Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Keçmiş MTN generalının məhkəməsində Ramiz Mehdiyev, Məzahir Pənahov və Zakir Qaralovun həbsi tələb olunub

Keçmiş MTN generalının məhkəməsində Ramiz Mehdiyev, Məzahir Pənahov və Zakir Qaralovun həbsi tələb olunub


12-10-2021, 12:33.
title}


MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev və bu idarənin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədovun məhkəməsi başlayıb. Adları çəkilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digərləri haqqında istintaq dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Oktyabrın 11-də məhkəmənin hazırlıq iclasında hakimlər qərar verib ki, hökm çıxarılana qədər təqsirləndirilən şəxslər haqqında seçilmiş əvvəlki növ qətimkan tədbirləri dəyişdirilməsin.

CivilAzerbaijan.com
bildirir ki, keçmiş MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır.

Təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərov bundan əvvəl mühakimə olunub. Əvvəlcə Bakı Hərbi Məhkəməsi onun 12 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişib və cəzanı 5 ilə endirib.

Vüsal Ələkbərov məhkəmənin hazırlıq iclasında vəsatət qaldırıb ki, prosesin audioyazısı aparılsın: “Bu məhkəmədə mənim işimə baxılmışdı. Məhkəmə iclas protokollarıyla tanış olanda məlum oldu ki, məhkəmədə verilən ifadələr təhrif olunub, bəzi sual-cavablar, vəsatətlər ümumiyyətlə yazılmayıb. Protokollar saxtalaşdırılıb. Ona görə də xahiş edirəm, bu dəfə məhkəmə iclaslarının audioyazısı aparılsın. Məhkəmənin buna imkanı yoxdursa, videokamera və başqa texniki avadanlıqları özümüz təşkil edə bilərik. Yaxud da proses daha şəraitli məhkəmə binasında keçirilsin”.

Prokurorluq işçisi: “Məni girov götürüb, balalarımı gözüyaşlı qoyublar”

Zərərçəkmiş qismində tanınan şəxslərin bir qismi hazırlıq iclasında iştirak edib. Onlar azadlıqda olan üç nəfər təqsirləndirilən şəxsin də həbsini tələb ediblər.

“Cinayət törədilib, mütəşəkkil cinayətkar dəstə məni girov götürüb, pulumu alıb və mən zərərçəkmiş kimi tanınmışam. Mənim haqqımı yeyib, balalarımı gözüyaşlı qoyublar”, - zərərçəkmişlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

Zərərçəkmiş Qulam Bağırov bildirib ki, təqsirləndirilən şəxslərdən üçünün azadlıqda olması onları qıcıqlandırır.

Daha bir zərərçəkmiş deyib ki, onun ailəsinin başına gələnlər nəticəsində həyat yoldaşı ruhi xəstə olub, üç övladı evlərini itirib: “Nəyim varsa, bunlar satdırıb, əlimdən alıblar”.

Hakim zərərçəkmişə: “Hara istəyirsən, get...”

Hakim zərərçəkmişi məhkəmə zalından çıxarmaqla hədələyib. Onun “məhkəmədən çıxarsanız, Prezident Administrasiyasının qarşısına gedəcəm” cavabına hakim “hara istəyirsən, get...” reaksiyasını verib.

Zərərçəkmişlər MTN-də onlardan alınan pulların geri qaytarılması tələbilə məhkəməyə mülki iddialar təqdim ediblər. General və digər təqsirləndirilən şəxslər, onların vəkilləri mülki iddiaların qəbul edilməməsini istəyib.

Məhkəmədə mülki iddiaların verilməsi üçün rüsumun ödənilib-ödənilməməsi məsələsilə əlaqədar mübahisə yaranıb. Vəkillərin bəziləri bildirib ki, cinayət prosesində mülki iddia qaldırılanda rüsum ödəməyə ehtiyac yoxdur, qanunvericilikdə nəzərdə tutulmayıb.

