söyüb. Qardaşı Nemət Hümbətov bu üzdən ona irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Polis əməkdaşının iddiasına görə, Fərid Əliyev qardaşını bıçaqla vurmaq istəyəndə o, önünə keçib: “Bu zaman məni boğazımdan vurmaq istədi, başımı çəkdim, çənəmə dəydi”. Əlizaman Hümbətov etiraf edib ki, özü də, ailə üzvləri də Fərid Əliyevə bel, taxta parçaları ilə xəsarət yetiriblər. Onun sözlərinə görə, məqsədləri onun əlindən bıçağı almaq olub, bu üzdən onu vurublar. “Başından bel ilə vururdum ki, müqaviməti qırılsın, bıçaq əlindən düşsün...”, - polis serjantının sözləridir. Bu işlə bağlı məhkəmə prosesi davam edir, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |