Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > MHİ: Toplum TV-yə hücum - ifadə azadlığına cinayətkar qəsddir
MHİ: Toplum TV-yə hücum - ifadə azadlığına cinayətkar qəsddir4-11-2021, 12:35. |
"3 noyabr 2021-ci ildə erkən saatlarda Toplum TV-nin Facebook səhifəsinə dağıdıcı haker hücumu baş verib". Civilzaerbaijan.com bildirir ki, bu barədə Media Hüququ İnstitutunun (MHİ) açıqlamasında deyilir. Toplum TV-nin qurucusu, tanınmış media hüququ eksperti Ələsgər Məmmədlinin verdiyi xəbərə əsasən kimliyi bəlli olmayan cinayətkarlar bu məqsədlə onun mobil telefonuna haker basqını edib FB hesabına soxulublar. Onlar Ələsgər Məmmədlinin şəxsi məlumatlarını, şəxsi yazışmalarını tam olaraq kontrol altına alıblar. Baş vermiş bu cinayətkar hücumun əsas məqsədi Toplum TV-nin FB səhifəsini ələ keçirmək olub. "Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Yəni, mövcud nömrəmə gələn SMS-lər paralel olaraq telekommunikasiya qanunvericiliyinə görə sistemə texniki nəzarət edənlər tərəfindən istifadə edilib", deyib Ələsgər Məmmədli. Mobil telefona, kompüterə belə apaçıq, maneəsiz soxulmanı telekommunikasiya xidmətləri göstərən qurumların əlbirliyi olmadan etmək çox çətindir. Üstəlik, arsız davranış sərgiləyən bu cinayətkarlar cəzasız qalacaqlarına, qorunma altında olduqlarına tam arxayın olduqlarını göstəriblər. Əks halda hökumətin ölkədə telekommunikasiya güvənliyinə məsul qurumlarının, xüsusi xidmət orqanlarının asanlıqla tapıb üzə çıxara biləcəyi bu cinayəti belə çəkinmədən, meydan oxuyucu tövrlə etməzdilər. Toplum TV-nin FB səhifəsinə soxulanlar tanınmış jurnalist Şəmşad Ağanın təqdimatında "Toplumda Debat" verilişinin müxalif AXCP və Musavat Partiyaları rəhbərləri ilə olan canlı müzakirələrinin videoları siliblər. Üstəlik, Toplum TV-nin işinə zərər vurmaq üçün onun FB səhifəsindən bir neçə min bəyənişi də ləğv ediblər. Baş verənlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələri ilə nəzərdə tutulan kibercinayət hadisəsi olduğu göz qabağındadır. Həmin Məcəllənin 155 və 156-cı maddələrin qadağan etdiyi əməllərin törədilməsi də açıq-aşkardır. Cinayət işi başlanması, cinayət törədənləri və onlarla əlbir olanları, o cümlədən kommunikasiya qurumlarının məsul şəxslərini aşkar etmək, məsuliyyətə cəlb etmək üçün tam əsaslar vardır. “Baş verən müdaxilə ifadə azadlığına, şəxsi həyatın gizliliyinə, fərdi məlumatların təhlükəsizliyinə kobud müdaxilədir və cinayət əməlidir. İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm”, - deyə Ələsgər Məmmədli bəyan edib. Öz növbəsində MHİ bayanatında qeyd edir ki, bu cinayətin hədəf seçdiyi ictimai dəyər sadəcə bir media qurumunun normal işləməsi deyil. Sadəcə bir və ya bir neçə şəxsin şəxsi həyat məlumatlarının qanunsuz ələ keçirilməsinin həmin şəxs üçün törətdiyi fəsadlar, mənəvi-psixoloji sarsıntılar və maddi itkilər deyil. Bunlar öz özlüyündə böyük zərərlər olsa da törədilmiş cinayətin yanakı etkiləridir. “Baş verən bu qanunsuzluğun birbaşa hədəfi məhz ifadə azadlığı dəyəridir. Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququnun, hər cür informasiyaları və ideyaları… şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququnun cinayətkar hərəkətlətlə pozulmasıdır. Cəmiyyətin toplumda baş verənlərlə bağlı fərqli fikir və rəylər eşitmək, müzakirələr aparmaq haqqına, siyasi debatlar azadlığına hücumdur”, - daha sonra MHİ-nin açıqlamasında deyilir. Cəmiyyəti, şəxsləri və quruluşları belə cinayətlərdən qorumalı olan hökumətin, onun güvənlik və cinayət axtarışı və təqibi üçün məsul olan qurumlarının işə başlamaları zamanıdır. “Ümid edirik ki, bu məsul qurumlar Konstitusiyamızın, qanunlarımızın, insan haqları və azadlıqlarının belə cinayətlərdən qorunduğunu işdə sübut etmək üçün zəruri əməli addımların atılmasını gecikdirməyəcəklər”, - MHİ-nin bəyanatının sonunda vurğulanır. Geri qayıt |