Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət olunub

Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət olunub


13-11-2021, 15:48.
title}


Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Saleh Rüstəmli 8 gündür ki, aclıq edir. Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan amnistiya aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Civilazerbaijan.com
bildirir ki, bu gün vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin müalicə müəssisəsində onunla görüşüb.

“Saleh Rüstəmovvun səhhəti getdikcə pisləşir. Çox halsızdır, artıq hərəkət etməkdə çətinlik çəkir”, - vəkil qeyd edib. Onun sözlərinə görə, Rüstəmov həkim nəzarətindədir.

“Noyabrın 12-də Ombudsman Aparatının nümayəndələri həkimlə birgə ona baş çəkiblər. Nəbzi 120-yə qalxıb, təzyiqi hələ normaldır. Ağzında yaralar əmələ gəlib”, - vəkil bildirib.

O, Rüstəmovun aclığı dayandırması və quru aclığa keçməməsi üçün yaxınlarının xahişini ona çatdırıb: “Təəssüf ki, o, xahişi qəbul etmədi və qərarında israrlı olduğunu bildirdi. Noyabrın 16-dan quru aclığa bağlayacağını dedi. İndi onu ayrı otağa köçürüblər. Əvvəl saxlanıldığı karsdan (cərimə təcridxanası-red.) fəqrli olaraq burada şərait normaldır, istilik sistemi var”.

Bu gün Müdafiə Xətti hüquq- müdafiə təşkilatı Saleh Rüstəmovun azadlığa buraxılması xahişilə ölkə prezidentinə müraciət edib.

Sənəddə deyilir ki, Saleh Rüstəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub, həbsdə olduğu zaman 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrı-seçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanılıb.

“Cənab prezident, Müdafiə Xətti hüquq- müdafiə təşkilatı əminliklə bildirir ki, Saleh Rüstəmov cəza təhdidi altında qadağan olunmuş hansısa ictimai təhlükəli əməl, hər hansı təqsir doğuracaq hərəkət sahibi deyil, cəmiyyətdə xüsusilə, hüquq ictimaiyyətində şübhə doğurmur ki, o, Rusiya Federasiyasında qurduğu kiçik biznesindən əldə etdiyi leqal gəlirlərdən partiyadaşlarına, eləcə də siyasi məhbuslara və ailələrinə maddi yardım ayırdığına görə cinayət təqibinə məruz qalaraq qanunsuz şəkildə cəzalandırılıb. Müdafiə Xətti hüquq- müdafiə təşkilatı olaraq sizdən xahiş edirik: Saleh Rüstəmovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində davam etdirdiyi aclıq aksiyasına diqqət göstərib haqlı tələblərinin baxılmasına göstəriş verəsiniz, əks təqdirdə, nə qədər arzuolunmaz olsa da o, ölüm aclığının keçirilməsində qərarlıdır ki, bunun da faciəvi sonluqla bitməsi tamamilə mümkündür”, - müracətdə qeyd edilir.

Hələlik Penitensiar Xidmət və başqa aidiyyatı rəsmi qurumlardan bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıblar. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Turanın məlumatına gğrə, açıqlamada Saleh Rüstəmovun Rusiyadan Azərbaycan Xalq Cəbhəsi Partiyasına pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar biliniblər.
Geri qayıt