Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Şəlalə Əbil. Dostum ərik ağacı - HEKAYƏ

Şəlalə Əbil. Dostum ərik ağacı - HEKAYƏ


23-10-2021, 19:04.
title}


Azərbaycanlı yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.

CivilAzerbaijan.com
Şəlalə Əbilin ”Dostum ərik ağacı” adlı hekayəsini təqdim edir:

Şəlalə Əbil

Dostum ərik ağacı


Bu söhbəti ilk dəfə kim çıxarıb özündən, kim dilə-daşa salıb, bilmirəm. Bildiyim tək odur ki, lap balacalığımdan, ağlım kəsəni, bizə gələn qohum-əqrəbanın gəliş səbəbindən, danışdıqları söhbətin mövzusundan asılı olmayaraq mütləq hərlənib- fırlanıb, heç olmazsa, bir dəfə də olsa, o zəhləm getmiş sözü, bic-bic gülümsəyərək, göz-qaşları ilə mənə işarə edib deyərdilər: “Eldarın deyiklisi bu qızdı?”.

Sonra da xısın-xısın gülərdilər. Mənsə, hər dəfə belə atmacalardan sonra, üstümə iyrənc bir şey yapışıbmış kimi çimçəşər, hirslənər, amma utandığımdan bir söz deyə bilməzdim. Gücüm ancaq bu işdə, bəlkə də, mənim qədər günahsız olan bibim oğlu Eldara nifrətimi daha da artırmağa çatardı. Evimizə qonaq gələndə bu “deyikli” məsələsinin yadlarından çıxması üçün allaha yalvarardım.

Anam halımdan anlayardı və hər dəfə “Uşağın yanında elə şeylər danışmayın, siz allah, o oxumaq istəyir” deyərdi. Amma, mənə görə, daha sərt deməliydi. Elə sərt ki, ondan sonra heç kəs cəsarət edib bir daha bu sözü ağzına almasın. Onun belə mülayim etirazının səbəbini böyüyəndə başa düşdüm. Bu “fövqəladə” fikrin yaradıcısı, anamın “Şirinbacı” adlandırdığı böyük bibim Xanım idi. Bir qız uşağına görə bibimə sərt şəkildə etiraz isə anamın həddi deyildi.

Hələ bu azmış kimi bibim hər dəfə eşidəndə özümü aşağılanmış, təhqir olunmuş hiss etdiyim bir ayama ad da taxmışdı mənə: “Bitdiyən”.
Uşaq vaxtı bişmiş soğan və pomidoru yeməzdim. Sonralar pomidorla aram düzəlsə də, soğanla ulduzum heç barışmadı (indi də yemirəm). Anam da yeddi uşağın hərəsinə bir yemək bişirəsi deyildi ha!

Məni nəzərə alıb, soğanı bir az artıq qızartsa da, yenə istədiyim kimi olmurdu. Yaxınlıqda yaşadıqları üçün bibim bizə tez-tez gələrdi. Süfrədə hamı yeməyini yeyib qurtarar, mənsə hələ də xörəyimdəki soğan və pomidorları çıxarıb, boşqabımın yanlarına yığmaqla məşğul olardım. Yəqin buna görə “Bitdiyən” qoymuşdu adımı.

Haradan baxıramsa baxım, sankı bibim bu adı mənə “Minnətiniz olsun ki, mız-mızı qızınızı oğluma alıram!” havası ilə taxmışdı. Bəzən gizlətmədən dodağının altında mızıldanaraq: “Bu bitdiyən mənim evimin işini necə görəcək?” deməyi də vardı.

Bibimgilin evi məktəbə gedən yolun üstündə yerləşirdi. Hər gün ən azı iki dəfə onların darvazalarının yanından keçəndə “deyikli” və “bitdiyən” sözləri yadıma düşür və qanım qaralırdı.

Bir dostum vardı - ərik ağacı. Ondan heç nəyi gizlətməzdim, hətta gündəliklərimə yazmadığım şeyləri belə. Əslində, gündəliyimlə də çox səmimi olmuşam, ondan gizlətdiyim çox şey yox idi, amma bu dəftərlərin nə zamansa ələ keçə, başqaları tərəfindən oxuna bilinəcəyi qorxusunu həmişə özümlə daşımışam. Ərik ağacının isə ağzı bütovdü, güvənmək olardı ona, ölsə də, heç kəsə bir kəlmə belə deməzdi.

Ərik ağacını bəzən qucaqlayıb ağladığım, hətta hönkürdüyüm, bəzən də xoşbəxtlikdən uça-uça gəlib gövdəsinə sarılıb: “Onsuz da hər şeyi bilirsən!” dediyim vaxtlar çox olub.

Ərik ağacı, doğrudan da, hər şeyi bilirdi və həmin günü o da mənim qədər yaxşı xatırlayırdı.

Doqquzuncu sinifdə oxuyurdum. Məktəb koridorunda palto və gödəkcələrimiz üçün qoyulmuş asılqanlarda yer çatışmadığından həmişə basırıq olardı və oradan hərənin öz paltosunu tapması çox müşkül məsələ idi. Həmin gün dərsin sonunda mən özümkünü tək bir asılqandan, üstündə və altında heç bir palto və gödəkcə olmadan tapdım. Qəribə idi, elə bil kimsə əli ilə qoymuşdu.

Əynimə geyinib əlimi cibimə salanda orada bir kağız olduğunu gördüm. Sonra evə gedən yolda kağızı açıb oxumuş və neçə vaxtdan bəri paralel “B” sinfində oxuyan Kənan adlı oğlanın, fənlərə görə sinif dəyişdiyimiz zaman məktəb koridorunda tez-tez qarşılaşdığımızı və heç də mənim düşündüyüm kimi təsadüf olmayan baxışlarını xatırlamış, necə deyərlər, barmağımı dişləmişdim.

Kənan həmişə gözəl geyinən, dilli-dilavər, zarafatcıl, ətrafında çoxlu dostları olan yaraşıqlı bir oğlan idi. Məktəbin o biri tərəfindəki kənddə yaşayırdılar və yollarının üstündə kiçik bir dükanları da vardı.

Kağızda şeir yazılmışdı və sonunda da hər misranın baş hərfini dalbadal düzəndə sevdiyi qızın adı alınacaqmış ki, bu da mənim adım idi.
Şeir işə yaradı, yaramadı, deyə bilmərəm, amma sonradan Kənan haqqında düşünməyə başladım. Çox düşünürdüm, lap çox, hər gün, hər saat, hər dəqiqə və hər an. Bu, nə idi? Sevgimi? Beləmi olur sevgi? Bu sözü dilimə gətirməyə belə utanırdım, amma bir adamı bu qədər düşünmənin başqa adı nə idi, bəs?

Koridorda onun baxışları ilə rastlaşmaq həmin günümün sevinci, anlamı idi. Evə gələndən sonra gündəliyimə belə yazırdım: “Bu gün həftənin üçüncü günüdür. Kimya dərsi bizdən sonra “B” sinfinə idi və biz otaqdan çıxanda onlar içəri girmək üçün artıq qapının ağzında durub gözləyirdilər...Day deyəsi bir şey qalmadı. Bu gün elə yaxşıyam ki! Səni də çox sevirəm, gündəliyim!”

Özümə etiraf edə bilməsəm də, bu, sevgi idi, mənim ilk sevgim.

Sonra bizə ünvansız zənglər gəlməyə başladı və mən diksinərək qaçıb, əlim-ayağım əsə-əsə bu zənglərə cavab verəndə, xəttin o başındakı adamın nəfəs almasından belə onun Kənan olduğunu bilirdim. Belə zənglərin birində, axır ki, səsi çıxdı və o özünü tanıtdı. Çox vaxtı evdəkilərdən utanıb, ya da ehtiyat edib çətin də olsa, cavab vermədən asardım telefonu.

Uyğun zaman olanda isə özümə əngəl ola bilmirdim və biz məktəb, müəllimlər barədə bir az söhbət edirdik. Yalnız mənim, gündəliyimin, ərik ağacının və onun bildiyi bir sirri bütün gücümlə kimsəyə biruzə verməməyə çalışırdım.