Təqsirləndirilən generalın vəkili Ceyhun Yusifov onun müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. O bildirib ki, Mövlam Şıxəliyev 30 ildən çox dövlətə xidmət edib, ali general rütbəsi daşıyır: “Təqsirsizlik prezumpsiyası var. Şəxsin o formada saxlanması yerli və beynəlxalq hüquq normalarına ziddir. Bir çox işlərdə görmüşük ki, təqsirləndirilən şəxs çıxarılır, vəkilinin yanında əyləşməsinə imkan verilir. Avropa Məhkəməsinin bununla bağlı presedent qərarları da var. Bu adam haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü yoxdur. 30 ildən çox xidmətləri, ali dövlət vəzifəsində olan şəxsin saxlandığı yerə baxın...”

Ceyhun Yusifov pandemiyanı əsas gətirərək, məhkəmə iclaslarında onların hissə-hissə iştirak etməsinin məqsədəuyğun olduğunu bildirib: “Məhkəmə iclaslarına ancaq həmin iclasda dindiriləcək zərərçəkmişlər dəvət olunsun”.

Qanuna görə, zərərçəkmişlərin bütün məhkəmə iclaslarında iştirak etmək hüququ var.

“Nəhayət, dəmir yumruq bunların kəlləsinə dəydi”


Mövlam Şıxəliyev

Zərərçəkmişlərdən Əfsər Həsənəliyev cinayət işinin istintaqa qaytarılmasını, keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, MSK-nın keçmiş katibi Natiq Məmmədov, Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri Vüqar Nəsibov, Qasım Məmmədov, Əli Babayev və digər vəzifəli şəxslərin də cəzalandırılmasını vacib hesab edir. Onun fikrincə, uzun illər əvvəl MTN-də müxtəlif adamlara qarşı törədilmiş cinayətlərə indiyə qədər obyektiv hüquqi qiymət verilməməsində onların da günahı var.

MSK-nın keçmiş sədr müavini Natiq Məmmədov təqsirləndirilən şəxslərdən Yasin Məmmədovun qardaşıdır.

Təqsirləndirilən Sahib Ələkbərov isə təqsirsiz olduğunu bildirərək, barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. O, xidmətlərinin nəzərə alınmasını xahiş edib.

Sahib Ələkbərovun çıxışı zərərçəkmişlərin etirazına səbəb olub: “Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, prezident İlham Əliyevin dəmir yumruğu bunların hamısının kəlləsində oldu...”

Mövlam Şıxəliyev də haqqındakı cinayət işinə xitam verilməsini istəyib: “Bu adamların heç biri mənə pul verməyib. Bu ittiham aktı fərziyyələrlə tərtib olunmuş bədii əsərə bənzəyir. Vüsal Ələkbərovun əvvəlki ittiham aktını götürüb, bu dəfə onun adının qarşısına mənim adımı yazıblar. Nə Ali Məhkəmənin Plenum qərarlarına, nə qanunlara əməl olunub”.

Zərərçəkmiş Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyev həbs olunmamışdan əvvəl onun yanına bir nəfəri göndərib, 300 min dollar pul təklif edib.

Hakim yenə zərərçəkmişin sözünü kəsib, fikrini tamamlamağa imkan verməyib.

Sabiq MTN-çilərin məhkəməsinə media nümayəndələri buraxılmayıb. Hakim məhkəmədə təqsirləndirilən MTN-çilərə üzünü tutaraq, jurnalistləri məqsədli şəkildə buraxmadığını deyib: “Görürsünüz ki, heç bir jurnalisti də bura buraxmamışıq...”

Məhkəməyə təqsirləndirilən şəxslərə dövlət hesabına təyin olunmuş vəkillər də dəvət olunub. Lakin onlar imtina edərək, ailə üzvlərinin müqavilə bağladığı müdafiəçilər olduğunu bildiriblər. Təyinatla gələn vəkillərin zalda qalıb prosesi izləməsiylə bağlı məsələyə isə hakim belə cavab verib: “Açıq məhkəmə prosesidir, kim istəsə, oturub izləyə bilər...”

Amma digər tərəfdən də açıq məhkəmə prosesinə qadağa qoyduğunu etiraf edib.

Sabiq MTN-çilərin işi üzrə məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var, Meydan Tv-nin məlumatında qeyd olunur.
Geri qayıt