Necə oldu ki, mən sevdim? Mən ha! Keçi kimi ora-bura atlayan, bağda yaşıl otun üstünə uzanıb, saatlarla göy üzünün maviliyinə baxıb hələ də topa buludların üstündə gəzə bilmə kimi xəyallardan əl götürə bilməyən, ərik ağacından və gündəliyindən ibarət bir dünyası olan və bu dünyanın qapılarını kiməsə açmaq istəyindən çox-çox uzaq olan biri!

Yay gecələri pəncərə önündə yer tutan çarpayısında uzanıb kitab oxuyan, gah qəhrəmanının taleyinə acıyıb ağlayan, gah sevinib xısın-xısın gülən, gah da bayır tərəfdən miçətkənə yapışıb içəri keçə bilməyən cücülərə baxa-baxa fərqli həyat hekayələri quraşdıraraq xəyal dünyasında yaşayan biri...

Günlər keçirdi. İçimdə, bütün gücümlə sıxıb saxladığım, boğulsam da kimsəyə bildirmədiyim, ona isə yalnız məktəbdə ani toqquşan baxışlarımla ötürə bildiyim, özümdən də böyük olan bir sevgini daşıyırdım.

Atam icazə vermədiyinə görə işləyə bilməsə də, özü təhsil aldığı üçün anamın ən böyük arzularından biri bizim də ali məktəbdə oxumağımız idi. Atam isə universitetdə onunla birgə oxuyan qızların nə “hoqqalardan” çıxdığını yaxşı bildiyi üçün, bizim orta məktəbdən sonra evdən ayrılaraq, Bakıya gedib ali təhsil almağımızı istəmirdi.

Dediyinə görə, oxuduğu o boyda universitetdə “gəzməyən” təkcə bir qız varmış, özü də hörükləri uzun imiş. Onun kimi ağıllı olsun deyə, həmin qızın adını böyük bacıma qoymuşdu atam. Bacımın da hörükləri uzun idi. Amma atam ona, təhsilini davam etdirməsinə anamın bütün yalvarışlarına baxmayaraq icazə verməmişdi. Böyük bacım da hirslənib, uzun hörüklərini kəsmişdi.

Atam hər yay dincəlmək üçün Krim, Kislovodsk, Yessentuki sanatoriyalarına gedərdi, heç bir dəfə də olsun, anamı özü ilə aparmayıb. Oradan da qayıdanda çamadanının içəri yan cibində qızlarla, qadınlarla şəkillərini görərdik, heç gizlətməzdi də. Soruşanda da bığaltı gülümsünərək,“Bu medsestradı”, “Həə, bu qonşu otaqda qalırdı”, “Bizim həkimin qızıdı da...” kimi cavablar verərdı. Anam şəkillərə gözünün ucu ilə də baxmazdı. “Nəəcəb qısqanmırsan?” deyə soruşanlara da əlini yelləyib, kədərlə “Əşş, onlar müvəqqəti əyləncələrdi...” deyərdi.

Mənsə həmişə, anamın bu cür şəkilləri olsaydı, atamın nə cür qarşılayacağını təsəvvür etməyə çalışırdım, amma düşünülməsi belə mümkün deyildi.
Anam evdə təhsil almağımızın davasını çox eləyərdi, sözün əsl anlamında, atamla mübarizə aparardı. Belə bir vaxtda, kimi isə sevmək və dilə-dişə düşüb, anamı pis durumda qoymaq, atamın da təhsilimizi davam etdirmək, universitetedə oxumağa görə Bakıya getməyimizə razı olmaması üçün əlinə əsas vermək, istəyəcəyim axırıncı şey olardı.

Ona görə bütün gücümlə hisslərimi cilovlamağa çalışır, kiminsə şübhələnməsi üçün azacıq da olsa, imkan vermirdim.

Bir gün riyaziyyat dərsində müəllim tamamilə təbaşirə bulaşmış lövhə silgisini aparıb bayırda çırpmağımı istədi. Məktəbin həyətinə çıxıb silgini yaxşıca çırpandan sonra təbaşirin tozundan ağappaq olmuş üst-başımın da bir az çırpılmağa ehtiyacı olduğunu gördüm. Məktəbin yan tərəfindən axan kiçik arxda əllərimi yuyub əyin-başımı səhmana salanda, qulağıma səslər gəldi.

Bu, idman dərsindən boş qalmış “B” sinfinin oğlanlarının səsi idi, bir az uzaqda, ağacın altına yığışıb söhbət edirdilər. Kənanın səsini eşidəndə, çömbəldiyim yerdəcə dayanıb qaldım, dinləməkdən özümü saxlaya bilmədim. Məktəbin qızları müzakirə olunurdu. Qızları oğlanların onlara elədiyi eşq elanından sonra verdikləri reaksiyaya, cavaba görə, “ağıllı” və “ağılsız” deyə qruplara ayırırdılar.

Bir qız ona çatdırılmış sevgi məktubuna müsbət cavab verib, xoş sözlər yazardısa, ya da sevgisini hər hansı bir şəkildə biruzə verərdisə, bu, həmin qızın “ağılsız” olması demək imiş. Belə məsələlərdə oğlanlarla kobud danışan, hətta onları söyən qızlarsa “ağıllı” sayılırmış.

Birdən öz adımı eşitdim. Susdular. Kimsə mənim, sinfin ən gözəl və yaxşı dərs oxuyan qızı olduğumu söylədi. Bir başqası da onun sözünü təsdiqləyib mənim haqqımda ”pis” bir şey eşitmədiyini söyləyəndə, Kənanın onlara cavabını aydın eşitdim:

- Siz nə bilirsiz, axı? Bəlkə, o da birini sevir və hətta onunla söhbət də edir?
- Bəlkə də. Amma biz eşitməmişik.
- Hardan biləsiz ki?! -Qısa bir aradan sonra əlavə etdi. -Çünki o mənimlə danışır. Biz saatlarla telefonda söhbət edirik.
- Onda bu lap “Suyun lal axanı, adamın yerə baxanı” oldu ki! - deyib gülüşdülər.

Beləliklə, mən də “ağılsızlar” siyahisinə düşdüm və məni bu siyahiya salan da məhz elə Kənan özü oldu.

Sarsılmışdım! Onlar məni görmədən oradan uzaqlaşıb sinfə qayıdanda ağlım-başım üstümdə deyildi. Təhqir olunmuş, yaralanmış sevgi hissimlə nə edəcəyimi bilmir, hönkürüb ağlamaq istəyirdim.

Həmin gün evimizə çatanda ərik ağacımı qucaqlayıb ürəyimi boşaltmaq üçün birbaşa bağa qaçmaq istəyirdim ki, evdə qonaq olduğunu, uzaq qohumlarımızdan birinin balkonda oturub çay içdiyini gördüm. Salamlaşıb otağa girmək istəyəndə, arxamca yavaş səslə deyilmiş sözlərin içərisindən “deyikli”ni qulağım çaldı və illərdir içimə yığılmış, mənə əziyyət verən bu iyrənc kəlməyə qarşı olan nifrət və qəzəbim bugünki sarsıntımın verdiyi kədərə qarışdı.

Hönkürərək dönüb:
- Deməyin! O sözü mənə bir də deməyin! O sözü bir daha ağzınıza alıb danışmayın! - deyə qışqırdım.
Sonra da sürətlə pilləkanları enib bağımıza tərəf götürüldüm.

Bağın dibinə, ərik ağacıma tərəf qaçırdım, o, artıq hər şeyi bildiyi üçün bir söz söyləməyimə ehtiyac yox idi. Gah ona sarılıb, gah da bütün qəzəbimlə gövdəsini yumruqlayıb hönkür-hönkür ağlayırdım.

Həmin gün mənim üçün “deyikli” sözünün əbədi ölümü, hələ fidan olan ilk sevgimin isə diri-diri gömülən günü idi.
Geri qayıt